Məhkəmə qərarları › İş №2-1(112)-6016/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6016/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6016/2022 06.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin qeydiyyat nömrəsi 4357 olan ДИC ******* Diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədənkənar qaydada tanınmasına (nostrifikasiyasına) sərəncam verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina edərək bildirmişdir ki, ərizəçinin təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz, xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərdiyi məlum olmuşdur. Bundan sonra İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş qeydiyyat nömrəsi 4357 olan ДИC ******* Diplom üzrə ixtisasın tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən iddiaçıya verilmiş 2004-cü il tarixli, ДИC ******* seriyalı, 4357 qeydiyyat nömrəli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2004-cü ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı Filialının hüquq fakültəsini uğurla başa çatdırdıqdan sonra Dövlət attestasiya komissiyasının Qərarı ilə "Hüquqşünaslıq" ixtisası üzrə hüquqşünas kvalifikasiyası verilmiş və Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin qeydiyyat nömrəsi 4357 olan ДИС ******* bakalavr təhsil səviyyəsi ilə Diplom təqdim olunmuşdur. Diploma xx.xx.2011-ci il tarixdə Moskva şəhərinin Təhsil Departamenti tərəfindən "apostil" möhürü vurulmaqla Rusiya Federasiyasında qanuniliyi tanınmışdır. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı Filialına qarşı "fəaliyyətinin dayandırılması və verilmiş təhsil sənədlərinin etibarsız sayılması tələblərinə" dair iddiası qismən təmin olunmuşdur. Həmin qətnamədən görünür ki, iş üzrə Təhsil Nazirliyinin iddia tələbi Dağıstan Dövlət Universitetinin Bakı Filialının fəaliyyətinin dayandırılması ilə yanaşı, Filialın fəaliyyətə başladığı gündən iddia qaldırıldığı tarixə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi olmuşdur. Qətnamədən həmçinin görünür ki, məhkəmə Filialın fəaliyyətinin dayandırılması barədə iddianı təmin etmiş, lakin iddianı qalan hissədə, yəni "iddia qaldırıldığı tarixə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi" hissəsində rədd etmiş, həmçinin cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrinə yerləşdirilməsi Təhsil Nazirliyinə həvalə edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının təqdim etdiyi diplom üzrə ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları’na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman elektron ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qeyri-mümkün hesab edilmişdir. İddiaçının Bakı filialında təhsil almasına münasibətdə isə sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. 1 saylı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsinə əsasən, Bakı filialı qanunsuz (lisenziya almadan) fəaliyyət göstərdiyi üçün onun fəaliyyəti dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki, iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün məcburetmə haqqında hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə görə bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Həmin Qaydaların 2.26-cı bəndinə əsasən bakalavriat səviyyəsində təkrar ali təhsil alanlar üçün ali təhsil müəssisəsi əsas təhsil proqramlarına uyğun həmin ixtisas üzrə xüsusi (qısaldılmış) proqramlar da tətbiq edə bilər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.4-cü bəndinə əsasən bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız ixtisasın peşə hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə başa çatdırılır. İşdə olan 735772 saylı xx.xx.1993-cü il tarixli diplomdan görünür ki, iddiaçı 1987-ci ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuş, 1993-cü ildə “mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Rusiya Federasiyası Maxaçkala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИC ******* nömrəli xx.xx.2004-cü il tarixli Diplomdan görünür ki, İddiaçı “Hüquqşünaslıq” sahəsi üzrə “Hüquqşünas” ixtisası verilmişdir. X2 Universiteti tərəfindən xx.xx.2011-ci il tarixdə 117081 nömrəsi ilə apostil edilmişdir. ДИC ******* nömrəli Diploma əlavədən görünür ki, İddiaçı 2011-ci ildə Dağıstan Dövlət Universitetinə qəbul olunmuş, 2004-cü ildə həmin Universiteti bitirmiş, təhsil forması qiyabi olmuş, 3 il müddətinə təhsil almışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına”nın 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.İstinad edilən normaya görə mənfi rəyin verilməsi üçün üç əsasdan biri olmalıdır: 1) alınmış təhsilin normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; 2) alınmış təhsilə görə diplomda verilən hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda; 3) alınmış təhsilin forması ilə bağlı Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İş materialları ilə istinad olunan hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Belə ki, iddiaçı qısaldılmış müddət üzrə təkrar ali təhsil almış və bununla bağlı ona diplom verilmişdir. Cavabdeh iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil müddəti və təhsil formasının Azərbaycan Respublikasında yol verilməməsini mübahisələndirməmiş, həmçinin iddiaçıya məxsus diplomda verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması mübahisə doğurmamışdır. Cavabdeh inzibati orqan yalnız iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyini, yəni Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən fəaliyyət göstərdiyini bildirməklə imtina cavabı vermişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi ilkin olaraq məhkəmədə cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən hal-hazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılmış, iddia qalan hissələrdə rədd olunmuş və cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin təhsil hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmalıdır. Bundan da başqa məhkəmə hesab edir ki, cavabdeh müəssisədə hal-hazıradək təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanunauyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz.” Beləliklə, həmin məhkəmə qərarı ilə filial tərəfindən 2007-ci ilədək verilmiş diplomlar, o cümlədən hazırkı işdə iddiaçı olan İddiaçı Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş ДИC ******* saylı, xx.xx.2004-cü il tarixli bakalavr diplomu məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin bununla bağlı iddiası rədd olunmuşdur. Deməli, həmin diplom hazırda etibarlıdır və qüvvədədir. İddiaçı sözügedən Universitetin Ə.Əliyev adına Bakı filialında 2001-2004-cü illər ərzində, yəni filialın fəaliyyəti 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən dayandırılmamışdan əvvəl oxumuşdur. Digər tərəfdən, 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir. Bununla da əslində hüquqi dövlət və şəxsin etimad hüququnun qorunması prinsiplərinə uyğun olaraq həmin məhkəmə qərarı ilə fəaliyyəti dayandırılana qədər təhsil müəssisəsinin fəaliyyətinin və həmin dövrə qədər onun tərəfindən verilmiş təhsil sənədlərinin legitimliyi təsdiq olunmuşdur. Bununla həmin təhsil müəssisəsində təhsil alan tələblərin təhsil aldığı dövrlər qanuni sayılmış, buna görə də filialın fəaliyəti dayandırılıqdan sonra onlara təhsillərini başa vurmalarına şərait yaradılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının diplomunun tanınmasından imtina üçün istinad etdiyi bu dəlili əsaslı sayıla bilməz. Məhkəmənin bu mövqeyi analoji işlər üzrə yuxarı instansiya məhkəmələri tərəfindən tətbiq edilən məhkəmə təcrübəsinə də uyğundur. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında həmçinin iddiaçının sözügedən Universitetin Ə.Əliyev adına Bakı filialında oxumasının müəyyən edilmədiyini bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, bu halı niyə inzibati icraat zamanı qiymətləndirməməsini əsaslandırmamışdır. Həmçinin cavabdeh Dağıstan Dövlət Universitetinə müvafiq sorğu verməklə, məsələni aydınlaşdırmaq imkanına malik olsa da, bu imkanından istifadə etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlili formal xarakter daşımaqla əsassız olmuşdur. Çünki təhsil sahəsində dövlət tənzimlənməsini, təhsilin keyfiyyətinə dövlət nəzarətini, təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyindəki qurum kimi həmin Filialda təhsil alan şəxslərin siyahısını təqdim etmək, həmin siyahıda iddiaçının adının olmamasını sübut etmək cavabdehin vəzifəsi olmuş, lakin bu sübutetmə vəzifəsini həyata keçirməmişdir. Halbuki İPM-in 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən təqdim edilmiş ДИC ******* seriyalı xx.xx.2004-cü il tarixli diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasının tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar