Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6022/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azərişıq“ ASC-nin X1 və Satış İdarəsinə qarşı “borcun silinməsi“ barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh “Azərişıq“ ASC-nin X1 və Satış İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə saxta sənədlər əsasında yazılan borcun silinməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Ağdam rayonundan məcburi köçkün düşmüş və ünvan 1 ünvanında məskunlaşmışlar. 2023-cü ilin noyabr ayında iddiaçının xəbəri olmadan həmin ünvanın elektrik sayğacı işləmədiyi bəhanə edilərək dəyişdirilmiş, lakin təzə quraşdırılmış elektrik sayğacı köhnə olduğu üçün sayğacın üzərində olan borc iddiaçının hesabına köçürülmüşdür. İddiaçı elektrik nəzarətçisi ilə əlaqə saxlasa da heç bir nəticəsi olmamışdır. "xxxx" ASC-nin X2 və Satış İdarəsi bu günə kimi nə etmişdirsə iddiaçıdan xəbərsiz, onun adına olan saxta sənədlərlə həyata keçirmişdir. Cavabdeh həmin sənədlərlə xx.xx.2024-cü ildə iddiaçının telefonuna 86 manat borcla bildiriş göndərmişdir. Bütün deyilənləri nəzərə alaraq, iddiaçı saxta sənədlər əsasında onun adına yazılan borcun silinməsi və iddiaçının hesablayıcısının onun iştirakı ilə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının:
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.
14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati orqan deyildir.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının “qərara aldı” hissəsində qeyd olunur: 1.Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 2. İnzibati xətalar haqqında işlər üzrə təbii inhisar subyektinin qəbul etdiyi inzibati aktlardan verilən şikayətlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431.1.3-cü maddəsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. 3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır.
11. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 189 nömrəli, 19 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin siyahısı"na görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti təbii inhisar sübyektlərinə aid edilərək bu siyahıya daxil edilmişdir.
12. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında mübahisə elektrik sayğacının dəyişdirilməsi və sayğacın üzərində olan borcun iddiaçının hesabına köçürülməsi nəticəsində yaranmış hüquq münasibətlərindən irəli gəlir. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti inzibati xarakter daşımır, xüsusi hüquq münasibət kimi müəyyənləşdirilir.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının: 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
14. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasındakı istehlak münasibətlərindən irəli gəlir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməkdir.
15. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva