Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6008/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı torpaq sahəsinə dair plan ölçü verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 01.07.2008-ci il tarixli 86 saylı Qərarı ilə Abşeron rayonu, 2 saylı Sovxozun ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair plan ölçünün verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən Abşeron rayonu Aqrar İslahat Komissiyasının 01.07.2008-ci il tarixli 86 saylı qərarı ilə Abşeron rayonu, 2 saylı sovxozun ərazisində (hal-hazırda Sabunçu rayonunun inzibati ərazisinə daxil olan Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində) fərdi yaşayış evinin tikintisi məqsədilə ona, yəni İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair plan ölçünün verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 01.07.2008-ci il tarixli 86 saylı Qərarı ilə Abşeron rayonu, 2 saylı Sovxozun ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ona 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılan ərazi 2 saylı sovxozun işçiləri üçün ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Ona məxsus torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinə dair müvafiq çıxarış və texniki pasport verilsə də, torpaq sahəsinin plan ölçüsü olmadığından istifadəsində olan torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir. Hazırda 2 saylı sovxozun ərazisi Sabunçu rayonunun inzibati ərazisinə daxil edildiyindən plan ölçünü almaq məqəsdilə cavabdeh təşkilata 19.04.2021-ci il tarixdə müraciət etsə də, cavabdeh təşkilat 21.04.2021-ci il tarixli imtina məktubu ilə torpaq sahəsinin baş planı və koordinatları Cavabdehndə olmadığından xahişi müsbət həll edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdür. Belə ki, Hazırda torpaq sahəsi Sabunçu rayon İnzibati ərazisinə aid olduğundan qanuni istifadəsində olan torpaq sahəsinə dair plan ölçü tərtib olunaraq, ona verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, qeyd edilən ərazidə yerləşən torpaq sahəsini nə Cavabdeh nə də ki, onunla bilavasitə qarşılıqlı əlaqədar olan qurumlar ayırmamışdır. İddiaçı yerləşmə sxemini tələb etdiyi torpaq sahəsi Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 01 iyul 2008-ci il tarixli, 86 saylı Qərarı, əmri ilə ayrılmışdır. Torpaq sahəsini hansı təşkilat ayırmışdırsa ona cigi planın verilməsi səlahiyyəti həmin təşkilata aiddir, əgər həmin təşkilat ləğv edilibsə, həmin təşkilatın hüquq varisi tərəfindən həyata keçirilir. Əgər həmin təşkilatın hüquq varisi normativ hüquqi akt qəbul etmək səlahiyyətində deyildirsə yuxarı orqana müraciət etmək etmək lazımdır. Cavabdeh qeyd edilən torpaq sahəsinə yerləşmə sxemi vermək səlahiyyətləri olmadığı üçün İddiaçı iddia tələbi mümkünsuzdür. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü və 3.08.29-cu maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin planının ölçünün tərtib edilməsini və verilməsini təmin etmək vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xidməti vəzifələrinə aiddir. Cavabdeh qeyd olunanlara əsasən İddiaçı “planölçünün verilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. 30 iyun 2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X1 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın mümkün sayılmamasını xahiş etmişdir. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 01 iyul 2008-ci il tarixli 86 saylı Qərarının surətindən müəyyən olunur ki, Abşeron rayonu keçmiş 2 №-li sovxozun ərazisində fəhlə və qulluqçuların mülkiyyətinə ayrılmış həyətyanı torpaq sahələrinin ölçülməsinə aid yerquruluşu sənədləri və 1:2000 miqyasında hazırlanmış plan nəzərə alınmaqla Abşeron rayonu keçmiş 2 №-li sovxozun ərazisində yaşayan və həyətyanı torpaq sahələri olan 449 ailəyə 0,01-0,25 hektara qədər mülkiyyətinə verilməsinə dair hazırlanmış sənədlərin təsdiq edilməsi qərara alınmışdır. Abşeron rayonu 2 №-li sovxoz üzrə 16 iyul 2000-ci il tarixli 15 nömrəli əmrdən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, vətəndaşların ərizə ilə çoxsaylı müraciətlərini, onların ailə vəziyyətlərini və yaşayış evlərinə ehtiyacları olduğunu nəzərə alaraq, onlara sovxozun əkinə yaramayan, şoranlaşmış, istifadəyə yaramayan torpaq sahəsindən fərdi yaşayış evləri tikmək üçün aşağıdakı ölçüdə torpaq sahələrinin ayrılıb verilməsi əmr olunmuşdur: ...İddiaçı 0,10 ha torpaq sahəsi. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Bakı şəhər Cavabdeh tərəfindən verilmiş C-48-091 saylı 21 aprel 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, ərizədə qeyd olunan torpaq sahəsi Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 01 iyul 2008-ci il tarixli 86 saylı qərarına əsasən, Abşeron rayonu 2 saylı Sovxozun ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Lakin, həmin torpaq sahəsinin baş planı və kordinatları Cavabdehndə olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (Maddə 48.2). Həmin Məcəlləyə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (Maddə 83.1). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 65.5.). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (Maddə 65.8). Həmin Məcəlləyə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Maddə 68). Həmin Məcəlləyə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (Maddə 84.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddələrin ümumiləşdirilmiş təhlilinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı ilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsinin həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması qərara alınmışdır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçıya qanunla müəyyən olunmuş qaydada torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin plan ölçüsü tərtib olunmamışdır. Qeyd olunan hal isə iddiaçıya həmin torpaq sahəsinə münasibətdə qanunla qorunan hüquqlarının həyata keçirilməsini mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, torpaq sahəsinin baş planı və kordinatlarının olmaması əsası ilə cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı hesab oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu Aqrar İslahat Komissiyasının 01.07.2008-ci il tarixli 86 saylı qərarı ilə Abşeron rayonu, 2 saylı sovxozun ərazisində (hal-hazırda Sabunçu rayonunun inzibati ərazisinə daxil olan Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli Sovxozun ərazisində) fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair plan ölçünün tərtib olunaraq, verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6008/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6008/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver