Məhkəmə qərarları › İş №2-1(112)-6019/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6019/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6019/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququn dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququn dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən yerləşən 1200 kv.m torpaq sahəsi üzərində çıxarış verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona torpağa dair çıxarışın verilməməsi vətəndaş kimi hüquqlarının pozulması deməkdir. O cavabdehə lazimi sənədləri də təqdim etmişdir. Buna baxmayaraq ona əsassız imtina olunmuşdur. Ona görə də o məcbur olub, huquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, iddiaçı istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyin Aparatının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarına istinad edir. Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosial-iqtisadi inkişafına dair” 07 may 1991 -ci il tarixli 123 saylı və "Torpaq sahələri ayrılması haqqında” 02 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən vətəndaşlara Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahələri ayrılmışdır. Lakin, vətəndaşlara torpaq sahələri ayrılmasına dair sənədlər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən arxivləşdirilməmişdir”. Maştağa Qəsəbə inzibati Ərazi Dairə üzrə Nümayəndəlikdən məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, “Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarından çıxarışa əsasən torpaq sahəsinin ayrılmasına dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir”. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixli məktublarda bildirilmişdir ki, “ Sabunçu rayon İH Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri, o cümlədən xx.xx.1998-ci il tarixli 07 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir”. Təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənədin mötəbərliliyi şübhə doğurur. Həmin sənədin verilməsinə dair səlahiyyətli orqanlarda hər hansı bir məlumat yoxdur. Bundan başqa iddia tələbinin faktiki əsası kimi istinad etdiyi sənəd üzrə torpaq sahəsində mülkiyyət hüququnun qeydə alınması barədə tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Siyahının 2.7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur. Göründüyü kimi Fərmanda inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən torpaq sahəsinin ayrılması səlahiyyəti, yerli icra hakimiyyəti başçısının qərarının verilməsi ilə şərtləndirilmişdir. Hazırkı işdə isə Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən X1 belə bir səlahiyyətin verilməsinə dair qərarının olması müəyyən edilmir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1693/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətini rədd etmişdir. Həmin iş üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçıya Maştağa qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1992-ci il tarixində müvafiq torpaq sahəsi ayrılarkən həmin orqanın nə xx.xx.2004-cü ildə qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində, nə də Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq olunmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahsı”nda sadalananlara uyğun olaraq torpaqayrıma səlahiyyəti olmamışdır”. Kassasiya instansiya məhkəməsi apellyasiya instabnsiya məhkəməsinin gəlidiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, “.... işin hallarından məlum olduğu kimi tərəflərin mübahisələndirdiyi əsas məsələ Lenin rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin iddiaçıya torpaq sahəsi ayırmaq səlahiyyətinin olubolmamasıdır. Cavabdeh nümayəndəliyin belə səlahiyyətinin olmadığına istinad edərək torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət reyestrində qeydə almaqdan imtina etmiş, apellyasiya instansiyası məhkəməsi də cavabdeh orqanın mövqeyini əsaslı hesab etmişdir. İddiaçı isə bununla razılaşmayaraq kassasiya şikayətində Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin iddiaçıya torpaq sahəsi ayırmaq səlahiyyətinin olması ilə bağlı dəlillərini bildirmişdir. Məhkəmə kollegiyası isə iddiaçının bununla bağlı dəlillərini əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından məlum olduğu kimi, Lenin rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 29 saylı qərarı ilə iddiaçıya 600 kv.m həyatyanı torpaq sahəsi ayrılması qərara alınmışdır və iddiaçı hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş edir. Hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Belə ki, icra hakimiyyəti nümayəndəliyinin qərarı nə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə mindikdən sonra, nə də həmin Qanun qüvvəyə minənədək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab olunmamışdır. Belə ki, hazırkı qərarın 20 və 23-cü bəndlərində sadalanan sənədlərin siyahısında nümayəndəliyin qərarı əks olunmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat isə, artıq qeyd edildiyi kimi, həmin bəndlərdə sadalanan sənədlərə əsasən aparılır. İddiaçı isə nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır”. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Belə olan halda cavabdehin imtinası əsaslı olmuşdur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar