Məhkəmə qərarları › İş №2-1(112)-6013/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6013/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6013/2022 26.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xiidməti üçüncü şəxs qismində göstərilməklə “kirayə müqaviləsinin bağlanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin 28.01.2022-ci il tarixli A-18-091 saylı məktubunun əsassız hesab edilərək, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin onun adına sənədləşdirilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1, mənzil 7-ə dair onunla yəni İddiaçı ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında kirayə müqaviləsi bağlanması üçün sərəncam verilməsi öhdəliyinin Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarlmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ilin oktyabr ayınadək ailə üzvləri ilə birlikdə Xocalı rayonu, Kərkicahan qəsəbəsində yaşayıblar. 1991-ci ilin oktyabr ayının 28-də rayonları və qəsəbə işğal olunduqdan sonra o, ailə üzvlərilə birlikdə digər vətəndaşlar kimi öz torpaqlarından didərgin düşmüşdür və məcburi surətdə Bakı şəhərinə gələrək qohumlarının evində məskunlaşmışlar. Həmin vaxt Bakı şəhərində İnşaat Mühəndisləri Universitetində ali təhsil alan X20 təhsilini yarımçıq qoyaraq, cəbhəyə getmiş və Kərkicahan uğurunda gedən döyüşlərin birində şəhid olmuşdur. X20 Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 iyul 2009-cu il tarixdə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. 1992-ci ildə o, ailə üzvlərilə birlikdə ünvan 2 ünvanında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 15.07.1992-ci il tarixli, 7/205 saylı məktubu əsasında hərbi əməliyyatlar zamanı şəhid olmuş hərbi qulluqçunun ailəsi kimi məskunlaşmışlar və həmin dövrdən bu günku günə kimi həmin mənzildə yaşayırlar. Bu faktı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Suraxanı rayon sektorunun 431 saylı, 31.01.2022-ci il tarixli arayışı da təsdiq edir. O, 2021-ci ilin dekabr ayında məskunlaşdığı mənzilin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı AR Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Həmin Xidmət ona 06.12.2021-ci il tarxli, **********45 saylı məktubla imtina cavabı vermişdir ki, qeyd edilən mənzil üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş sənədlər yoxdur. Bundan sonra o, Suraxanı rayon İcra hakimiyyətinə müraciət etmiş və sözügedən mənzilin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış 28.01.2022-ci il tarixli, A-18-091 saylı məktubda onun xahişinin təmin olunmasından imtina olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş 30.03.2022-ci il tarixli 1/628 nömrəli iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzilin sənədləşdirilməsi” tələbinə dair icraatda olan inzibati işlə bağlı bildirirlər ki, İddiaçı Xocalı rayonundan məcburi köçkün ailəsi kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsində yerləşən 19 saylı evin 7 saylı mənzildə müvəqqəti məskunlaşmışdır. Eyni zamanda bildirirlər ki, İddiaçı sözügedən mənzildə məcburi köçkün kimi müvəqqəti məskunlaşdığından, həmçinin həmin mənzilə dair ilkin hüquq müəyyənedici sənədlər olmadığından qaldırılan məsələnin həlli RİH-in səlahiyyətləri xaricindədir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus 23.06.2005-ci il tarixdə Naftalan ŞPŞ 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1951-ci ildə doğulmuş İddiaçı Xocalı rayonu, Kərkicahan qəsəbəsində qeydiyyatdadır. 04.08.1970-ci il tarixli АЗ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 23.07.1970-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydində 1970-ci il in avqust ayının 4-də 540 nömə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə atası qismində X4, anası qismində İddiaçı qeyd olunmuşdur. Ağcabədi VAAQ söbəsi tərəfindən 15.07.1992-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 302665 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 20.01.1992-ci ildə ölmuşdür. Bu barədə ölüm haqqında akt qeydlərii kitabında 1992-ci ilin iyun ayının 15-ci günündə 110 nömrəsi ilə qeyd edilmişdir. Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 096719 №li “Məcburi köçkün vəsiqəsi”nin surətindən müəyyən olunur ki, 1951-ci il təvəllüdlü X1 1988-ci ildən Xankəndi şəhərindən məcburi köçkündür. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Suraxanı rayon şöbəsi tərəfindən İddiaçı 27.10.2007-ci il tarixdə ömürlük 010073 №li “Şəhid ailəsi üzvünün vəsiqəsi” verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28.07.2009-cu il tarixli 419 №-li Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında şəxsi igidlik və şücaət göstərdiyinə görə çavuş X6 “Azərbaycan Bayrağı” ordeni ilə (ölümündən sonra) təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Suraxanı rayon İcraiyyə Komitəsinə ünvanlanmış 7/205 №li 15.07.1992-ci il tarixli məktubun surətindən görünür ki, məktubda hərbi əməliyyatlar zamanı həlak olmuş hərbiçi X2 ailə üzvlərinin yaşayış yeri üzrə qeydiyyata alınmalarına kömək olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 31.01.2022-ci il tarixli 431 №-li arayışda qeyd olunmuşdur ki, İddiaçı Xankəndi şəhərindən məcburi köçkündür, ünvan 5 ünvanında 1993-cü il tarixdən müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi: X9, X3, X7, X10. İddiaçının hazırkı tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq verilmiş 28.01.2022-ci il tarixli A-18-091 saylı imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, 19 saylı evin 7 saylı mənzilinin onun adına sənədləşdirilməsinə köməklik göstərilməsi haqqında ərizəyə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirirlər ki, o, Xocalı rayonundan məcburi köçkün ailəsi kimi sözügedən mənzildə müvəqqəti məskunlaşmışdır və həmin mənzilə dair hüquq müəyyənedici sənədi olmadığından müraciətinin həlli RlH-in səlahiyyətləri xaricindədir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 22.04.2022-ci il tarixli 1/829 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsində yerləşən 19 saylı evin 7 saylı mənzili dövlət mənzil fonduna məxsusdur və sözügedən mənzildə İddiaçı Xocalı rayonundan məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 381 nömrəli 25.04.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” yaşayış sahəsi, 19 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin **********50 saylı 05.05.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, ev 19, 7 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məsələ ilə bağlı cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia mümkündür. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın hüquqi əsası ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun: 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış və ya həmin yaşa çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. 5-ci maddəsinə görə, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. İşdən görünür ki, iddiaçı məcburi köçkün və şəhid ailəsi üzvü statuslarına malik olan şəxs kimi, 1992-ci ildən qanuni əsaslarla məskunlaşdığı mənzilin onun adına rəsmilşdirilməsi (onunla mənzil kirayə müqaviləsinin bağlanması) üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən müraciəti təmin edilməmiş və imtina onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün ailəsi kimi sözügedən mənzildə müvəqqəti məskunlaşmışdır və həmin mənzilə dair hüquq müəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara verilir. 56.3-cü maddəsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 59.1-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf–dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Qanunvericiliyin qeyd olunan müddəalarını, iddiaçının faktiki olaraq 30 ilə yaxın müddət ərzində uzun bir zaman fasiləsiz və etirazsız olaraq həmin mənzildə yaşadığını və şəhid ailəsi üzvü olduğunu nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı və qanuni hesab olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” y/s, 19 saylı evin, 7 saylı mənzilinə dair iddiaçı xx.xx.1951-ci il təvəllüdlü İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli “Q” y/s, 19 saylı evin, 7 saylı mənzilinə dair iddiaçı xx.xx.1951-ci il təvəllüdlü İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar