Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6015/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 25.01.2021-ci il tarixli, 21-0090-01-01- 004001 nömrəli rəsmi məktub ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş müraciətinə rəsmi cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 25.01.2021-ci il tarixli, 21-0090-01-01- 004001 nömrəli rəsmi məktub ilə cavablandırılması üçün aidiyyəti üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Lakin həmin tarixdən 3 ay keçməsinə baxmayaraq müraciətinə heç bir rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, birdəfəlik maddi yardımın verilməsi ilə əlaqədar olan müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş cavabı almışdır, lakin digər məslələrlə əlaqədar müraciətləri hələ də cavabsız qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 25.01.2021-ci il tarixli, 21-0090-01-01-004001 nömrəli rəsmi məktub ilə cavablandırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş müraciət üzrə araşdırılma aparıldıqdan sonra 16 mart 2021-ci il tarixli məktubla rəsmi olaraq cavablandırılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbində formal xəta olmamış, tələb aydın surətdə ifadə olmuş və müvafiq iddia növü kimi verilmişdir. Odur ki, irəli sürülmüş tələb mümkünlük şərtləri üzrə qiymətləndirilməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yönəlmiş və iddianın predmetini məhz iddia ərizəsində qeyd edilən, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 25.01.2021-ci il tarixli, 21-0090-01-01-004001 nömrəli rəsmi məktub ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş müraciətinə rəsmi cavab verilməsi təşkil edir. İddia ərizəsinə isə yalnız həmin müşayiət məktubu əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 30.06.2021-ci il tarixli məktubla, İddiaçı Baş Prokurorluq tərəfindən aidiyyəti üzrə baxılması üçün 25 yanvar 2021-ci il tarixli, 21-0090-01-01-004001 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş müraciətinin və həmin müraciətə əlavə olunmuş 2 saylı Bakı DOST Mərkəzinin 29 dekabr 2020-ci il tarixli məktubunun surətləri məhkəməyə təqdim edilmişdir. Həmin müraciətdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək, 2 saylı Bakı DOST Mərkəzi tərəfindən hüquqularının pozulduğunu qeyd etmiş, iki dəfə maddi yardım alması ilə bağlı bildirilənlərin həqiqətə uyğun olmadığını bildirmiş və işin araşdırılmasını, pulun hansı hesaba köçürülməsinin aydınlaşdırılmasını xahiş etmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 31 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı müraciəti Azərbaycan Respublikasının Baş Prokurorluğunun 21-0090-01-01-004001 nömrəli, 25.01.2021-ci il tarixli müşayiət məktubu ilə Nazirliyə daxil olmuş və 16.02.2021-ci il tarixində **********1 nömrəsi ilə qeydiyyata alınmışdır. Nazirlik tərəfindən müraciətin icraçısı qismində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi müəyyən edilmişdir. Vətəndaşın müraciəti üzrə əlavə məlumatların əldə edilməsi zərurəti yarandığından DOST Agentliyi tərəfindən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə 01.03.2021-ci il tarixli **********0 nömrəli məktub ilə sorğu verilmiş və 15.03.2021-ci il tarixli **********8 nömrəli sorğuya cavab məktubu əsasında vətəndaş İddiaçı 16.03.2021-ci il tarixli **********30 qeydiyyat nömrəli cavab məktubu göndərilmişdir. Cavab məktubu 17.03.2021-ci il tarixdə 25 saylı reyestr ilə "xxxx" MMC-nin əməkdaşı tərəfindən qəbul edilmiş, 06.04.2021-ci il tarixdə 44 saylı poçt şöbəsi tərəfindən vətəndaşa təhvil verilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddia predmeti olan müraciət birdəfəlik yardımın ödənilməsi ilə bağlı olmuş və həmin müraciət hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddia verilməzdən əvvəl cavablandırılmış və həmin cavabın alınması iddiaçı tərəfindən məhkəmə iclası zamanı təsdiq edilmişdir. Belə olan halda, iddia ərizəsində qeyd edilən hallar iddia ərizəsi verilənədək aradan qalxdığından (müraciət cavablandırıldığından) və məhz iddiada göstərilən tələblə bağlı məhkəmə müdafiəsi hüququnun realizəsi üçün zərurət olmadığından hazırkı tələbə mahiyyəti üzrə baxıla bilməz. İddiaçının məhkəmə iclası zamanı cavablandırılmayan başqa çoxsaylı müraciətlərinin də olması ilə bağlı bildirdiklərinə və məhkəməyə təqdim etdiyi müraciət ərizələrinə münasibətdə məhkəmə qeyd edir ki, onlar hazırkı məhkəmə baxışının predmetinə aid olmadığından hüquqi qiymət verilə bilməz. Belə ki, İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bununla belə, məhkəmə izah edir ki, iddiaçı ayrıca iddia verilməklə həmin müraciətlərlə bağlı pozulmasını ehtimal etdiyi hüquqlarının müdafiəsini həyata keçirmək hüququ vardır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6015/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6015/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver