Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6019/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1983-cü il təvəllüdlüdür. xx.xx.2007-ci il tarixli qərar ilə əlillik səbəbi - “Ümumixəstəliklə əlaqədar” olmaqla İİİ dərəcə müddətsiz əlillik müəyyən edilmişdir. İddiaçı əlilliyə görə sosial müavinət alır. İddiaçı xx.xx.2011-ci ildən əmək fəaliyyəti ilə məşğuldur və ididaçının xeyrinə hər ay məcburi dövlət sosial sığorta haqları ödənilməklə 8 il 10 ay sosial sığorta stajı vardır. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 4 saylı DOST Mərkəzinə müraciət edərək ona hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi və ötən dövlər üzrə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı (bundan sonra – cavabdeh) iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3400,97 manat olmaqla qanunvericilikdə (39 yaş üçün) tələb olunan pensiya kapitalından (16588,80 manatdan) azdır və minimum pensiya təminatına imkan vermir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək hüququnun yarandığı vaxtdan əmək pensiyası təyin olunmasını və həmin vaxtdan indiki tarixə qədər ödənilməyən məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məlum olmuşdur ki, stajı olduğu üçün əslində sosial müavinət yox, əlilliyə görə pensiya ala bilər. Buna görə də, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 4 saylı DOST Mərkəzinə müraciət edib. Lakin 25 noyabr 2022-ci il tarixində cavabdeh onun müraciətinə imtina cavabı vermişdir. İmtina cavabında qeyd olunur ki, təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü nəzərə alınmaqla sığorta stajı 8 il 10 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (8 il) çox olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 3400,97 manat olmaqla qanunvericiliklə (39 yaş üçün) tələb olunan pensiya kapitalından (16588,80 manat) azdır və minumum pensiya təminatına imkan vermir. Cavabdehin imtinası əsassızdır. Belə ki, imtina cavabından da göründüyü kimi ona 39 yaşa görə imtina verilib, bu yaş üçün tələb olunan pensiya kapitalı istənilib. Halbuki o, 39 yaşından yox, hüququnun yarandığı vaxtdan pensiya istəyir. Yəni onun qanunvericiliklə tələb olunan 5 il stajı tamam olduğu vaxt - 2016-cı ildə pensiya kapitalı tələb olunmurdu. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sosial sığorta stajının 8 il 10 ay olmaqla tələb olunan müddətdən (8 ildən) çox olmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3400,97 manat olmaqla qanunvericiliklə (39 yaş) tələb olunan pensiya kapitalından (16588,80 manatdan) az olması səbəbindən əlilliyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı ilə İddiaçı xx.xx.2007-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumixəstəliklə əlaqədar” olmaqla İİİ dərəcə müddətsiz əlillik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixdən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur. 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.3-cü bəndinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2018-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı ümumilikdə 8 il 10 aydır. İddiaçının 8 il 10 ay sosial sığorta stajı olmağına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3400,97 manat pensiya kapitalı qanunvericiliklə (39 yaş) tələb olunan pensiya kapitalından (16588,80 manatdan) azdır. İddiaçıya İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmadığına görə, ona İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcbuertmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddialara) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı İİİ dərəcə əlilliyə görə sosial müavinət alır. Həmçinin xx.xx.2011-ci il tarixdən əmək fəaliyyəti ilə məşğuldur və 8 il 10 sosial sığorta stajı vardır. İddiaçı ona əlilliyə görə əək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının minimum pensiya təyinatına imkan verəcək qədər pensiya kapitalının olmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hazırda ona hüququnun yarandığı vaxtdan əmək pensaiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Normanın xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş və hazırda qüvvədə olan yeni redaksiyasına əsasən isə, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən qanunun xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş redaksiyasına istinad edərək iddiaçının kifayət qədər pensiya kapitalının olmamasını qeyd etmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının hüququ xx.xx.2017-ci il tarixdən əvvəl yarandığı üçün ona Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normasına istinad edilməli idi ki, həmin vaxt qüvvədə olan normaya görə, əlilliyə görə əmək pensiyasının təmin edilməsi üçün pensiya kapitalının olması tələb edilmirdi. Belə ki, həmin vaxt qüvvədə olan normaya görə, əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin olması kifayət edirdi: 1) iddiaçının əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunan olması; 2) sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması. Hazırkı işdə hər iki şərtin mövcud olması işin mübahisələndirilməyən halıdır. İddiaçıya 2000-ci ildən İİ qrup əlillik, 2007-ci ildən isə İİİ dərəcə müddətsiz əlillik təyin edilib. Eyni zamanda iddiaçı xx.xx.2011-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğuldur və iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilir. Qanunun xx.xx.2017-ci il tarixə qədər 5 ildən çox əmək fəaliyyəti ilə məşğul olmuş və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajına malik olmuşdur. Cavabdeh isə iddiaçının xx.xx.2017-ci ilədək artıq əlilliyə görə pensiya təyin edilməsi üçün hüququnun yarandığını nəzərə almayaraq onun həmin vaxt qüvvədə olmayan normaya görə pensiya kapitalının olmaması əsası ilə müraciətinin təmin edilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, iddiaçıya hüququn yarandığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində ona hüququnun yarandığı vaxtdan ötən dövlər üçün də pensiyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı inzibati orqana pensiya təyin edilməsi üçün 4.11.2022-ci il tarixdə müraciət edib. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq, əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən 4.11.2022-ci ildən əvvəlki üç illik dövr üçün ödənilməlidir. Çünki qeyd edilən Qərardadda “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə də münasibətdə tətbiq edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumu 14 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müvafiq işlərə baxan məhkəmələr 32.1-1-ci maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Hazırkı işdə iddiaçı müraciətin 1 iyul 2017-ci il tarixinədək edilməməsinin onun iradəsindən asılı olmayan (ağır xəstəlik, fövqəladə hal və s.) hallara görə mümkün olmadığına dair sübutlar təqdim edə bilməmişdir. İddiaçı bu halı onun hüququnu bilməməsi ilə əlaqələndirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ona təyin edilmiş pensiya məbləği, onun cavabdeh orqana müraciət etdiyi 4.11.2022-ci il tarixdən əvvəlki üç il dövr üçün, 4.11.2019cu ildən hesablanıb ödənilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2016-cı ildən əlilliyə görə əmək pensiya təyin edilməsi və 4.11.2019-cu il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6019/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6019/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver