Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6020/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2 və X3 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi dalan 5,7 saylı evə dair İddiaçı adına verilmiş DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX №0511762 nömrəli, 17 oktyabr 2014-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışının məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan həmin çıxarışın iddiaçının adına bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı mərhum anasından miras qalmış əmlak üzərində onun vərəsəlik hüququnu təsdiq edən şəhadətnamə əsasında onun həmin əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın icrası ilə əlaqədar onun əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd (çıxarış) ləğv edilmişdir. İddiaçı çıxarışın bərpası ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu müraciətin həllindən imtina etmişdir. İddiaçi cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız sayır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, 17.09.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, ev 7 İddiaçı adına qeydiyyata alınaraq 17.10.2014-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir (RX ******* seriyalı). Həmçinin bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3869/2019 Saylı, 14.08.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı, 06.09.2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, ev 7 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd ləğv edilmişdir. Sözügedən qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və qərardad əsasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, ev 7 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd 09.10.2019-cu il tarixdə ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin sözügedən qərardadı ilə icrasına dönüş edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) 4879/2013 saylı, 06.09.2013-cü il tarixli qətnaməsi barədə 1 saylı Bakı Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan məlum olur ki, cavabdeh iddiaçının müraciətinə qiymət verərkən, sözügedən çıxarışın məhkəmə qətnamənin icrasına dönüş nəticəsində ləğv edildiyini əsas götürmüşdür. Hazırki iddia ilə isə iddiaçının mübahisələndirdiyi hal ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06 sentyabr 2013-cü il tarixli qətnaməsi İddiaçı adına rəsmiləşdirilmiş RX ******* saylı çıxarışın alınmasına əsas olmamış, həmin qətnamə ümumiyyətlə icraya yönəldilməmiş, əksinə Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mübahisəli evə dair mülkiyyət hüquqları qeydə alınaraq, çıxarış verilmişdir, cavabdeh inzibati orqan qanunsuz olaraq Bakı Apelysiya Məhkəməsinin qərardadına istinad edərək çıxarışı ləğv etmişdir. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə daşınmaz əmlak üzərində hüquqlara xitam verilməsi üçün hansı sənədlər olmalı, inzibati orqan tərəfindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğvi istiqamətində hansı əsasların olması müəyyən edilməlidir . Bunun ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq xidməti vəzifələri müəyyən edilmişdir. Şərh olunan normativ hüquqi aktların müddəalarından irəli çıxdıqda müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. Nəzərə alınmalıdır ki, mülkiyyət hüquqlarını qeydiyyata almasını təmin edən inzibati orqan qismində çıxış edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi Əsasnamədə göstərilən səlahiyyətlər çərçivəsində xidməti vəzifələrini icra edir. Hazırki mübahisəyə diqqət yetirdikdə məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarışın ləğv edilməsi istiqamətində görülmüş tədbirlər məhz qüvvəyə minmiş məhkəmə qərarı (qərardadı) əsasında həyata keçirilmişdir ki, bu əsas “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində nəzərdə tutulmuşdur. Başqa sözlə desək, daşınmaz əmlak üzərində hüququna xitam verilməsi və çıxarışın ləğvinə əsas Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3869/2019 saylı, 14.08.2019-cu il tarixli qərardadıdır ki, həmin qərardad mübahisələndirilən qərardad hesab edilmir və qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, çıxarışın ləğvinin əsasında duran hal məhkəmə aktıdır ki, həmin məhkəmə aktının məcburiliyi Azərbaycan Respublikasının Konstitusiyasının və Mülki Prosessual Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci və İİci hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3- cü maddələrə əsasən, Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Yuxarıda göstərilən qanunvericiliyin müddəalarının təməl prinsipi odur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Həmçinin normaların mənası ona da əhatə edir ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Hətta belə, təqsirkar şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi onun məhkəmə aktını icra etmək vəzifəsindən azad etmir. Məhkəmə bir məqamada toxunmağı zəruri hesab edir ki, İddiaçı tərəfindən çıxarışın ləğv edilməsinə əsas olmuş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3869/2019 saylı, 14.08.2019-cu il tarixli qərardadına izah verilməsi ilə bağlı ərizəsi də təmin edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ərizəyə qiymət verərkən bildirmişdir ki, qərardadda anlaşılmaz hər hansı xüsusat mövcud deyil, əksinə iddiaçının anası Şəfiqə Hacıbaba qızına məxsus mübahisə predmetini təşkil edən əmlakın miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməklə, onun həmin əmlaka verəsəlik hüququ tanınmasına və həmin qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinə əsas təşkil etmiş Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06 sentyabr 2013-cü il tarixli məhkəmə qətnaməsi nəticə etibari ilə ləğv edildiyindən qətnamənin icrasına dönüş edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən mübahisələndirilən çıxarışın ləğvi istiqamətində cavabdeh tərəfindən aparılmış hərəkətlər qanunazidd olmamış, əksinə cavabdeh qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq öz səlahiyyətləri çərçivəsində məhkəmə aktıının məcburiliyi nəzərə alaraq, həmin aktın icrasını təmin etmişdir ki, bununla da İddiaçı adına verilmiş çıxarışı ləğv etmişdir. Qeyd edilməlidir ki, hazırki iş üzrə məhkəmə mübahisəsi predmeti qismində məhkəmə qərardadı əsasında ləğv edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın bərpası ilə bağlı iddianın təmin olunmaması, iddiaçının həmin əmlak ilə bağlı “çıxarışın verilməsi” ilə bağlı müraciət etmək hüququnu istisna etmir. Belə ki, məhkəmə tərəfindən iddiaçının tələbinə qiymət verilərkən, cavabdehin daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğvi edilməsi istiqamətində aparılmış hərəkətlərinin qanuniliyi yoxlanılmışdır ki, bunun sonunda məhkəmə qüvvədə olan məhkəmə aktının (icraya dönüş ilə bağlı qərardadın) məcburiliyini əsas götürərək, cavabdehin hər hansı bir qanunazidd hərəkətinin olmadığı nəticəsinə gəlmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının hazırda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının olub-olmamasına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində səciyyələnmiş sənədlərə malik olubolmamasına yalnız “çıxarışın verilməsi” ilə bağlı iddia irəli sürülən zaman qiymət verilə bilər. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6020/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6020/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver