Məhkəmə qərarları › İş №2-1(112)-6016/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6016/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6016/2020 12.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddiaçının restrukturizasiya olunmalı borcluların siyahısına əlavə edilməsi tələbi barədə mübahisəyə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi X1 üzərinə İddiaçı Siyavuz qızını restrukturizasiya olunmalı borcluların siyahısına əlavə etmək öhdəliyinin qoyulması və cavabdeh "xxxx" KB ASC-nin üzərinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən yeni güzəştli kredit müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 12 oktyabr 2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. İddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı ilə yanaşı, ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasını da cavabdeh qismində göstərilmiş, lakin iddia tələbi üzrə inzibati orqan olmayan və tərəf kimi göstərilməmiş "xxxx" KB ASC-nin üzərinə öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq 31 avqust 2020-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq, tələbin inzibati orqan olmayan "xxxx" KB ASC-nə qrşı yönəldildiyi, "xxxx" KB ASC inzibati orqan olmadığından, inzibati məhkəmə icraatında üçüncü şəxs qismində çıxış edə biləcəyi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən inzibati icraat qaydasında baxılan iddialar üzrə qətnamə deyil, qərar qəbul edildiyi, həmçinin iddia ərizəsində cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Azərbaycan Respublikası Prezidentinin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən ləğv edilərək, onun prosessual hüquq varisliyi Azərbaycan Respublikasının Mərkəzi Bankına verildiyi nəzərinə çatdırılaraq, iddia tələbini dəqiqləşdirməsi təklif olunsa da, lakin iddiaçı tərəfindən hər hansı hərəkət olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsində inzibati icraatın mümkünlüyünün qanunla müəyyən edilən zəruri şərtlərinin mövcudluğu aşkar olunmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddiaçının restrukturizasiya olunmalı borcluların siyahısına əlavə edilməsi barədə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar