Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6017/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçılar İddiaçı6, İddiaçı15, İddiaçı9, İddiaçı11, İddiaçı14 nümayəndəsi Nümayəndə, iddiaçılar İddiaçı10, İddiaçı1, İddiaçı14, İddiaçı9, İddiaçı6, İddiaçı15, İddiaçı21 nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X13, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1, üçüncü şəxslər A.Dadaşov, Ə.Məmmədov, X.Məmmədov, X.Əlimərdanov, Ə.Abbasov, K.Dinbazov, M.Xasiyeva, E.Xankərəmlinin nümayəndəsi və vəkili X6 iştirakı ilə, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, X16, X20, X14, X2, X21, X7, X11, X12) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X17, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 və İddiaçı23 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, X16, X20, X14, X2, X21, X7, X11, X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 2020-ci il tarixli 255 nömrəli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini, "xxxx" MMC-nin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186, 308-ci maddələrinin tərkibinin mövcudluğunun yoxlanması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokuroruna təqdim edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6017/2021 saylı 22.10.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, X16, X20, X14, X2, X21, X7, X11, X12) “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, X17, İddiaçı4, İddiaçı5 və İddiaçı22 iddiadan imtinaları qəbul edilmiş və həmin iddiaçılara aid hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı10, İddiaçı1, İddiaçı14, İddiaçı9, İddiaçı6, İddiaçı15, İddiaçı21 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçılar uzun illərdir ki, ünvan 1 ünvanında yerləşən binada tam mülkiyyət hüququ ilə yaşayır. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 23.11.2020-ci il tarixli 255 nömrəli Sərəncamı ilə iddiaçıların yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Qırmızı Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsindəki binanın yerləşdiyi 1,97 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin Sərəncamda qeyd olunmuşdur ki, binanın yerləşdiyi torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında alınması şərtilə verilir. Bir sözlə, sərəncam yalnız həmin ərazidə yaşayan sakinlərlə müvafiq razılıq əldə edildikdən sonra icra edilə bilər. Lakin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və 3-cü şəxs "xxxx" MMC sərəncamın icrası şərtlərini pozmuş, əmlak sahibləri kimi iddiaçılarla razılıq əldə etmədən yaşadıqları binada söküntü işləri apararaq sakinlər üçün ciddi narahatlıq yaradırlar. Bununla əlaqədar iddiaçılar tərəfindən aidiyyəti dövlət qurumlarına müraciət edilmişdir. Layihənin məqsədi şəffaf şəkildə sakinlərlə müzakirə edilməmiş və Pilot layihə adı ilə sərəncam verilərək şəxsi maraqlar ictimai maraqlardan üstün tutulmuşdur. Belə ki, Bakı şəhərində tikinti və söküntü işlərinin həyata keçirilməsinin layihələşdirilməsinin 3 (üç) forması vardır: 1) Dövlət ehtiyacları üçün əmlakın əldə edilməsi üzrə layihələrin icrası: bu layihələr Azərbaycan Respublikasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla tənzimlənir və burada tərəflər dövləti təmsil edən rayon icra hakimiyyəti və sakinlərdir. 2) Pilot layihələrin icrası: Bu layihə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə tənzimlənir. Adı çəkilən qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 nömrəli qərarı ilə ləğv edilmişdir. Həmin tarixdən sonra hər hansı formada Pilot Layihələrin icrası Bakı şəhəri üzrə mülkiyyət hüquqları pozulmuş sakinlərin haqlı narazılıqlarına əsasən dayandırılmışdır. 3) Məhz kommersiya məqsədləri üçün layihələrin icrası: Bu halda sahibkarlıq subyekti müəyyən bir ərazidə tikinti işlərinin aparılması və həmin ərazidə yaşayan mənzil mülkiyyətçiləri və istifadəçiləri ilə qarşılıqlı razılıq əsasında köçürülməsini həyata keçirmək üçün Bakı ŞİHB-dan və yaxud rayon icra hakimiyyəti başçısından torpaq sahəsinin ayrılması məqsədilə sərəncam alır. Daha sonra bütün ərazidə sakinlərlə mülki qanunvericiliyə uyğun razılaşdırmaqla müvafiq mülki hüquqi müqavilələr bağlayır və mənzilləri sökərək yerində hündürmərtəbəli bina tikərək realizə edir. İddiaçılar mənzil mülkiyyətçiləri və istifadəçiləri olaraq bu günədək "xxxx" MMC-nin Bakı ŞİHB-dən almış olduğu sərəncamla hansı növ layihə icra etməsi barədə rəsmi məlumat ala bilmirlər. Lakin tikinti şirkətinə verilmiş və hazırda mübahisələndirilən 23 noyabr 2020-ci il tarixli 255 nöməli sərəncamın məzmunundan belə başa düşülür ki, layihə kommersiya layihəsidir. Şirkət rəhbərliyi iddiaçılarla fərdi şəkildə görüşlərində layihənin Pilot olmasını və əlində Azərbaycan Respublikası Nazirlər Kabinetinin artıq ləğv edilmiş 25.02.2016-cı il tarixli 86 saylı qərarını tutub nümayiş etdirir. Halbuki həmin qərar qeyd edildiyi kimi 2019-cu il tarixdə ləğv edilmişdir və ondan sonra 2020-ci il 23 noyabr tarixində pilot layihənin icrası barədə sərəncam verilməsi hüquqi baxımdan qeyri-mümkündür. Hazırda mübahisələndirilən sərəncamın verilməsi “Etibar İnşaat-K“ MMC tərəfindən sui-istifadə hallarına yol verilməsinə və qanunsuz söküntü işlərinin aparmasına şərait yaradır. Şirkət tərəfindən bu sərəncam bəhanə edilərək sakinlərlə qarşılıqlı razılıq əldə edilməsi əvəzinə yaşadıqları binanı özbaşına sökmək və qəsdən qəzalı vəziyyətə salan hərəkətlərə yol verilir. Ərazidə tikiləcək yeni binaların təqdim edilən şəkillərinə baxdıqda açıq-aşkar görünür ki, diskriminasiyaya yol veriləcəkdir. İddiaçıları köçürmək istədikləri bina ilə satışa çıxarılan binalar arasında ciddi fərqlər vardır, digər tərəfdən təklif edilən mənzillər yaşadıqları binanın yerləşdiyi binanın yerində tikiləcək hündürmərtəbəli binadan deyil, arxa tərəfdə aşağı səviyyəli layihə üzrə tikiləcək binadan təklif edilir. Bakı şəhər İcra Hakimiyyəti sərəncam verilməzdən əvvəl ictimai iclaslar keçirməli, sakinlərinin rəyini nəzərə almalı və həqiqətən də layihə icra etmək potensialına malik şirkətə torpaq sahəsinin ayrılması barədə sərəncam verməli idi. Xeyrinə sərəncam verilmiş hüquqi şəxs 2020-ci ilin may ayında təsis edilmişdir, nizamnamə kapitalı 100 manat təşkil edir. Ümumiyyətlə "xxxx" MMC-yə mülkiyyətçilərin etibar edib mənzillərini vermələri və əvəzində gələcəkdə tikiləcək binada mənzil ala bilmələrinin heç bir qarantiyası yoxdur. Bu fakt özü-özlüyündə sərəncamın qanunsuz olması və ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı10, İddiaçı1, İddiaçı14, İddiaçı9, İddiaçı6, İddiaçı15, İddiaçı21 nümayəndəsi və vəkili Vəkil izahatında əlavə olaraq bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.11.2020-ci il tarixli, 255 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,97 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “Etibar İnşaat-K" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Sərəncamın mətnindən göründüyü kimi qeyd olunan ərazidə 1.97 ha torpaq sahəsi “Etibar İnşaat-K" MMC-ə bilavasitə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün deyil, gələcəkdə həmin ərazidə yerləşən daşınmaz əmlakın istifadəçiləri və mülkiyyətçiləri ilə “mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi” şərti ilə “icarə əsasında istifadəsinə verilib”. Qüvvədə olan qanunvericiliyə görə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Bakı şəhəri ərazisində ümumiyyətlə tikintiyə icazə vermək səlahiyyəti yoxdur. Belə ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-1VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il, 695 nömrəli fərmanının 47-4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) və 89.2-ci (birinci halda) maddələrində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda) və 94.3-cü (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı şəhərinin inzibati ərazisində və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində yerləşən tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. "xxxx" MMC-nin qeyd edilən ərazidə tikinti işləri aparmaq üçün səlahiyyətli dövlət orqanı tərəfindən verilən icazəsi yoxdur. Lakin buna baxmayaraq, "xxxx" MMC həmin ərazidə məhz tikiti barədə sərəncamlar üçün xarakterik olan işlər görməyə başlamışdır. Bu məqsədlə həmin şirkətin işçiləri və ya podratçıları cəmi bir giriş-çıxış yeri qoymaqla ərazini metal profillərdən və taxta lövhələrdən hazırlanmış hasarla hasarlamış, çoxmənzilli binaların sakinlərindən - mülkiyyətçilərindən bəziləri ilə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla öz mənzilini təhvil verməyin müqabilində bu ərazidə gələcəkdə tikiləcək çoxmənzilli binada yaşayış sahəsi ilə təmin olunmağa dair müqavilələr bağlamış və həmin mülkiyyətçiləri ailələri ilə birlikdə kirayə mənzillərə köçürməklə (kirayə haqqının MMC tərəfindən ödənilməsi şərti ilə) dərhal həmin mənzillərin qapı və pəncərələrini və yuxarıda sonuncu mərtəbədə yaşayan mülkiyyətçilərin mənzillərinin isə beton-taxta tavanlarını sökməyə başlamışlar. Qeyd edilən söküntü işləri “Etibar İnşaat-K" MMC tərəfindən digər - onunla müvafiq “müqaviləni” bağlamaq istəməyən sakinlərəmülkiyyətçilərə qarşı fiziki və psixoloji təzyiq vasitəsi kimi istifadə olunmağa başlanmışdır. Belə ki, bəzi mənzillərin qapı, pəncərə və hətta tavan hissələrinin sökülməsi qonşu mənzillərdə temperaturun sakinlər üçün əlverişsiz olaraq kəskin dəyişməsinə (yay fəslində temperaturun yüksəlməsi, qış vaxtı isə temperaturun enməsinə), söküntü işləri ilə bağlı sakinlərin yaşadığı mənzillərdə və onların ətrafında yüksək səs-küv, vibrasiya və toz buludunun yaranmasına, mənzillərin ətrafının və ümumiyyətlə həmin binaların ətrafının antisanitar vəziyyətə gətirilməsinə səbəb olub. Bundan başqa söküntü işləri zamanı bir sıra hallarda kommunikasiya xəttləri, o cümlədən qaz və su xəttləri zədələnmiş və qəza baş verməməsi üçün müvafiq kommunal təşkilatların qəza xidmətləri dəvət olunmuşdur. Bu cür söküntü işləri həm iddiaçıların yaşadığı 104 saylı binada, həm də inzibati orqanın sərəncamının əhatə etdiyi ərazidə yerləşən 102, 103 və 105 saylı binalarda aparılmışdır. Son 3 binada söküntü işləri daha çox aparılmış və həmin binalardakı mənzillərin çoxu yaşayış üçün yararsız vəziyyətə salınmışdır. Qeyd edildiyi kimi aparılan söküntü işləri nəticəsində yaranan səs-küy, vibrasiya və tozlu hava sakinlərə, o cümlədən iddiaçılara həm fiziki, həm də psixoloji baxımdan mənfi təsir edir. Həmin binalarda yaşayan sakinlərin çoxsaylı şikayətlərinə baxılarkən, o cümlədən hazırkı məhkəmə işində iddiaçı qismində çıxış edən sakinlərin iddia tələbinə baxılarkən "xxxx" MMC-ni təmsil edən şəxslər həmin söküntü işlərinin MMC tərəfindən deyil, sökülən mənzillərin mülkiyyətçiləri tərəfindən aparıldığını bildirmişlər. Bu mülahizənin əsassızlığını sübut etmək üçün iddiaçılar tərəfindən məhkəməyə söküntü işlərini aparan şəxslərin fotoşəkilləri, onların "xxxx" MMC ilə bağlılığını təsdiq edən sənədlər və iddiaçı sakinlər tərəfindən təsdiq olunmuş akt əlavə olunmuşdur. Həmin aktda X18 yuxarıda qeyd edilən akta 2021-ci ilin yanvar ayının əvvəlindən başlayaraq, hazırkı günə qədər söküntü işlərində həm birbaşa iştirak etməsi, həm də bu söküntü işlərinin aparılmasına rəhbərlik etməsi qeyd olunmuşdur. Bundan başqa mənzilini tərk edən sakinlərin mənzilin beton-taxta tavanını da söküb aparması və ya binaların ətrafında hasar çəkməsini iddia etmək gülüncdür. Halbuki, məhkəmə tərəfindən binalara keçirilmiş baxış zamanı və məhkəməyə təqdim edilmiş fotoşəkillərdən binadakı bəzi mənzillərin damlarının sökülməsi və binaların ətrafına hasar çəkilməsi aydın görünür. Bundan başqa iş materiallarına əlavə olunmuş və uzun müddətli iş stajına malik 3 həkim və 1 provizor tərəfindən təsdiq olunmuş 30.09.2021-ci il tarixli tibbi ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında sökülən evlərin qapı-pəncərələrinin və damların bərpa edilmədiyi təqdirdə həmin binada yaşayan sakinlər ciddi səhiyyə problemləri ilə qarşılaşmaq riski altındadır. Mənzillərini tərk edərək kirayə mənzillərə köçürülmüş sakinlərlə bağlanmış müqavilələr də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsində konkret olaraq göstərilib ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Lakin "xxxx" MMC gələcəkdə inşa olunacaq binalarda mənzillə təmin etmək barədə öhdəlik götürdüyü vətəndaşlarla bağladığı müqavilələrdən heç birini notarial qaydada təsdiq etdirməmişdir. Bu isə həmin müqavilələrin heç bir hüquqi qüvvəsinin olmamasına dəlalət edir. Belə ki, təsdiq etdiyi müqavilənin qanunauyğunluğunu yoxlamalı olan notarius heç bir halda bu cür müqaviləni təsdiq etməzdi. Mülki Məcəllənin 144.2-ci maddəsinə əsasən müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Buna baxmayaraq, notarial təsdiq olmadan sadə yazılı formada bağlanan və gələcəkdə icra olunması şübhə altında olan bu müqavilə əsasında sərəncamla əhatə olunan ərazidə yerləşən çoxmənzilli binaların bır sıra sakinləri öz mənzillərində kiyayə evlərə çıxarılmış və onların mənzilləri sökülərək yararsız vəziyyətə salınmışdır. Qeyd olunanlardan görünür ki, “Etibar İnşaat-K" MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının “torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi" barədə sərəncamından qüvvədə olan qanunvericiliyi və vətəndaşların hüquqlarını kobud surətdə pozmaqla öz şəxsi mənafeləri üçün - tikinti aparmağı planlaşdırdığı ərazidə çoxmənzilli binaların sakinlərini oradan çıxarmaq və mənzilləri sökməklə ərazini təmizləmək üçün istifadə etmişdir. Bu zaman Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının qüvvədə olan qanunvericiliyə zidd olmasına və bu əsasla ləğv olunmalı olduğuna dəlalət edən diqqətəlayiq məsələlərdən biri həmin sərəncam vasitəsilə inzibati orqanın (Bakı şəhər İcra Hakimiyyəti Başçısının) mülki münasibətlərə müdaxilə edilməsi faktıdır. Belə ki, həmin sərəncamın 1-ci maddəsində müvafiq ərazidə qeydiyyata alınmış daşınmaz əmlak istifadəçiləri (mülkiyyətçiləri) ilə “mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq" əsasında “Etibar İnşaat-K" MMC tərəfindən “tənzimlənməsi şərti ilə’' yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün 1,97 ha torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsidir. İcarə əsasında istifadəyə verilən ərazi boş torpaq sahəsi deyil. Orada yüzlərlə vətəndaşın mülkiyyətlərində olan mənzillərində yaşadığı 5 ədəd çoxmənzilli bina yerləşir. Həmin ərazisində 1.000 nəfərdən artıq əhali yaşayır. Həmin mənzillər vətəndaşların mülkiyyətində olduğu və onların yekdilliklə öz mənzillərini yeni mənzillər müqabilində “Etibar İnşaat-K" MMC-nə güzəştə getməyə razılıqlarını - iradə ifadələrini bildirmədikləri və bununla bağlı hər hansı müqavilə imzalamadıqları halda inzibati orqan olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının həmin binaların yerləşdiyi və həyətyanı ərazidə olan 1,97 ha torpaq sahəsini “yeni yaşayış və binalarının və qeyri-yaşayış sahələrinin" tikintisi üçün “Etibar İnşaat-K" MMC-nə “icarə əsasında istifadəyə verməsi" barədə sərəncam verməsi qüvvədə olan qanunvericiliyə ziddir. Bakı şəhər İcra Hakimiyyəti hətta bu sərəncamın tikinti barədə deyil, icarə barədə olduğunu “unudaraq” həmin sərəncamın 2-ci bəndində "xxxx" MMC-ni “İcarəçi” kimi deyil, “Sifarişçi” kimi göstərir və sərəncamın 2.1-ci bəndində ona, minə (1000) yaxın sakinin öz tam kommunal şəraitli mənzillərində yaşadığı boş olmayan “sahəni yerində qəbul etməyi və onun sanitar vəziyyətinə nəzarət etməyi” tapşırır. Halbuki, həmin binalara və onların yerləşdiyi əraziyə, habelə həmin ərazidə olan sanitar vəziyyətə hazırkı vaxtadək formal olaraq 40 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xidmət olunur. Ərazinin sanitar vəziyyətinə nəzarətin paralel olaraq "xxxx" MMC-nə tapşırılması vəziyyəti yalnız mənfi istiqamətdə dəyişdirib. Belə ki, onun “nəzarət etdiyi sahənin sanitar vəziyyətinə” dair iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən aparılan söküntü işləri nəticəsində ərazidə yaranan və ümumiyyətlə yığışdırılmayan zibil qalaqları aydın görünür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının mübahisələndirilən sərəncamı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində əks olunan mülki hüquq subyektlərinin bərabərliyi (1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (2), mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi (3), mülkiyyətin toxunulmazlığı (4), müqavilələr azadlığı (5), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması (6) prinsipləri kobud surətdə pozulmuşdur. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti mübahisələndirilən sərəncamı ilə həmin sərəncamın əhatə etdiyi ərazidə yerləşən çoxmənzilli binaların sakinlərini öz evlərini iradələrinə zidd olaraq (1), hər hansı etibarlı təminat olmadan (2), qanunauyğunluğu notarius tərəfindən yoxlanıla bilən notarial təsdiqli müqavilə bağlanılmadan (3) ehtimal əsasında (4) "xxxx" MMC-nə verməyə məcbur edir. Halbuki, Mülki Məcəllənin 6.2-ci maddəsində müəyyən olunur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 6.3-cü maddəsində göstərilir ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı6, İddiaçı15, İddiaçı9, İddiaçı11, İddiaçı14 nümayəndəsi Nümayəndə iddia ərizəsində yazılanları müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X26 izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.11.2020-ci il tarixli 255 nömrəli Sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciətini, Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun rəyini nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncamın verilməsi zamanı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Sərəncamın ləğv edilməsi üçün əsas mövcud deyildir. İddia ərizəsində göstərilənlər əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 23.11.2020-ci il tarixli, 255 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Həmid Sultanov (keçmiş İ.Qutqaşınlı küçəsi), Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində 1.97 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Etibar İnşaat-K'' MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" MMC-nə ayrılmışdır. Sərəncamın icrasını təmin etmək məqsədi ilə qeyd olunan ərazidə yerləşən Qızıl Şərq küçəsi 102, 103, 104, 105 saylı binaların ümumi sayı 124 olan mülkiyyətçiləri və istifadəçiləri ilə danışıqlar aparılaraq iddiaçılardan başqa digər mənzil sahibi ilə razılıq əldə edilmiş və müqavilələr bağlanılaraq köçürülmüşlər. Müqavilə şərtlərinə əsasən mənzil sahiblərinə yaşayış üçün yararsız binalarda yerləşən mənzillərinin əvəzində həmin ərazidə inşa ediləcək müasir yaşayış kompleksində mövcud olmuş mənzil sahələrinə daha artıq sahə əlavə olmaq şərti ilə təmirli mənzillərin verilməsi nəzərdə tutulur. Əlavə olaraq yeni yaşayış sahələri inşa edilib mənzil sahiblərinə təhvil verilənədək, müvəqqəti mənzil kirayə etmələri üçün şirkət tərəfindən onlara aylıq kompensasiya ödənilir. Beləliklə aydın olaraq görünür ki, şirkət heç kimi mülkiyyətindən məhrum etmir, sadəcə olaraq həmin yerdə inşa olunacaq yeni yaşayış kompleksində dəyəri xeyli dərəcədə əvvəlki mənzillərin dəyərini üstələyən mənzillərlə təmin etmək öhdəliyini üzərinə götürür. Mənzil sahibləri ilə müqavilələrin bağlanması 2020ci ilin dekabr ayından başlanılıb, həmin vaxtdan da kirayə haqqları ödənilir. İddia ərizəsində iddianı əsaslandırmaq üçün "iddianın dəlilləri "adı altında təqdim edilmiş hissədə iddiaçıların subyektiv fikirlərindən başqa heç bir dəlil və subut göstərilməmişdir. Ümumiyyətlə Azərbaycan Respublikasında, onun paytaxtı Bakı şəhərində istismar müddəti başa çatmış, texniki cəhətdən yolverilməz vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində inşa olunan müasir binalarla əvəz olunması layihələrinə qarşı çıxmaq, ən azından həmin binada yaşamış və hal-hazırda kirayədə yaşayaraq yaşayış binasının tikintisinin yekunlaşmasını gözləyən yüzlərlə insana qarşı ədalətsizlikdir. Qeyd olunanları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini Tikintidə X5 Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitunun 25.08.2020-ci il tarixli Rəyinə əsasən yaşayış evlərinin texniki cəhətdən yolverilməz vəziyyətdə olmasını, istismar müddətinin yüz ildən çox olmasını nəzərə alaraq, qeyd olunan mənzillərin gələcək istismarı qeyrimümkündür. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər A.Dadaşov, Ə.Məmmədov, X.Məmmədov, X.Əlimərdanov, Ə.Abbasov, K.Dinbazov, M.Xasiyeva, E.Xankərəmlinin nümayəndəsi və vəkili X15 izahatında bildirdi ki, "Etibar İnşaat-K'' MMC ilə təmsil etdiyi şəxslər və digər sakinlər arasında razılıq əldə olunaraq müqavilə bağlanılmış, sakinlər mənzillərini tərk edərək kirayədə yaşayırlar və MMC tərəfindən hər ay onlara kirayə pulu ödənilir. Sakinlər binaların sökülərək yenisinin tikilməsini və onlara yeni mənzillərin verilməsini gözləyirlər. Artıq uzun müddətdir ki, sakinlər kirayədə yaşayırlar. Əldə olunmuş razılığa əsasən kirayət pulu 2 il ərzində ödəniləcək və onlar yeni mənzillə təmin olunacaqlar. Lakin bir neçə nəfərin məhkəməyə əsassız müraciəti bu prosesi ləngidir və sakinlərin hüquqlarını pozur. Artıq neçə müddətdir ki, binanın sökülməsi və yenisinin tikilməsi işi başlanılmamışdır. Bu da sakinlərin narahatlığına səbəb olur və onlara maddi və mənəvi ziyanın vurulmasına səbəb olur. Bir neçə nəfərin əsassız iddiası razılaşmış və hazırda mənzilini tərk edərək kirayədə yaşayan 100-dən artıq ailənin hüquqlarını kobud şəkildə pozur. Hesab edir ki, mübahisələndirilən sərəncamın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.11.2020-ci il tarixli 255 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.06.2020-ci il tarixli, 2 nömrəli müraciətini, Yasamal Rayon İcra Hakimiyyətinin 17.06.2020-ci il tarixli, 1152/d nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01.10.2020-ci il tarixli, 02/07-4228 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29.10.2020-ci il tarixli, **********83 nömrəli razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 25.08.2020-ci il tarixli rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC (İcraçı) ilə X4 Kemaloviç, X23, X27, X2, X12, X21 arasında imzalanmış müqavilələrin surətindən görünür ki, İcraçi Sifarişçinin mülkiyyətində olan mənzilin əvəzinə ümumi sahəsinə 20% əlavə etməklə yeni inşa olunacaq yaşayış binasında mənzili Sifarişçiyə verməyi, Sifarişçi öz növbəsində söküntüsü nəzərdə tutulan binada mülkiyyətində olan mənzili İcraçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddət və qaydada yeni inşa ediləcək binada ona ayrılmış mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 17 iyun 2020-ci il tarixli 1152/d saylı məktubun təsdiq edilmiş surətindən görünür ki, Yasamal rayon İcra Hakimiyyətinə "xxxx" MMC-nin direktoru 16.06.2020-ci il tarixli, 01 nömrəli məktubla müraciət edərək, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən ərazidə istismar müddəti başa çatmış, Bakı şəhərinin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən yaşayış binalarının və digər tikililərin sökülməsinə, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsinə rəy verilməsini xahiş etmişdir. Yasamal rayon İcra Hakimiyyəti ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq kompensasiyanın verilərək sökülməsinin şirkət tərəfindən təmin edilməsi şərti ilə həmin ərazinin müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmasına etiraz etməmiş və qaldırılan məsələni Bakı şəhər İcra Hakimiyyətinin müzakirəsinə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış 01 oktyabr 2020ci il tarixli 02/07-4228 saylı məktubun təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, Qızıl Şərq və T.Şahbazi küçələrinin kəsişmələrində yerləşən ərazidə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1,97 hektar torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 20.07.2020-ci il tarixli 7-1797/17 nömrəli məktubuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda yerləşən 1,97 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun olaraq üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 29 oktyabr 2020-ci il tarixli **********83 saylı məktubun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məsəlləsinin 65-ci maddəsinə uyğun olaraq ayrılması nəzərdə tutulan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 1,97 hektar torpaq sahəsinin yerquruluşu planı hazırlanarkən ərazidə yaşayış və qeyri-yaşayış binaları, yaşayış binasının zirzəmisində kitabxana və qeyri-yaşayış sahəsi, eləcə də dövlətə məxsus yarımstansiya və su nasosxanasının yerləşdiyi məlum olmuşdur. Yaşayış və qeyriyaşayış sahələri, dövlətə məxsus yarımstansiya və su nasosxanası ilə bağlı məsələlərin mövcud qanunvericiliyə uyğun həll edilməsi, zirzəmidə yerləşən kitabxana və qeyriyaşayış sahəsinin yerləşdirilməsi barədə üçtərəfli (balanssaxlayıcı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) müqavilənin bağlanılması şərtilə tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,97 hektar torpaq sahəsinin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilməmişdir. İş materiallarında olan “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 25.08.2020-ci il tarixli rəyinin surətindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 №li memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 3 №li memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X5 Agentliyinin 04 avqust 2020-ci il tarixli, 34/06409 nömrəli tapşırığına əsasən Bakı şəhəri, ünvan 6 ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinə vizual texniki baxış keçirmiş və həmin ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinin texniki cəhətdən yolverilməz vəziyyətdə olması barədə rəy verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı və Tağı Şahbazi küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalaranın Memarlıq İşçi Layihələrindən görünür ki, həmin Layihələr Azərbaycan Respublikasının Dövlət Şəhərsalama və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 07.09.2021-ci il tarixdə razılaşdırılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 23.11.2020-ci il tarixli 255 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.97 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Bu zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.06.2020-ci il tarixli, 2 nömrəli müraciəti, Yasamal Rayon İcra Hakimiyyətinin 17.06.2020-ci il tarixli, 1152/d nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01.10.2020-ci il tarixli, 02/07-4228 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29.10.2020-ci il tarixli, **********83 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 25.08.2020-ci il tarixli rəyi nəzərə alınmışdır. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 17 iyun 2020-ci il tarixli 1152/d saylı məktuba əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq kompensasiyanın verilərək sökülməsinin şirkət tərəfindən təmin edilməsi şərti ilə həmin ərazinin müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə ayrılmasına etiraz etməmiş və qaldırılan məsələni Bakı şəhər İcra Hakimiyyətinin müzakirəsinə təqdim etmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli 02/07-4228 saylı məktubuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, Qızıl Şərq və T.Şahbazi küçələrinin kəsişmələrində yerləşən ərazidə 1,97 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə uyğun olaraq üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış 29 oktyabr 2020-ci il tarixli **********83 saylı məktuba əsasən Əmlak Məsələləri Dövlət Xidməti 1,97 hektar torpaq sahəsinin yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz etməmişdir. Bundan başqa, Bakı şəhəri, ünvan 6 ünvanlarda yerləşən 2 mərtəbəli yaşayış evlərinin texniki cəhətdən yolverilməz vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən 25.08.2020-ci il tarixdə rəy verilmiş və Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı və Tağı Şahbazi küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalaranın Memarlıq İşçi Layihələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalama və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 07.09.2021-ci il tarixdə razılaşdırılmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, qeyd olunan ünvanda cəmi 124 ailədən 7 ailə istisna olmaqla digər sakinlərlə "xxxx" MMC arasında sakinlərin mənzillərinin əvəzinə yeni inşa olunacaq yaşayış binasında ümumi sahəsinə 20% əlavə etməklə yeni mənzillərin verilməsi və yeni mənzillərə köçənədək müəyyən müddətə başqa mənzillərdə yaşamaları üçün mənzil kirayə haqqlarının ödənilməsi ilə bağlı razılıq əldə olunmuş və müvafiq müqavilələr imzalanmışdır. Göründüyü kimi, iddiaçılar tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilmədi. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbində göstərilən "xxxx" MMC-nin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186, 308-ci maddələrinin tərkibinin mövcudluğunun yoxlanması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokuroruna təqdim edilməsi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə işdə iştirak edən şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6017/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6017/2021
22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver