Məhkəmə qərarları › İş №2-1(112)-6004/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6004/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6004/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 809 saylı xx.xx.2010-cu il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində adın “Mədinə”dən “Nərgiz”ə dəyişiklik (düzəliş) edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASAN Xidmət mərkəzinə müraciət etdiyi zaman təsadüf nəticəsində öyrəndi ki, qızı - X5 (doğum tarixi: xx.xx.2010-cu il) Şabran rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 809 saylı xx.xx.2010-cu il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində ad “Mədinə” olaraq qeyd olunub və səhvə yol verilib. Belə ki, doğum faktı qeydə alınarkən Şabran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ seriyalı 587171 nömrəli ilkin doğum haqqında şəhadətnamədə qızının adı “Nərgiz” olaraq qeyd olunmuşdur. Həmçinin, Səyyar-ASAN4 tərəfindən verilmiş AZE seriyalı 12853335 nömrəli şəxsiyyət vəsiqəsində ad “Nərgiz” qeyd olunmuşdur. Bu günə qədər məktəbdə, digər sənədləşmə işlərində, hər zaman qızının adı “Nərgiz” olaraq bilinmiş və belə bir səhvin mövcudluğundan xəbəri olmayıb. Məsələ ilə əlaqədar, Ədliyyə Nazirliyinin müvafiq qurumlarına, həmçinin Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etdiyi zaman sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydinə düzəliş etməyin mümkün olmadığını və qeyd olunanlara əsasən məhkəməyə müraciət etməyi tövsiyə olundu.

3. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Şabran rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 809 saylı xx.xx.2010-cu il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində ad “Mədinə”, Şabran rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 587171 nömrəli doğum haqqında şəhadətnamədə, Səyyar-ASAN4 tərəfindən verilmiş AZE seriyalı 12853335 nömrəli şəxsiyyət vəsiqəsində ad “Nərgiz” qeyd olunmuşdur. Bildirirk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Sənədlər arasında ziddiyyət olduğu üçün tərəfimizdən doğum haqqında akt qeydinə düzəliş etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.”

4. Cavabdeh tərəfindən məhkəmə sərəncamına uyğun olaraq verilmiş iddiaya dair münasibətdə bildirilmişdir ki, İddiaçı şöbəyə Şabran rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 809 saylı xx.xx.2010-cu il tarixli doğum haqqında akt qeydində adın “Mədinə”dən “Nərgiz”ə düzəliş edilməsinə dair müraciət etmiş, lakin kifayət qədər əsaslar olmadığından ərizənin tərəfindən icrası mümkün olmamışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə keçiriləcək işə nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. AZE 12853335 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. Vəsiqədə şəxsin adı “Nərgiz” kimi göstərilmişdir.

12. AZ-İİ 587171 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur, atası İddiaçı, anası X1r. Şəhadətnamə xx.xx.2010-cu il tarixdə verilmişdir, şəxsin adı “Nərgiz” kimi göstərilmişdir.

13. İddiaçıya məxsus AZ-İ 342288 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il təvəllüdlü X4 ilə xx.xx.2007-ci il tarixdə birgə nikaha daxil olmuşdur, sonuncuya Qafarova soyadı verilmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü X5 deyil, xx.xx.2010-cu il təvəllüdlü X6 doğum aktı aşkar olunmuşdur və qeyd olunan akt qeydinin surəti məhkəməyə təqdim olunmuşdur. - 809 saylı xx.xx.2010-cu il tarixli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətinə əsasən Qafarova Mədinə xx.xx.2010-cu il tarixdə Şabran rayonunda anadan olmuşdur, atası xx.xx.1979-cu il təvəllüdlü İddiaçı, anası xx.xx.1981-ci il təvəllüdlü X2r.

IV. Məhkəmənin mövqeyi

15. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının xx.xx.2010-cu il təvəllüdlü qızına məxsus xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamədə adı “Nərgiz”, həmin tarixli doğum haqqında akt qeydində isə adı “Mədinə” kimi, daha sonra tərtib edilmiş hüquqmüəyyənedici sənəd - AZE 12853335 nömrəli şəxsiyyət vəsiqəsində adı “Nərgiz” kimi qeyd olunmuşdur. İddiaçı qızına məxsus doğum akt qeydində adının “Mədinə” kimi deyil, “Nərgiz” kimi qeyd olunaraq həmin sənəddə düzəliş edilməsini xahiş edir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, Nərgiz qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, Nərgiz qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

18. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

19. Belə ki, iddiaçının qızının şəxsiyyət vəsiqəsi mövcuddur, Səyyar-ASAN 4 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində ad qrafasında şəxsin adı “Mədinə” deyil, “Nərgiz” olaraq qeyd olunmuşdur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

21. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınmışdır.

22. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, həmin şəxsin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan AZ-İ 587171 nömrəli doğum haqqında şəhadətnamədə şəxsin tam adının “X10” deyil, “X9” olması müəyyən edilir.

23. Göründüyü kimi iddiaçının qızının doğum haqqında şəhadətnaməsi mövcuddur. xx.xx.2010-cu il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməsində adının “Nərgiz” kimi qeyd olunmasına baxmayaraq, aşkar olunan doğum haqqında akt qeydində onun adı “Mədinə” olaraq göstərilmişdir. Hər iki sənəd eyni tarixdə (13 dekabr 2010-cu ildə) verilmişdir.

24. Həmçinin nəzərə alınmalıdır ki, ona məxsus şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və doğum haqqında akt qeydində doğulduğu yer və tarix, ata və ana qrafalarında göstərilmiş məlumatlar eynilik təşkil edir. Belə ki, həmin sənədlərdən şəxsin xx.xx.2010-cu il tarixdə Şabran rayonunda doğulduğu, atasının xx.xx.1979-cu il təvəllüdlü İddiaçı, anasının xx.xx.1981-ci il təvəllüdlü X3 olduğu görünür. Odur ki, həmin sənədlərin eyni bir şəxsə məxsus olması iş materialları ilə təsdiq olunur, cavabdeh isə qeyd edilən halları araşdırmadan müraciəti təmin etməkdən imtina etmişdir.

25. Beləliklə, cavabdeh qeyd olunan doğum haqqında akt qeydinin iddiaçıya məxsus olmasını müəyyən etmək üçün kifayət qədər əsas olmaması səbəbindən imtina etməklə haqlı olmamışdır.

26. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının qızının adının “Nərgiz” olduğunu nəzərə alaraq hesab edir ki, onun doğum haqqında akt qeydində düzəliş edilməli və onun adı “Mədinə” kimi deyil, “Nərgiz” kimi göstərilməlidir.

27. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı: İddia təmin edilsin. 809 saylı xx.xx.2010-cu il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində adın “Mədinə”dən “Nərgiz”ə dəyişiklik (düzəliş) edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar