Məhkəmə qərarları › İş №2-1(112)-6010/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6010/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6010/2025 23.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi N/26 saylı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, n/26 saylı 0,0750 ha ölçüdə torpaq sahəsini 23 mart 2006-cı il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Sözügedən torpaq sahəsində sahəsi 104.4 kv metr olan bağ evi inşa etmişdir. Həmin bağ evinin "xxxx" institutu TASC tərəfindən 2010-cu il eskiz lahiyəsi hazırlanmışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, o, həmin ünvanda yaşayır və bağ sahəsinin hər tərəfi 2001-ci ildən hasara alınmış vəziyyətdədir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, n/26 saylı 0,0750 ha ölçüdə olan bağ sahəsi onun xüsusi mülkiyyətindədir və bununla bağlı 05 iyul 2021-ci il tarixli çıxarışı əldə etmişdir. Bundan sonra bağ evi barəsində çıxarış əldə etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, bütün zəruri sənədləri təqdim etməklə sözügedən evə mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona 3-213-30/2-10864/2024 **********64 nömrəli məktubla imtina edilmişdir. Sözügedən imtina onunla əsaslnadırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-28334 nömrəli şəhadətnamənin baza məlumatı ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcuddur və şəhadətnamənin baza məlumatı faktiki torpaq sahəsindən 60 metr aralı məsafədə yerləşir. Torpaq sahənin ətrafında bütün evlərin çıxarışı vardır və plan ölçüdə torpağın konkret yerləşməsi göstərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilən əsaslarla müraciətinin imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş və xx.xx.2024cü il tarixli, **********64 xaricolma nömrəli məktubla cavab verilmişdir. İdarəyə müraciət daxil olmamışdır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin mülkiyyətə verilməsinə əsas olmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-28334 nömrəli şəhadətnamənin baza məlumatı ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, şəhadətnamənin baza məlumatı faktiki torpaq sahəsindən cənubda 60 metr aralı məsafədə yerləşir. Bu səbəbdən qonşular və müvafiq icra hakimiyyətinin iştirakı ilə təsdiq edilmiş aktın təqdim edilməsi məqsədəuyğundur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Bakı şəhəri Xəzər RİH-ə ünvanlanmış ərizənin surətindən görünür ki, ünvan ünvanında yerləşən, sahəsi 104,4 kv.m, hündürlüyü 3.050 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evinin inşa olunması barədə məlumat verilmişdir. Eskiz layihəsindən görünür ki, iddia olunan ünvanda yerləşən fərdi yaşayış evinin layihəsi tərtib olunmuşdur. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin mülkiyyətə verilməsinə əsas olmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-28334 nömrəli şəhadətnamənin baza məlumatı ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, şəhadətnamənin baza məlumatı faktiki torpaq sahəsindən cənubda 60 metr aralı məsafədə yerləşir. Bu səbəbdən qonşular və müvafiq icra hakimiyyətinin iştirakı ilə təsdiq edilmiş aktın təqdim edilməsi məqsədəuyğundur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırkı inzibati mübahisə, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması ilə bağlıdır. İş materiallarından göründüyü kimi, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş, bu proses qanunvericiliyə uyğun aparılmış və müvafiq qaydada eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyətinə müraciət edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən aydın olur ki, o, Qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulan tələb olunan hüquqmüəyyənedici sənədlərə malikdir. Buna baxmayaraq, cavabdeh iddiaçının həmin sənədlərə sahib olduğunu nəzərə almamış, torpaq sahəsi ilə bağlı mübahisə açmış, torpaq sahəsinin faktiki vəziyyəti ilə şəhadətnamənin baza məlumatları arasında uyğunsuzluğun olduğuna istinad etmiş, bununla da iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin iş materialları göstərir ki, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqları artıq dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasından imtina edilməsi hüquqi əsaslardan məhrumdur. Mülkiyyət hüququnun toxunulmazlığı prinsipi nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı mülkiyyətçi olaraq torpaq sahəsi üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ, yalnız texniki uyğunsuzluq və ya formal səbəblərlə məhdudlaşdırıla bilməz. Bundan əlavə, cavabdehin mövqeyi ziddiyyətlidir. Belə ki, cavabdeh, iddiaçıya torpaq sahəsinə dair mülkiyyət hüququnu tanıyıb və qeydiyyata alıbsa, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına da eyni hüquqi yanaşma tətbiq olunmalıdır. Cavabdehin iddiaçının mülkiyyət hüquqlarını şübhə altına alması hüquqi baxımdan əsassızdır və qəbul edilə bilməz. Göründüyü kimi iddiaçının əmlakına mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina cavabdehin əvvəl aparmış olduğu qeydiyyatla uyğunluq təşkil etməməkdədir. Adıçəkilən torpaq sahəsinin dövlət qeydiyyatı zamanı imtinanın göstərilən dəlilləri mövcud olmadığı halda, həmin torpaq sahəsində inşa olunan tikiliyə münasibətdə imtina verilməsini məhkəmə mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirir. Odur ki, cavabdehin tikilinin yerləşdiyi torpaq sahəsinə dair imtina dəlilləri qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydiyyatına maneə təşkil edilməməyə dair həmin hal tikiliyə münasibətdə də fərqli qiymətləndirməyə səbəb olmur. Odur ki, torpaq sahəsində formalaşmış mövqedə olduğu kimi cavabdehin istinad etdiyi əsaslar fərdi yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatına əsas yaratmaqdadır. Göründüyü kimi istər, cavabdehin həmin torpaq sahəsinə əvvəllər qeydiyyatın aparılması baxımından, istərsə də, cavabdehin imtina dəlillərinin qanunsuzluğu təsdiq edən işin faktiki və hüquqi hallarının qiymətləndirilməsi baxımından iddianın təmini əsaslı hesab edilməlidir. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin fərdi yaşayış evinə münasibətdə texniki pasportun verilməsi də təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi N/26 saylı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar