Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-601/2020 19.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vergi borcunun hesablanmasına əsas olmuş 26 fevral 2015-ci il tarixli **********674300 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış vergi borcunun silinməsi, İddiaçı MMC tərəfindən artıq ödənilmiş 4376 manat məbləğində verginin növbəti vergilərin əvəzinə əvəzləşdirilərək İddiaçı MMC-nin digər vergi ödənişlərinin ödənilməsinə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 19 mart 2020-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamenti tərəfindən vergi borcunun hesablanmasına əsas olmuş 20 dekabr 2018-ci il tarixli, **********674300 nömrəli vergilərin hesablanması barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 107 saylı sərəncamı ilə ünvan 1də 0,673 ha torpaq sahəsində İddiaçı MMC-yə yaşayış binasının, "xxxx" MMC-yə isə iş mərkəzi və mövcud mehmanxananın qarşısındakı sahədəki yeraltı avtodayanacağın layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli, 05/307 saylı “Ayrıc aktı” ilə qeyd olunan torpaq sahəsinin 0,2260 ha sahəsi yaşayış binasının layihələndirilməsi və tikintisi məqsədilə "xxxx" MMC-yə ayrılmışdır. Binanın tikintisi xx.xx.2005-ci il tarixli 11798 saylı İnşaat pasportuna əsasən 0,226 ha sahəni təşkil edir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 295 saylı sərəncamı və 17 iyun 2010-cu il tarixli istismar aktı ilə ünvan 1 ünvanındakı yaşayışbinası təhvil verilmişdir. "xxxx" MMC-nin istifadəsində 0,226 ha torpaq sahəsi olduğu halda 0,673 ha torpaq sahəsinə görə torpaq vergisi ödəmişdir. Halbuki 0,447 ha torpaq sahəsinin "xxxx" MMC-yə aidiyyatı yoxdur. Ümumilikdə "xxxx" MMC illik torpaq vergisini 226 manat əvəzinə 773 manat olaraq ödəmişdir. Bununla əlaqədar olaraq cavabdehə ərizə ilə müraciət edərək, "xxxx" MMC tərəfindən artıq ödənilmiş 4376 manat məbləğində verginin növbəti vergilərin əvəzinə əvəzləşdirilərək "xxxx" MMC-nin digər vergi ödənişlərinin ödənilməsinə yönəldilməsini xahiş etmişlər. Lakin cavabdeh bu müraciətlərinə rəsmi cavab vermək əvəzinə vergilərin hesablanması barədə **********674300 nömrəli qərarı göndərmişdir. İddiaçının nümayəndəsi və vəkili göstərilənlərə əsasən iddianın təmin olunaraq, göstərilən qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edərək izahatında göstərdi ki, iddiaçı tərəfindən 20 dekabr 2018-ci il tarixli, **********674300 nömrəli qərarın ləğv edilməsi ilə bağlı iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı eyni əsaslar üzrə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin 26 fevral 2015-ci il tarixli **********674300 nömrəli qərarının ləğv edilməsi və MMC tərəfindən artıq ödənilmiş 4376 manat məbləğində verginin digər vergi ödənişlərinin ödənilməsinə yönəldilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2009/2019 saylı qərardadı ilə iddia geri götürülmüş hesab edilərək, iş üzrə icraata xitam verilmişdir. Göstərilən hal iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 Departamenti tərəfindən iddiaçı barəsində “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********674300 saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırki iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2009/2019 saylı qərardadından görünür ki, iddiaçı hazırda mübahisələndirdiyi qərar üzrə ona hesablanmışı vergi borcunun silinməsi ilə bağlı daha əvvəl məhkəməyə müraciət etmiş, lakin 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, iddia geri götürülmüş sayılaraq, iş üzrə icraata xitam verilmişdir. Həmçinin həmin qərardad iddiaçı tərəfindən mübahisələndirilməmiş və həmin müddətdən 05 aydan çox müddət sonra oxşar iddia tələbi ilə məhkəməyə müraciət edərək, nəticədə barəsində qəbul edilmiş “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********674300 saylı qərarı mübahisələndirmişdir. Göstərilən hal məhkəməyə iddiaçının onun barəsində qəbul edilmiş “Vergilərin hesablanması barədəxx.xx.2018-ci il tarixli **********674300 saylı qərardan iddiaçının daha əvvəl məlumatının olması qənaətinə gəlməsinə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi 20 dekabr 2018-ci il tarixli, **********674300 nömrəli vergilərin hesablanması barədə qərarı qanunvericliklə müəyyən edilmiş müddətdən sonra mübahisələndirmiş, bununla da həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qəbul edilmiş inzibati aktı şərtləndirən hallar həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və buna görə də hazırkı iddia mümkün sayılmamalıdır. Bütün göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Fərid Mədətli