Məhkəmə qərarları › İş №2-1(112)-6012/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6012/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6012/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 10 yanvar 2000-ci il tarixli 005 nömrəli sərəncamı əsasında, Abşeron rayon X4 xx.xx.2000-ci il tarixli, 01 saylı əmrindən çıxarışa əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin 10 yanvar 2000-ci il tarixli, 005 nömrəli sərəncamına və X4 İslahat Komissiyasının və Həmkarlar Komitəsinin 29 yanvar 2000-ci il tarixli, 01 nömrəli protokoluna əsasən Abşeron rayon X4 xx.xx.2000-ci il tarixli, 01 nömrəli əmrinə əsasən fərdi yaşayış evi tikmək üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsini 2000-ci ildə mişar daşı ilə hasara almış, maddi vəziyyətinin ağır olması ilə əlaqədar 2012-ci ildə ona ayrılmış torpaq sahəsində 3 yaşayış otağından, mətbəx və sair tikilisindən ibarət fərdi yaşayış evi tikmişdir və həmin vaxtdan hal-hazıradək orada yaşayır. Qeyd olunan torpaq sahəsi hazırda Abşeron rayonundan alınaraq Bakı şəhərinin tabeliyinə verilmişdir. İddiaya müvafiq sərəncamla ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana xx.xx.2024-ci ildə müraciət etdi. Cavabdeh ona ünvanladığı xx.xx.2024-cü il tarixli **********17 saylı cavab məktubu ilə ərizəni təmin etməmiş, imtinaya əsas kimi qeyd etmişdir ki, torpaq sahəsinə dair Abşeron rayon X4 xx.xx.2000-ci il tarixli, 01 nömrəli əmrinin arxiv arayışı və yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, qeyd olunan torpaq sahəsi hüquq müəyyənedici sənədlər əsasında ona fərdi yaşayış evinin tikintisi üçün ayrılıb, həmin ərazidə onun kimi torpaq sahəsi almış vətəndaşlar da özlərinə fərdi yaşayış evi tikmişlər. Bundan əlavə, cavabdeh iddiaçıdan Abşeron rayon X4 xx.xx.2000-ci il tarixli 01 nömrəli əmrinin arxiv arayışını tələb edir. İddiaçı isə Abşeron rayon X4 xx.xx.2000-ci il tarixli 01 nömrəli əmrdən çıxarışın əslini təqdim etmişdir. Əgər, arxiv çıxarışında hər hansı şübhəsi varsa, həmin çıxarışın həqiqiliyini araşdırmaq hüququ vardı. Qeyd olunan torpaq sahəsi əvvəlcədən X2 ayrılmışdır. Həmin torpaq sahəsinin müəyyən hissəsi kənd təsərrüfatına yararsız olmuşdur. İddiaçıya yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi də kənd təsərrüfatına yararsız olmuşdur. Ona ayrılmış torpaq sahəsinin ətrafında da hazırda hər hansı əkin-biçin işləri aparılmır və yaşayş məntəqəsi torpaqlarıdır. Cavabdeh inzibati orqan ona bu məzmunda imtina verdiyi halda, həmin ərazidə yaşayan bir çox şəxslərə cavabdeh tərəfindən çıxarış verilmişdir. Həmçinin cavabdeh tərəfindən, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməyib iddia dəlilinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin istinad nöqtələri və məsafələri göstərilmədiyi halda ayrıc aktından kənarda yerləşdiyinə dair cavabdehin dəlili əsassızdır. Belə ki, dəqiq istinad nöqtələri və məsafələri göstərilmədiyi halda torpağın koordinatları müəyyən oluna bilməz, koordinatlar da müəyyən olunmadığı halda ayrıc aktında kənarda yerləşmə müəyyən oluna bilməz. Beləliklə də, qeyd edilən halla bağlı cavabdehin gətirdiyi dəlillər əsaslı hesab oluna bilməz. Eyni zamanda qeyd edir ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələrin göstərilməməsi iddiaçının təqsiri deyildir və qeyd edilən hal torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Qanunvericiliyə əsasən torpaq sahəsinin yerləşməsi ilə bağlı dəqiq istinad və məsəfalər göstərilməsə belə, cavabdeh inzibati orqanın müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Qeyd olunan qanunvericiliyin tələbində göründüyü kimi, iddiaçı 0.06 ha torpaq sahəsindən istifadənin qanuniliyini təsdiq edən sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir ki, həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən çıxarış verilməli idi. İddiaçı zəruri olan sənədlərə malik olduğu halda cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanan halların heç birinin olmamasına baxmayaraq əsassız olaraq müraciəti təmin etməmiş, ona məxsus torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Belə olan halda hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

3. Cavabdeh imtinasını onunla əslandırmışdır ki, “təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, torpaq sahəsinə dair Abşeron Rayon X4 xx.xx.2000-ci il tarixli, 01 nömrəli əmrinin arxiv arayışı və yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.”

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

5. Abşeron rayon X4 xx.xx.2000-ci il tarixli, 01 nömrəli əmrindən çıxarışa əsasən, Abşeron Rayon İcra Hakimiyyətinin 10 yanvar 2000-ci il tarixli, 005 nömrəli sərəncamı və X4 İslahat Komissiyasının və Həmkarlar Komitəsinin 29 yanvar 2000-ci il tarixli, 01 nömrəli protokolu əsas götürülərək fərdi yaşayış evinin tikilməsi üçün 0,06 ha. torpaq İddiaçı ayrılması qərara alınmışdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

9. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

12. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

15. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

17. İş materiallarına olan Abşeron rayon X4 xx.xx.2000-ci il tarixli, 01 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı istifadəsinə 600 kv.metr torpaq sahəsi ayrılmışdır, lakin məhkəmə iş materiallarını nəzərdən keçirərkən İddiaçı ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hər hansı bir mötəbər sənədin (yerləşmə cizgisi) işə əlavə edilmədiyini müəyyən etmişdir.

18. Məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən 0.06 ha torpaq sahəsinə dair çıxarışın verilməsindən imtinaya səbəb də məhz həmin torpaq sahəsinə dair onun yerləşmə cizgisinin iddiaçı tərəfindən təqdim edilmədiyi halı olmuşdur.

19. Məhkəmə qeyd edir ki, Abşeron rayon X4 xx.xx.2000-ci il tarixli, 01 nömrəli əmrinə əsasən ayrılmış 600 kv.metr torpaq sahəsinin iddiaçıya məxsus olması barədə dövlət reyestrindən çıxarışın verilməsi üçün həmin torpaq sahəsinin təsdiqlənmiş cizgisinin təqdim edilməsi zəruridir. Belə ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur.

20. Məhkəmə qeyd edilən halın iddianın rədd edilməsi üçün yetərli hesab etdiyindən, əlavə araşdırma aparılmasını zəruri hesab etmir.

21. Bu baxımdan məhkəmə cavabdehin iddiaçıya aid tələblərin təmin edilməsindən imtinanı əsaslı hesab edir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

23. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.

24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar