Məhkəmə qərarları › İş №2-1(112)-6009/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6009/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6009/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı invoys dəyəri əsasında gömrük rəsmiləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı invoys dəyəri əsasında gömrük rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi əsasında 900 ABŞ dolları olmaqla 200 ton düyü iddiaçıya verilməsi öhdəliyi götürülmüşdür. Müqavilə icra edilmiş 200 ton düyü 900 ABŞ dolları qiyməti ilə iddiaçıya satılmışdır. Malların əksər hissəsi ölkəyə idxal edilmiş və təhvil alınmışdır. Lakin, 25 kq hissə gömrük nəzarətindən keçməmişdən əvvəl Hindistan höküməti düyünün 1200 ABŞ dollarında aşağı qiymətə ölkədən ixrac edilməsinə qadağa qoymuşdur. Bu səbəbdən də gömrük rüsumlarında fərq yaranmış, əlavə olaraq 4936,80 manat məbləğdə borc hesablanmışdır. Odur ki, borc silinməlidir. Etiraz onunla əsaslandırılmışdır ki, 25 kq-lıq malların gömrük rəsmiləşdirilməsi zamanı invoys sənədində və digər sənədlərdə göstərilən məlumatların eyniləşdirilməsi aparılmış, ixrac bəyannaməsi ilə invoys dəyəri arasında fərq yaranmış, bəyan edilmiş gömrük dəyəri üzrə Hindistan Respublikasının rəsmi istinad internet resurs səhifəsindən araşdırma aparılan zaman iddiaçıya bildiriş göndərilməli olması müəyyən edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək invoys dəyəri əsas götürülməklə 25 ton mal üzrə gömrük rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Alqı-satqı müqaviləsindən görünür ki, 25 kq kq düyü 900 ABŞ dolları (MT (metrik ton) əsas götürülməklə 22500 ABŞ dolları ödənilməklə X2 Suppliers şirkətindən alınmışdır. İnvoysdan görünür ki, 25 kq malın qiyməti 900 ABŞ dolları əsas götürülməklə hesablanmışdır. X2 Suppliers tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, 25 avqust 2023-23 oktyabr 2023-cü il tarixlərdə Hindistan höküməti 1200 ABŞ dollarından aşağı qiymət əsas götürülməklə düyü satışına qadağa müəyyən etmiş, müqavilə əsasında 2000 ton düyünün ilkin ödənişi iddiaçıdan 900 ABŞ dolları əsas götürülməklə avans qaydasında alınmış, lakin Hökümətin müəyyən etdiyi qaydaya əsasən deklarasiya zamanı qiyməti 1206,76 ABŞ dolları məbləğində göstərilməsi zərurəti mövcud olmuşdur. Gömrük bəyannaməsində qeyd edilmişdir ki, malın invoys dəyəri 22500 ABŞ dolları, statistik dəyər isə 24000 ABŞ dolları kimi müəyyən edilmişdir. Gömrük dəyərinə düzəlişlər edilməsinə dair bildirişdən görünür ki, malın gömrük dəyərində uyğunsuzluq aşkar edildiyi qeyd edilərək uyğunsuzluğun aradan qaldırılmasını iddiaçıya təklif etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. 160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. 224.1-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 266.1-ci maddəsinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 266.2-ci maddəsinə əsasən, gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 266.3-cü maddəsinə əsasən, şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər; 267.1-ci maddəsinə əsasən, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır; 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisənin mahiyyəti gömrük rəsmiləşdirilməsinin invoys dəyəri ilə hesablanmalı olub-olmaması ilə bağlıdır. İddiaçı hesab edir ki, alınmış malların alış dəyəri, yəni invoys dəyəri əsas götürülməklə gömrük rəsmiləşdirilməsi aparılmalıdır. Cavabdeh isə həmin dəlillə razılaşmayaraq hesab edir ki, hesablama invoys dəyəri ilə hesablanmamalıdır. Belə ki, Hindistan höküməti tərəfindən ölkədən düyü məhsulunun 1200 ABŞ dolları əsas götürülməklə hesablanmalı olan məbləğində aşağı qiymətə satışına qadağa qoymuşdur. İnvoys dəyəri isə həmin məbləğdən az 900 ABŞ dolları əsas götürülməklə hesablamanın aparılması ilə bağlıdır. Məhkəmə cavabdehin həmin imtina əsası ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edilərək digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Halbuki, hazırkı işin faktiki halları ilə malın sövdələşmə qiymətinin tətbiqini istisna edən hər hansı əsaslı səbəb olmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, malın real sövdələşmə qiyməti 25 kq miqdarında mala görə 900 ABŞ dolları əsas götürülməklə müəyyən edilmiş, məhz həmin məbləğdə pulun ödənilməsi həyata keçirilmişdir. Cavabdehin istinad etdiyi 1200 ABŞ dollarından aşağı qiymətin ola bilməməsi ilə əlaqədar Hindistan Höküməti tərəfindən tətbiq edilən qadağa isə faktiki olaraq malın sövdələşmə qiymətinə təsir etməmiş, məhsulun alışı ilə əlaqədar real vəziyyəti dəyişməmişdir. Belə ki, həmin qadağa 1200 ABŞ dolları və ondan yuxarı qaydanı müəyyən etməsi özlüyündə malın real sövdələşmə qiymətinin də mütləq qaydada həmin məbləğdən yuxarı götürülməklə hesablanması olması qənaətinə gəlinməsinə səbəb olmur. Nəzərə alınmalıdır ki, həmin hal ən pis halda məhsulun satışını göstərilən qiymətdən aşağı satan müəssisə üçün öz dövlətində məsuliyyətə səbəb ola bilər ki, hər bir halda iddiaçı tərəfindən faktiki məhsula görə ödənilmiş məbləğ nəzərə alınmaqla sövdələşmə qiyməti müəyyən edildiyindən, cavabdehin göstərilən hala istinadla gömrük rəsmiləşdirməsini aparmağa cəhd göstərməsi qanunsuz və əsassız olmuşdur. Halbuki, işin faktiki halları ilə real olaraq malın sövdələşmə qiymətinin 900 ABŞ dolları əsas götürülməklə 25 kq mala görə olmasını istisna edən konkret hal sübut olunmamış, cavabdehin imtina dəlili digər ölkədə müəyyən edilmiş məhdudiyyətin tətbiqi ilə əlaqədar olmuşdur. Beləliklə, iddiaçı tərəfindən 25 kq düyü məhsuluna görə 1200 ABŞ dolları məbləğindən az da olsa 900 ABŞ dolları əsas götürülməklə ödənilmişdir ki, malın göstərilən sövdələşmə qiyməti gömrük rəsmiləşdirilməsinin aparılması zamanı nəzərə alınmalıdır. Əlavə olaraq, onun da qeyd edilməsi zəruridir ki, iddiaçı və xarici şirkət arasında malın sövdələşmə qiyməti ilə bağlı razılaşma satıcı şirkətin ölkəsinin müəyyən etdiyi qadağadan əvvəl müəyyən edilmiş, buna dair avans da ödənilmişdir ki, sövdələşmə zamanı hər hansı qadağanın müəyyən edilməməsi onun mötəbərliyini şübhə altında almayan digər dəlil qismində qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1077/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2- 1(102)-1212/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsinin hazırki növ mübahisələrdə formalaşdırdığı hüquqi mövqeyi məhz o istiqamətdə olmuşdur ki, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq olunması düzgün deyildir. Yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Ali Məhkəmənin 2-1(102)-2019/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi qida əlavəsi olan mallarının sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Lakin cavabdeh orqan bəyannamədə 101601 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir. Deklarantın özünə əlverişli olan və qanunla şərtsiz ixtiyarı tanındığı “malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi” kimi əsas dəyərləndirmə üsulundan istifadə etməyib, əlverişsiz olan “dəyərin çıxılması” üsulundan istifadə etməsinin motivi müəyyən deyil. İnzibati orqan yuxarıda istinad olunan normada təsbit edildiyi kimi, malların gömrük dəyərinin müəyyən edilməsi üsulu ilə bağlı seçim imkanlarına malik olduğu hallarda, “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinin tələblərinə əməl etməyə borcludur. Bu mənada fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna, o cümlədən iqtisadi maraqlarına hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Ali Məhkəmənin 2-1(102)-1505/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, cavabdeh malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu olduğu halda və bunun üçün lazım olan sənədlər təqdim edildiyi halda, eyni malın eyni dövr ərzində eyni istehsalçıdan başqa xarici ticarət iştirakçısı tərəfindən daha baha qiymətə idxal edildiyinə və gömrük orqanının iddiaçıya gömrük dəyəri barədə bildiriş verdiyinə dair tələbinin əsaslı və tətbiq edilmiş qanunvericiliyin tələbinə uyğun olduğunu sübut edə bilməmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edisin. X2 Suppliers şirkəti ilə bağlanılmış 26 avqust 2022-ci il tarixli müqavilə əsasında İddiaçı MMC tərəfindən idxal edilmiş 25 kq məhsula (“Shahenshah” nişanlı uzun düyü) münasibətdə malların sövdələşmə qiyməti üsulu ilə (invoys dəyəri) gömrük dəyərinin hesablanaraq gömrük rəsmiləşdirilməsinin aparılması öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar