Məhkəmə qərarları › İş №2-1(112)-6008/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6008/2022

28.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6008/2022 28.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı İddiaçı ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 190-da yerləşən 41 saylı mənzilə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk iddiaçı X6 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə tərəfindən X6 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 09 fevral 2016-cı il tarixli, 11/7- 34 nömrəli əmri ilə Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış gözdən əlil şəxs kimi atası X1, onun vəfatından sonra isə anası X3 Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində inşa edilmiş 12 mərtəbəli 132 mənzilli 190 saylı yaşayış evindən 41 saylı mənzil verilmişdir və həmin mənzil hazırda onun və ailə üzvlərinin istifadəsindədir. Həmin vaxtdan o, ailə üzvləri ilə birlikdə bu ünvanda yaşayır. O, cavabdeh orqana sözügedən ünvana qeydiyyata alınması barədə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin Nərimanov Rayon Polis İdarəsinə ünvanladığınız ərizənizə Nərimanov Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsində icraata qəbul edərək baxılmışdır. Bildiririk ki, İddiaçı Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 190, mənzil 41 ünvanına qeydiyyata alınmağınız üçün Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5-ci maddəsinin tələblərinə əsasən müvafiq sənədlərlə (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) birlikdə Rayon Polis İdarəsinin Qeydiyyat məsələləri bölməsinə müraciət etməlisiniz. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə Sizin qeyd olunan ünvana tərəfimizdən qeydiyyata alınmağınız qanuna müvafiq deyildir. Odur ki. bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. İş materiallarında olan iddiaçı X3 məxsus AZE seriyalı 16612788 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.1946-cı il tarixdə anadan olmuşdur, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 002034 nömrəli vəsiqənin surətindən görünür ki, X6 şəhid ailəsinin üzvüdür. İş materiallarında olan xx.xx.1975-ci ildə Ermənistan Krasnoselo rayonu Toxluca kənd soveti tərəfindən verilmiş İİ-SL seriyalı 032881 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975ci il tarixdə Toxluca kəndində anadan olmuşdur, atası X5, anası X4r. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 857659 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər MKTD 2 saylı Xüsusi Təyinatlı MKTB 116 saylı Mənzil Kommunal İstismar Sahəsinin 103 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən F.Yusifov küçəsi, ev 190, mənzil 41 ünvanında anası X2 mənzilində qeydiyyatsız yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 190, 41 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı Şəhər İcra Hakimiyyəti başçısının 17 avqust 2011-ci il tarixli, 379 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa edilmişdir. Həmin yaşayış binasındakı mənzillərin bölgüsünü həyata keçirmək məqsədilə Nazirlik üzrə 8 dekabr 2015-ci il tarixli, 11/7-281 nömrəli əmrlə yaradılmış, sədri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, üzvləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhərinin rayon icra hakimiyyətlərinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nümayəndələrindən ibarət olan Komissiya tərəfindən Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanmış şəxslərin növbəlilik siyahısı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq araşdırılmış və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan gözdən əlil şəxslər növbəliliklə mənzillə təmin edilmişlər. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətində gözdən əlil şəxslərin imtiyazlı mənzil növbəsinə dayanmış X1 2 (iki) nəfər ailə üzvü (həyat yoldaşı X6 və övladı İddiaçı) nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 9 fevral 2016-cı il tarixli, 11/7-34 nömrəli əmri ilə ünvan 8 ünvanında ümumi sahəsi 57.33 kv.m olan bir otaqlı 41 nömrəli mənzil təqdim edilmişdir. İş materiallarında olan X6 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, qeydiyyatda olduğu ünvan 4 ünvanına İddiaçı qeydiyyata düşməsinə heç bir etirazı yoxdur, razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışın surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 9 fevral 2016-cı il tarixli, 11/7-34 nömrəli əmri ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslərdən aşağıda adı qeyd olunan imtiyazlı vətəndaşa Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evindən mənzil verilmişdir: 84. X6 (X5), imtiyazı - İ qrup, ailə tərkibi - 3 nəfər, növbəyə dayandığı tarix - xx.xx.1996, otaqların sayı - 1, mənzilin sahəsi - 57.33 kv.m, mənzilin mərtəbəsi və nömrəsi - mərtəbə 4, mənzil 41. Qeyd: ev Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 379 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslər üçün yaşayış binası inşa edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 9 fevral 2016-cı il tarixli, 11/7-34 nömrəli əmri ilə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 190, 41 saylı mənzil iddiaçının atası İ qrup gözdən əlil X1, atası vəfat etdikdən sonra isə anası X3 verilmişdir. Bakı şəhər MKTD 2 saylı Xüsusi Təyinatlı MKTB 116 saylı MKİSnin 103 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı hazırda həmin ünvanda anası X6 ilə birlikdə qeydiyyatsız yaşayır. X6 həmin mənzildə qeydiyyatdadır, X6 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 4 ünvanına İddiaçı qeydiyyata düşməsinə etiraz etmir, razıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan da görünür ki, həmin mənzil iddiaçının atasına 2 nəfər ailə üzvü - həyat yoldaşı X6 və övladı İddiaçı nəzərə alınmaqla verilmişdir. Hazırda iddiaçı faktiki olaraq həmin ünvanda yaşayır. O, həmin evə yaşayış yeri üzrə qeydiyyata düşmək üçün cavabdehə müraciət etsə də, cavabdeh onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, iddiaçı uzun müddətdir qeyd olunan ünvanda yaşayır, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 9 fevral 2016-cı il tarixli, 11/7-34 nömrəli əmri ilə mənzil növbəsinə dayanmış İ qrup gözdən əlil kimi imtiyazlı vətəndaş olaraq sözügedən mənzil əvvəlcə iddiaçının atasına, atası vəfat etdikdən sonra isə onun anasına verilmişdir, iddiaçının anası bu ünvanda qeydiyyatda olmaqla yaşayır və iddiaçının da sözügedən ünvana qeydiyyata alınmasına razıdır. Eyni zamanda həmin mənzil iddiaçının atasına verilərkən ailə üzvü kimi iddiaçı da nəzərə alınmışdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan ünvana qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar