Məhkəmə qərarları › İş №2-1(112)-6019/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6019/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6019/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci və 32.1-1-ci maddələrinə əsasən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə ona 14 may 2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasi öhdəliyinin qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 08 oktyabr 2020-ci il tarixində güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, qeyd olunan şərtlərlə pensiya almaq hüququm yarandığı üçün ona pensiya təyin edilməsini xahiş etmişdir. Bu məqsədlə ərizəsinə əmək kitabçasının əslini, hərbi biletinin surətini, şəxsiyyət vəsiqəsinin surətini, diplomun surətini, arxiv arayışının əslini əlavə etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2020-ci il 27 oktyabr tarixli **********2 nömrəli məktubu ilə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin olunmasından imtina olunmuşdur. İmtinanın səbəbləri kimi 60 yaşı tamam olan tarixə, yəni 14 may 2020-ci ilə fərdi hesaının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi və 12 il 6 ay güzəştli iş stajına malik olmaması göstərilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2020-ci il 27 oktyabr tarixli **********2 nömrəli cavab məktubunu əsaslandırılmış hesab etmədiyi və cavab məktubunda imtinanın səbəbləri kimi 60 yaşı tamam olan tarixə, yəni 14 may 2020-ci ilə fərdi hesaının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi və 12 il 6 ay güzəştli iş stajına malik olmaması barədə məlumatın əsassızlığı ilə əlaqədar tam ətraflı olmaqla ərizəsini əsaslandıraraq, 05.01.2021-ci il tarixində yenidən müraciət etmiş, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2020-ci il 27 oktyabr tarixli **********2 nömrəli məktubunda göstərilənlərdən fərqli cavab almışdır. Belə ki, 2020-ci il 27 oktyabr tarixli **********2 nömrəli məktubunda güzəştli iş stajının 1 lil 11 ay 22 gün olduğu , yəni guya 6 ay 9 gün çatışmadığı göstərildiyi halda, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının 02 aprel 2021-ci il tarixli **********1 saylı cavab məktubunda güzəştli iş stajının guya 4 il 29 gün çatışmadığı göstərilmişdir. Göründüyü kimi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında onun qanuni hüququ pozulmuşdur. O, xx xxx 1960-cı ildə doğulmuşdur və onun 57 yaşı 14 may 2017-ci ildə tamam olmuşdur. Əmək kitabçasına əsasən onun sığorta stajı 14 may 2017-ci il tarixinə 16.09.1977-ci ildən 09.04.1979-cu ilə, 03.08.1981-ci ildən 21.08.1992-ci ilə, 03.09.1992-ci ildən 21.12.2000-ci ilə, 05.01.2001-ci ildən 05.12.2003-cü ilə, 23.01.2013-cü ildən 14.05.2017-ci ilə kimi olan dövrü əhatə edir. 23.04.1979-cu ildən 13.05.1981 -ci ilədək isə hərbi xidmətdə olmuşdur. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 14.05.2017-ci il tarixə mənim 30 il 9 ay 14 gün ümumi sığorta stajı toplanır. Əmək kitabçasındakı qeydlərə əsasən güzəştli iş stajına 01.01.1978-ci ildən 09.04.1979-cu ilədək, 03.08.1981-ci ildən 17.04.1990-ci ilədək, 02.01.1992-ci ildən 21.08.1992-ci ilədək olan dövrlər daxil edilməlidir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bölməsinin 1.1.2-ci yarım bölməsi; 29-cu bölməsi). Qeyd edilənlərdən göründüyü kimi, Siyahıya əsasən 10 il 7 ay 11 gün iş stajı toplanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 29.04.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yazılı etirazı məhkəməyə daxil olmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yazılı etirazında göstərmişdir ki, İddiaçı cavabdeh Filiala qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair iddiasını qəbul etmirlər. İddiaçı iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. İddiaçının dəlili yersizdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.“Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir, (əlavənin 2.4-cü bəndi) Lakin, iddiaçı heç bir arayış təqdim etməmişdir. ƏPQ-nin 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alman və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. ƏPQ-nin 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 60 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 60 yaşının tamam olduğu 01.07.2020-ci ildə, 65 yaş olmuşdur. Deməli, ƏPQ-nin 45-ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 204 aya (144 ay + 60 ay) bölünməlidir. 60 ay iddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 60 yaşla ƏPQ-nin 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 65 yaş arasındakı fərqdir (65 il - 60 il = 5 il). Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında verdyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı ildə Lənkəran şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli 20.01.1978-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 16.09.1977-ci ildə “Dəmirbeton” trestinin Təcrübə-sınaq zavoduna Yeni Texnika qrupu sahəsinə metal konstruuksiyaların yığılması üzrə quraşdırıcı-çilingər şagirdi kimi qəbul olunmuşdur (əmr 101/k, 16.09.1977-ci il); 01.01.1978-ci ildə Metal konstruksiyaların yığılması üzrə birinci dərəcəli çilingər peşəsi verilir ( əmr 2/k, 2.01.1978-ci il); 17.07.1978ci il Azərbaycan SSR ƏMQ 36-cı maddəsinin 5-ci b əsasən Dəmirbeton zavodunun Təsərrüfat hesablı TTS-nə keçirilməklə işdən azad edilmişdir (əmr 80/k, 17.07.1978-ci il); 16.07.1978-ci ildə Dəmirbeton trestinin Təsərrüfat hesablı təmir tikinti sahəsi. Dəmirbetontrestinin TZS-dən keçirmə yolu ilə 2-ci dərəcəli quraşdırıcı-çilingər işinəqəbul olunmuşdur (Əmr 02/ok, 6.07.1978-ci il); 09.04.1979-cu ildə Sovet Ordusuna çağırış ilə əlaqədar işdən azad edilmişdir (Əmr 40, 09.04.1979-cu il); 23.04.1979-cu ildən 13.05.1981-cii ilə qədər hərbi xidmətdə olmuşdur (Hərbi bilet НЗ 3656472); 03.08.1981-ci ildə Dəmirbeton trestinin təsərrüfat hesablı Təmir-Tikinti sahəsi 2-ci dərəcəli betonçu işinə qəbul edilmişdir (əmr 49, 28.08.1981-ci il); 03.05.1983-cü ildə 3-cü dərəcəli betonçu işinə keeçirilmişdir ( Əmr 32/k, 03.05.1983-cü il); 01.07.1986-cı ildə 4-cü dərəcəli betonçu işinə keçirilir (Əmr 44a, 30.006.1986-cı il); 17.10.1986-cı ildə sahə icraçısı vəzifəsinə keçirilmişdir ( Əmr 58, 17.10.1986-cı il); 17.04.1990-cı ildə sahə rəisi vəzifəsinə təyin edilmişdir ( əmr 13, 16.04.1990-cı il); 31.12.1991-ci ildə TMİK Tqi-nə keçirilmişdir ( Əmr 37, 31.12.1991-ci il); 02.01.1992-ci ildə TMİK Tikinti-Quraşdırma İdarəsi THTİ-dən keçirmə yolu ilə icraçı (prorab) vəzifəsinə təyin edilmişdir (Əmr 02/k, 02.01.1992-ci il); 01.08.1992ci ildə AR ƏQM 36-cı ç 5-ci b əsasən “Abadlıq” kiçik müəssisəsinə keçirmə yolu ilə işdən azad edilmişdir (Əmr 91/k, 01.088.1992-ci il); 21.12.2000-ci ildə AR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur (Əmr 47, 21.12.2000-ci il); 05.12.2001-ci ildə Bakı Taxıl Tikinti SC-nə Mühəndis vəzifəsinə təyin edilmişdir (Əmr 2, 05.01.2001-ci il); 25.12.2003-cü ildə AR ƏMQ-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur (Əmr 41, 25.12.2003-cü il); 23.01.2013-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Resursların Artırılması və Mühafizəsi Departamenti Su Hövzələrində bioresursların mühafizəsi xidmətinin Abşeron-Bakı regionu üzrə sektoruna aparıcı müfəttiş vəzifəsinə təyin edilmişdir (Əmr 13-k, 23.01.2013-cü il); 07.12.2018-ci ildə AR ƏM-nin 70ci maddəsinin “a” bəndində əsasən ( müəssisə ləğv edildikdə) tutulduğu vəzifədən azad edilmişdir (07.02.2018-ci ildə). - NZ seriyal; ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 23.04.1979-cu ildən 13.05.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. НВ seriyalı 001421 №-li diplomun surətindən müəyyən olunur İddiaçı 1977-ci ildə Azərbaycan Mühəndis İnşşaat İnistutuna daxil olmuş və 1977-ci ildə həmin inistitutda tikinti məmulatı və konstruksiyalarının istehsalı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1986-cı il iyun tarixli qərarı ilə ona inşaatçı mühəndis texnoloq ixtisası verilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 27 oktyabr 2020-ci il tarixli **********2 saylı məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilmiş 20.01.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 11 ay 22 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq müraciətçiyə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23.316,72 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli **********1 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.Mərkəzi Filiala təqdim etdiyiniz 20.01.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında göründüyü kimi güzəştli iş stajı 12 il 6 aydan az (4 il 29 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 39600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı hazırki vaxta cəmi 25972,66 manat təşkil edir Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsili, hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. İş materiallarından da göründüyü kimi iddiaçının güzəştli iş stajı 10 il 7 ay 11 gün təşkil edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 23.04.1979-cu ildən 13.05.1981-ci ilədək hərbi xidmətdə olduğu dövr onun ümumi iş stajı kimi nəzərə alınsa da, lakin güzəştli iş stajı kimi nəzərə alına bilməz. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar