Məhkəmə qərarları › İş №2-1(112)-601/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-601/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-601/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçı Nümayəndə1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya birinci dərəcə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzfəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, İddiaçı birinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin 23 avqust 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının nümayəndəsinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə işemik insult, xx.xx.2020-ci il tarixdə isə hemorragik insult keçirmişdir. xx.xx.2022-ci il tarixdə 4 saylı Şəhər Poliklinikasında ambulator tibbi kitabça açılmış və zəruri bütün müayinələrdən keçmişdir, nəticədə xx.xx.2023-cü il tarixdə X10 1 saylı Poliklinikası tərəfindən ambulator kitabçadan çıxarış təsdiq edilmiş və xəstəliklərin beynəlxalq təsnifat kodları (XBT-10) üzrə aşağıdakı diaqnozlar müəyyən edilmişdir: Əsas xəstəlik: 169.1-kəllədaxili qansızmanın nəticələri və İ69.3-beyin infarktının nəticələri (sol beyin yarımkürəsində keçirilmiş təkrari insultun davamlı qalıqları); Əsas xəstəliyin ağırlaşması: G81.1-spastik hemiplegiya, R26-yeriş və hərəkət pozğunluqları, F82-Motor funksiyaların inkişafınm spesifik pozğunluqları və R47.1- digər rubrikalarda təsnif olunmayan nitq pozğunluqları (hemiparez və dizartik nitq) İddiaçı xx.xx.2023-xx.xx.2023cü il tarixlərdə X6 X11 stasionar müalicədə olmuşdur. Daha sonra X10 1 saylı Poliklinikası pasiyentə baxış keçirmək üçün komissiya təşkil etmiş, komissiyanın nəticələrinə görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (88 nömrəli forma arayış) AR ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron sisteminə ötürülmüşdür. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qiymətləndirmə aparılmış və və aşağıdakı diaqnoz müəyyən edilmişdir: Serebrovaskulyar xəstəliklərin nəticələri, sol beyin yarımkürəsində keçirilmiş təkrari işemik insult (2018) və hemorragik (2020) insultdan sonrakı davamlı qalıq əlamətləri(İ69.3). Spastik hemiplegiya, sağ tərəfli dərin hemiparez. Lakin əlilliyin təyin edilməsindən imtina edilmişdir və imtinanın səbəbi olaraq əlavə müalicəyə ehtiyacın olması və xəstəyə reabilitasiya müalicəsi məsləhət görülməsi göstərilmişdir. Həmin imtina iddiaçıya rəsmi olaraq təqdim edilməmiş və iddiaçı həmin imtinanı xx.xx.2023-cü il tarixdə elektron sistem vasitəsilə əldə etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə X7 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Serebrovaskulyar xəstəliklərin nəticələri, Sol beyin yarımkürəsində keçirilmiş təkrari işemik insult(2018).Hemorragik(2020)insultdan sonrakı davamlı qalıq əlamətləri.(İ69.3).Spastik hemiplegiya, Sağ tərəfli dərin hemiparez.. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəyə reabilitasiya müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsində səbəb: “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəyə reabilitasiya müalicəsi məsləhət görülür” olmuşdur. Odur ki, iddiaçının müalicə almasını təsdiq edən sənədləri əlavə etməklə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Hazırda iddiaçının cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.

İş materiallarında olan:

AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Cavabdeh tərəfindən məhkəməyə iddiaçı barədə tibbi-sosial ekspertiza sənədləri təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü ildə müəyinə edilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir. İddiaçı əlavə olaraq məhkəməyə tibbi sənədlər təqdim etmişdir.

II. Məhkəmənin mövqeyi

9. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 3.1.-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2.-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3.-ci maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir - 3.4. –ci maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın

- 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. - 1.3-cü bədinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın - 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. - 1.6-cı bəndinə əsasən, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qeyd olunmuş qanunvericiliyin müddəalarına görə, əlillik müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. Qanunvericiliklə əlilliyin qiymətləndirilməsinin əsas göstəriciləri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir. Həmin qərara görə əlilliyin müəyyən edilməsi - insanın həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşması dərəcələrinin müəyyən edilməsidir. İnsan həyat fəaliyyətinin əsas kateqoriyaları aşagıdakılardır: özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığı. Özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları; sərbəst hərəkətetmə bacarığı -sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı; istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı; ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı; davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı; öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı; əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi başa düşülür. Cavabdeh tərəfindən iddiaçının əlilliyi qiymətləndirilməsi üçün müvafiq tibb müəsisəsi tərəfindən iddiaçıda olan xəstəliklər, travma və qüsurlar əsasında qoyulmuş diaqnoz, geyd olunmuş ağırlaşmalar nəzərə alınmaqla iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalar (yuxarıda qeyd edilmiş bacarıqlar. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlillik dərəcəsinin müəyyən olunması üçün əyani tibb-sosial ekspertiza müayinəsindən keçirilməsi və rəy verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə qərardadına əsasən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyasının 3-17-4/3-1-14368/2024 saylı 20 iyun 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik alt sistemdə olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı müraciəti əsasında X10 tərəfindən xx.xx.2023-cü il tarixli S00140356ANB nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, İddiaçı ixtisaslaşmış tibb müəssisələrində aparılmış stasionar müayinə və müalicə müddəti yetərli olmadığından, “Əlavə müalicəyə ehtiyacın olması”na dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrısından, baş gicəllənmədən, başında-qulağında narahat edici səslərdən, sağ aşağı ətraflarda hərəkət məhdudluğundan, nitq pozuntusundan, yaddaş zəifləməsindən, yuxu pozğunluğundan olmuş, anamnestik olaraq 2018-ci il və 2020-ci il tarixlərində insult keçirdiyini bildirmiş, bəzi müayinə və müalicə sənədlərini təqdim etmişdir.T əqdim edilmiş sənədlər arasında X3 xx.xx.2023xx.xx.2023-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Baş beyin məhdud atrofiyası" kimi qeyd edilmiş, X7 xx.xx.2023-cü il tarixli 14 nömrəli çıxarışında diaqnoz “Sol beyin yarımkürəsində keçirilmiş təkrari insultun işemik (2018), hemorragik (2020) insultun davamlı qalıqları. Sağ tərəfli hemiparez. Yeriş və hərəkət funksiyasının pozğunluğu. Dizartrik nitq” şəklində göstərilmiş, “X13” Klinikasının xx.xx.2023-cü il tarixli 78/23 nömrəli arayışına əsasən xx.xx.2018- xx.xx.2018-ci il tarixlərində “İşemik insult” və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində “Hemorragik insult. Hipertoniya” diaqnozu ilə klinikanın reanimasiya şöbəsində müalicə aldığı məlum olmuşdur. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 140/95 mm civ.süt, nəbz aritmik, dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, aşağı ətraflarda durğunluq əlamətləri müşahidə edilmiş, həkim-nevropatoloq müayinəsinin nəticəsinə əsasən, nitqi dizartrik, əzələ gücü 4 bal olmuş, əzələ tonusu bir qədər yüksəlmiş, “Hoffman”, “Babinski” reflekləri “müsbət” müəyyən edilmiş, “Romberq” vəziyyətində dayanıqlı izlənilmiş, həkimekspertlər tərəfindən, vətəndaşın şikayətləri nəzərə alınaraq, daha dəqiq müayinə edilməsi üçün Transtorakal exokardioqrafiya müayinəsinə göndəriş təqdim edilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da aparılmış Transtorakal exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Septumun cüzi hipertrofiyası (1.2 (bir tam onda iki) sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=59% (əlli doqquz faiz)). Aortal və Mitral qapaqlar normaldır.Perikard təmizdir" kimi qiymətləndirilmişdir. Anamnestik məlumatlar, obyektiv və intrumental müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’nın 2.1.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilsin. Bundan sonra iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmiş və birinci dərəcə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçının xeyrinə olan halların araşdırılması məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Belə ki, iş üzrə ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur : xx.xx.1965-ci il təvəllüdlü İddiaçı forma 088 arayışında əsas diaqnoz kimi göstərilən “Serebrovaskulyar xəstəliklərin nəticələri. Sol beyin yarımkürəsində keçirilmiş təkrari işemik insult (2018). Hemorragik (2020) insultdan sonraki davamlı qalıq əlamətləri” xəstəliyi aşkar olunurmu? Həmin xəstəlik aşkar olunursa aşağıda göstərilən ağırlaşmalardan hər hansı biri ilə müşahidə edilirmi? A. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə; B. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə; C. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə. - İddiaçıda forma 088 arayışında ağırlaşma kimi göstərilən “Disfaziya və afaziya. Motor afaziya” xəstəliyi aşkar olunurmu? Həmin xəstəlik aşkar olunursa aşağıda göstərilən ağırlaşmalardan hər hansı biri ilə müşahidə edilirmi? A. mülayim pozuntular (mülayim afaziya, mülayim kommunikativ pozuntularla); B. təzahür edən pozuntular (təzahür edən afaziya, təzahür edən kommunikativ pozuntularla). - İddiaçıda forma 088 arayışında ağırlaşma kimi göstərilən “hemiplegik spastik serebral iflic” xəstəliyi aşkar olunurmu? Həmin xəstəlik aşkar olunursa aşağıda göstərilən ağırlaşmalardan hər hansı biri ilə müşahidə edilirmi? A. nitq çatışmazlıqları ilə yüngül sağtərəfli parezlə birtərəfli zədələnmə (kombinə olunmuş nitq çatışmazlıqları: psevdobulbar dizartriya, patoloji dislaliya, nitqin ritm və tempinin pozulması); disleksiya, disqrafiya və diskalkuliya pozuntusu; sağtərəfli meyilliliklə yeriş, mürəkkəb hərəkətlərin çətinləşməsi (barmaqlar, dabanlar üstündə yeriş, çömbəlmiş vəziyyətdə); dirsək oynağında yüngül bükmə kontrakturası ilə, bilək oynağında bükücü-pronator, əl barmaqları oynaqlarında bükücü kontraktura; diz və bud-çanaq oynağında qarışıq, aşıqbaldır oynağında ayaqların gərilməsi ilə kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 30% azalması (1/3-i qədər); passiv hərəkətlərin fizioloji amplitudaya uyğun olması; cüzi statodinamik pozuntular ilə; B. birtərəfli zədələnmə; ayağın və (və ya) biləyin deformasiyası ilə mülayim hemiparez; patoloji (hemiparetik) və yavaş yeriş, mürəkkəb hərəkətlərin mümkün olmaması; dizartriya (nitqin aydın və ətrafdakılar üçün başa düşülən olmaması); çiyin oynağında mülayim açıcıbükücü kontraktura, dirsək və bilək oynaqlarında bükücü-rotasion kontraktura, əl barmaqları oynaqlarında bükücü kontraktura; bud-çanaq oynağında qarışıq kontraktura, diz və aşıq-baldır oynağında bükücü kontraktura; hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); dayanıqlı mülayim statodinamik pozuntular C. birtərəfli zədələnmə; şaquli vəziyyətin saxlanmasını, dəstəyi və hərəkəti çətinləşdirən, koordinasiyanın və tarazlığın pozulması ilə ayağın və bilək oynaqlarının fiksə olunmuş patoloji vəziyyəti ilə təzahür edən hemiparez, psevdobulbar dizartriya (dil və nitq pozuntuları ilə birgə); təzahür edən çiyin oynağının açıcı-bükücü, dirsək və bilək oynaqlarında bükücü-rotasion və əl barmaqlarının oynaqlarının bükücü kontrakturası; diz və bud çanaq oynaqlarında qarışıq, aşıq-baldır oynağında açıcı-bükücü kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 65% azalması (2/3-i qədər); yaş və sosial vərdişlərin formalaşmasının pozulması; dayanıqlı təzahür edən statodinamik pozuntular; psixi funksiyaların pozulması D. birtərəfli zədələnmə; dərin hemiparez və ya plegiya, (aşağı və yuxarı ətrafın tam iflici), psevdobulbar sindrom (nitqin impressiv və ekspressiv pozulması), psixi funksiyaların təzahür edən pozulması (ağır dərəcəli əqli gerilik); zədələnmiş tərəfdə oynaqlarda bütün hərəkətlərin kəskin məhdudluğu; aktiv və passiv hərəkətlərin olmaması və ya fizioloji amplitudadan (normadan) 90- 95% azalması; yaş və sosial vərdişlərin olmaması; əhəmiyyətli təzahür edən statodinamik pozuntular; təzahür edən dil və nitq çatışmazlıqları ilə. - İddiaçıda forma 088 arayışında ağırlaşma kimi göstərilən “Proqressivləşən damar leykoensefalopatiyası. Dissirkulyator ensefalopatiya”; “Hərəkətin və yerişin pozulmaları, Yeriş və hərəkət funksiyaların pozğunluğu” xəstəlikləri aşkar olunurmu? - İddiaçıda forma 088 arayışında yanaşı xəstəlik kimi göstərilən “Durğunluq, ürək çatmamazlığ ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi). Hipertoniya xəstəliyi İİİ mərhələ” xəstəlikləri aşkar olunurmu? - Həmin xəstəliklərdən hər hansı biri mövcuddursa xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? - Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 T 01/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: 1965-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə, və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.3.4.5. Vətəndaş İddiaçı tibb müəssələrində kifayət qədər müayinə olunduğundan onun digər tibb müəssisəsində eyni ixtisas üzrə mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Lakin, iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “Əsas diaqnoz: İ69 serebrovaskulyar xəstəliklərin nəticələri. Sol beyin yarımkürəsində keçirilmiş təkrari işemik insult (2018). Hemorragik (2020) insultdan sonrakı davamlı qalıq əlamətləri (İ69.3); Ağırlaşmalar: G81.1 Spastik hemiplegiya, sağ tərəfli dərin hemiparez. R47.0 Disfaziya və afaziya, motor afaziya. İ67.3 Proqressivləşən leykoensefalopatiyası, dissirkulyator ensefalopatiya. R26 Hərəkətin və yerişin pozulmaları, yerişin və hərəkət funksiyasının pozğunluğu; Yanaşı xəstəliklər: İl 1.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik, Hipertoniya xəstəliyi İİİ mərhələ” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə DTSERA-də əyani müayinə zamanı anamnestik məlumatlar, obyektiv və instrumental müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “Əlilliyin müəyyən olunması meyarlarının 2.1.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilmişdir. Vətəndaş İddiaçı 12-xx.xx.2024-cü il tarixlərdə “Əsas xəstəlik: İ69.1 Kəllədaxili qansızmanın nəticələri; Ağırlaşmalar: G81.1 Spastik hemiplegiya. R47 Başqa rublikalarda təsnif olunmayan nitq pozğunluqları. Yanaşı xəstəliklər: İll Ürəyin hipertenziv xəstəliyi. İ69.3 Beyin infarktının nəticələri” diaqnozu ilə X8 stasionar müalicə almış, nevroloji müayinə zamanı göz almalarının hərəkəti tam, ağrılı, fotoreaksiya canlı, burun/dodaq büküşü assimetrik, dil orta xətdə, sümük/vətər refleksləri D>S canlı olmuş, əzələ gücü sağ ətraflarda enmiş-3 bal, tonus spastik artmış, hərəkətlərin, yerişin pozulması qeyd edilmiş, nitqi dizartrik, Romberq vəziyyətindən dayanıqsız, emosional labil olmuşdur. Həmin xəstəliklər tam reabilitasiya olunmurlar, yalnız ehtiyac yarandıqda stasionar müalicəyə cəlb olunurlar. Məhkəmə prosesi gedişatında cavabdeh tərəfinən iddiaçının orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edildikdən sonra, iddiaçı iddia tələbini dəyişdirmiş və ona birinci dərəcəli əlilik müəyyən edilməsini xahiş etmişdir. Bundan sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı təkrar bu dəfə birinci əlillik dərəcəsinin müəyyən edilməsi üçün əyani tibbi-sosial ekspertiza müayinəsindən keçirilməklə rəy verilməsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiyaa Agentliyinə həvalə edilmişdir. Məhkəmə qərardadına əsasən cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-1-6744/2025 saylı 06 mart 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz) pozulması barədə qərar qəbul edilmişdir. Belə olan halda iddiaçının birinci dərəcəli əlilliyin müəyyən edilməsi barədə müraciətinə imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun

- 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; - 3.3. –ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. - 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin

- 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya birinci dərəcə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya birinci dərəcə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar