Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6017/2022 23.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarına əsasən “26 Bakı komissarları adına rayon İcraiyyə Komitəsi”nin bağçılıq-yoldaşlığı tərəfindən verilmiş Bakı şəhəri, Dübəndi ərazisində yerləşən 01 və 02 saylı ümumi sahələri 1000 kv.m olan bağ sahələrinin dövlət qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi “26 Bakı komissarları adına rayon İcraiyyə komitəsinin” bağçılıq təsərrüfatının protokoluna, üzvlük siyahısına və üzvlük protokoluna əsasən 1 və 2 saylı bağ sahəsinin sahibi İddiaçıdur. Göründüyü kimi iddiaçının bağ sahəsi üzərində hüquqları yaranmışdır. Müvafiq olaraq qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin cavabdeh iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “26 Bakı komissarları adına rayon İcraiyyə komitəsinin” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısı aşkar olunmamışdır. Həmçinin, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin bir hissəsi (258 kv.m) “26 Bakı komissarları adına rayon İcraiyyə Komitəsi” bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, bağ sahəsinin bir hissəsi (258 kv.m sahənin 80 kv.m hissəsi) X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, 13-cü Cənubi küçəsi, 148 saylı bağ sahəsi ilə üst-üstə düşür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 3 əsas gətirir:
1. “26 Bakı komissarları adına rayon İcraiyyə komitəsinin” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısının aşkar edilməməsi;
2. Bağ sahəsinin bir hissəsinin “26 Bakı komissarları adına rayon İcraiyyə Komitəsi” bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda yerləşməsi;
3. Bağ sahəsinin bir hissəsinin (80 kv.m hissəsi) X1 mülkiyyətində olan bağ sahəsi ilə üst-üstə düşməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlak üzərində dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, torpaq (bağ) sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mübahisələndirilən bağ sahələri üzərində mülkiyyət hüquqları yaranmışdır ki, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasının mümkünsüz hesab etməsinin əsası kimi “26 Bakı komissarları adına rayon İcraiyyə komitəsinin” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısının aşkar edilməməsi, bağ sahəsinin bir hissəsinin “26 Bakı komissarları adına rayon İcraiyyə Komitəsi” bağçılıqyoldaşlıq ayrıc aktından kənarda yerləşməsi və bağ sahəsinin bir hissəsinin X1 mülkiyyətində olan bağ sahəsi ilə üst-üstə düşməsi göstərilmişdir. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara cavab məktublarından görünür ki, “26 Bakı kommisarları adına rayon İcraiyyə Komitəsinin” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısı nə İdarənin arxivində, nədəki Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mühafizə olunan sənədlər arasında aşkar olunmamışdır. Nəzərə alınmalıdır ki, bağçılıq-yoldaşlıq üzvlərinin siyahısının aşkar edilməməsi iddiaçının bağ sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yaranması halını istisna etmir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli. İ/25 saylı qərarına əsasən bağçılıq təsərrüfatının yaradılması məqsədi ilə Dübəndi ərazisində 26 Bakı kommisarlar rayonu üzrə müəssisələrin üzvlərinə torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi Bakı şəhər XDS İK tərəfindən 26 Bakı kommisarları adına rayon İcraiyyə Komitəsinə bağ sahələrinin ayrılması müvafiq qərar ilə təsdiq olunmuşdur ki, bu da müvafiq olaraq bağ sahələrin üvlərə ayrılmasını təsdiq edən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısının mövcudluğunu istisna etmir. Nəzərə alınmalıdır ki, bağçılıq-yoldaşlıq üzvlərinin siyahısının aidiyyəti qurumların arxivlərində saxlanılmaması və ya həmin sənədlərin mühafizə edilməsi məqsədi ilə arxivə təhvil verilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və bu hal onun gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Məhkəmə xüsusi ilə diqqətə çatdırır ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, 26 Bakı komissarları adına rayon İcraiyyə Komitəsinin ilkin bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında 1 №-li bağ sahənin sahibi kimi X6, 2 №-li bağ sahəsinin sahibi kimi isə X7 olması göstərilmişdir. Bundan sonra xx.xx.1996-cı il tarixli ümumi iclas protokoluna əsasən üzvlərin imtina ərizələrinin qəbul edib vəsiqələrinin ləğv olunması, torpaq sahələrinin istifadəsiz, boş qalmamasını nəzərə alaraq, yeni üzvlərin ərizələrinin qəbul edilməsi qərara alınmış, bağçılıq yoldaşlığı üzvləri arasında dəyişikliklərlə əlaqədar olaraq bağçılıq-yoldaşlıq üzvlərinin siyahısı yenilənmiş, 1 və 2 №-li bağ sahələrinin İddiaçı ayrıldığı göstərilmişdir. Bakı şəhəri X5 İcraiyyə Komitəsi 26 Bakı Komissarları adına rayon İcraiyyə Komitəsinin bağçılıq yoldaşlıq X3 5 saylı, xx.xx.1997-ci il tarixli protokoldan çıxarışlardan görünür ki, torpaq sxeminə əsasən 02 saylı bağ sahəsinin (500 kv.m) İddiaçı təhkim edilməsi, həmçinin X4 məxsus 01 saylı bağ sahəsindən (500 kv.m) sahibinin imtina etməsi barədə müraciətini nəzərə alaraq, həmin ərazi qonşuluqda olan 02 saylı bağ sahəsinin sahibi İddiaçı təhkim olunması, beləliklə, ümumi sahəsinin 100 kv.m hesab edilməsi qərara alınmışdır. Göründüyü kimi mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Dübəndi ərazisində yerləşən 01 və 02 saylı ümumi sahələri 1000 kv.m olan bağ sahələri İddiaçı ayrılmış, nəticə etibarı ilə bağ sahələrinin ayrılması barədə iddiaçıya bağçılq yoldaşlığının üzvlük vəsiqəsi verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya verilmiş üzvlük kitabçası, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına və üzvlərin iclasının protokoluna uyğun olaraq verildiyindən, cavabdeh isə həmin sənədlərin mötəbərliyini təkzib edən hər hansı dəlil təqdim etmədiyindən, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi ikinci və üçüncü əsasa münasibətdə qeyd edir ki, cavabdeh bağ sahəsinin bir hissəsinin “26 Bakı komissarları adına rayon İcraiyyə Komitəsi” bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda yerləşməsi və bir hissəsinin isə X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə mülahizələr irəli sürsə də, məhkəmə bu hissədə cavabdehin imtinası ilə qismən razılaşır. Belə ki, məhkəmə icraatı zamanı əldə olunmuş ekspert rəyindən görünür ki naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatı nəticəsində İddiaçı 26 Bakı Komissarları adına rayon İcraiyyə Komitəsinin Bağçılıq-Yoldaşlığının X3 5 saylı protokoluna əsasən ayrılmış torpaq (bağ) sahələrinin naturada yeri, koordinatları müəyyən edilmiş, 1 və 2 torpaq sahələrinin 26 Bakı Komissarları adına rayon İcraiyyə Komitəsinin bağçılıq yoldaşlığın ayrıc aktına uyğun olaraq koordinatları müəyyənləşdirilmiş və plana alınmış, mübahisəli torpaq sahəsinin X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə ekspert rəyində əks olunanlar ilə, yəni bağ sahəsinin bir hissəsinin “26 Bakı komissarları adına rayon İcraiyyə Komitəsi” bağçılıq-yoldaşlıq ayrıc aktının daxilində yerləşməsi ilə razılaşır, torpaq sahəsinin X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi hissə ilə isə razılaşmır. Belə ki, məhkəmə icraatı zamanı əldə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsi, 13-cü Cənub küçəsi 148 saylı bağ sahəsi “Foton” yoldaşlıq bağçılığı yoldaşlığının protokoluna əsasən X2 ayrılmış, bunun əsasında şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivində yerləşən 01-02 saylı bağ sahələrinin ortofoto planlarından da aydın olur ki, bağ sahələrinin qeydiyyatdan keçən ərazi ilə üst-üstə düşən hissəsi “26 Bakı komissarları adına rayon İcraiyyə Komitəsi” bağçılıq-yoldaşlıq ayrıc aktından kənarda yerləşir və mövcud olan sənədlərə əsasən həmin sahə (üst-üstə düşən) “Foton” yoldaşlıq bağçılığı yoldaşlığının ayrıc aktının daxilində yerləşməklə müvafiq olaraq həmin yoldaşlığın üzvü olan X1 adına qeydiyyatdan keçmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası qismən (X1 adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə) əsaslı olmuşdur ki, bu hazırki iddia tələbinin qismən təmin olunmasına əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarına əsasən “26 Bakı komissarları adına rayon İcraiyyə Komitəsi”nin bağçılıq-yoldaşlığı tərəfindən verilmiş Bakı şəhəri, Dübəndi ərazisində yerləşən 01 və 02 saylı ümumi sahələri 1000 kv.m olan bağ sahələrinin X1 adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşən hissədə istisna olmaqla, digər hissədə dövlət qeydiyyatına alınaraq, reyestrdən İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov