Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6024/2024 22.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçıların İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra – İddiaçılar) cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (bundan sonra – Cavabdehlərə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən həyət evinin həyatyanı sahəsinin hasarlanmasına cavabdehlərin qanunsuz müdaxiləsinin qadağan edilməsi və ya dayandırılması, həmin ünvanda daşınmaz əmlaklarının qanunsuz məhv edilməsi (hasarların sökülməsi) nəticəsində iddiaçılara vurulmuş kompensasiyanın, yəni 3000 (üç min) manat maddi zərərin, 40.000 (qırx min) mənəvi zərərin əvəzinin onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçılar nənələri Pakizə Niyazovanın xüsusi mükiyyətində olan, ünvan 1 ünvanda yerləşən həyət evində yaşayırlar. Ev təxminən 1985-1990-cı illərdən nənəsinin adınadır, evin həyətyanı sahəsinin ölçüsü təqribən 2-3 sot olar. Evin sol və qarşı tərəfi avtomobil yoludur və həmin hissədə də heç vaxt hasar hörülməmişdir. Ataları keçən il vəfat etməzdən öncə təxminən iki il bundan qabaq pula ehtiyacı olduğu üçün evi "Access" banka girov qoyaraq 7000 manat pul götürmüş, hazırda da aylıq olaraq 576 manat həmin banka pul ödəyir, əvvəllər həyətin hasar olmayan hissəsində qamışlıq olmuş, lakin bu yay həmin qamışlıq hissə yandığı üçün qərara gəlmişlər ki, həyətin həmin hissəsinə daş düzsünlər ki, həyətlərinin içi görünməsin. Bu məqsədlə 2023-cü ilin oktyabr ayının 27-dən başlayaraq iddiaçılar Yusif və Yunis, bir də Yaqub adlı qardaşları ilə həyətin həmin hissəsinə mişar daşından hasar çəkməyə başlamış, 01 noyabr 2023-cü il tarixdə post patrul xidmətinin iki nəfər uniformalı polis əməkdaşı onlara işi dayandırmalarını və 43-cü polis bölməsinə getməli olduqlarını bildirmişdir. Həmin gün artıq onlar 5 mişar daşı hündürlüyündə təxminən 8 metr uzunluğunda hasar hörmüş, polislərin göstərişindən sonra işi dayandırmışlar. Polislərin dəvəti ilə hər hansı zorakılığa məruz qalmadan Yusif polislərin xidməti avtomobil ilə Binəqədi RPİ-nin 43-cü polis bölməsinə getmiş, polis bölməsində ona səhərədək, yəni bölmə rəisi qalanadək orada qalması deyilmiş, o, da polislərə atasının cümə axşamı məclisi olduğunu dedikdə polislər ona səhər saat 08-də 43-cü polis bölməsinə gəlməsi şərti ilə buraxmışlar. Səhəri günü Yusif təkbaşına 43-cü polis bölməsinə getmiş, bölmədən ona Binəqədi RPİ-də işləyən tikintidə nəzarət işinə baxan baş leytenant Ağabəy adlı polis əməkdaşının yanına getməli olduğu deyilmiş, bu səbəbdən Binəqədi RPİ-nin Dərnəgül qəsəbəsində yerləşən inzibati binasına getmiş, idarədə onu bir neçə dəqiqə gözlətdikdən sonra evə qayıtmışdır. Evə qayıtdıqdan 30-40 dəqiqə sonra Yusifə tanımadığı bir nömrədən zəng gəlmiş, Ağabəyin onu idarəyə çağırdığını bildirilmiş, həmin şəxsə atasının cümə axşamı məclisi olduğu deyib gələ bilməyəcəyini demişdir. Səhəri günü, 03 noyabr 2023-cü il tarixdə saat günortaya yaxın saatlarda balaca Yunis Yusifə zəng edərək həyətə polislərin gəldiyini bildirmiş, evdə olduqları üçün polislərin həyətə daxil olduqlarını görməmiş, həmin vaxt evdə, Yusif, Yunis və anaları Aygün olmuşdur. Hamısı həyətə çıxmış, həyətdə bir xidməti və bir Sonata markalı avtomobil, bir traktor və digər mülki avtomobillər də olmuş, həyətdə təxminən 10 nəfərdən artıq formalı və mülki geyimli polis əməkdaşları olmuş, həmin vaxt traktor artıq söküntüyə başlamış polislərin üstünə qışqıraraq söküntünü dayandırmaları və məhkəmə qərarını tələb etdikdə Ağabəy adlı həmin polis əməkdaşı göstəriş vermişdir ki, Yusifi tutub döysünlər. Orada olan uniformalı və mülki geyimli polis əməkdaşları Yusifi və Yunisi döymüş, daha sonra hadisə yerinə anası da gəlmiş, qara mülki geyimli adını bilmədiyi bir şəxs də anasını qollarından tutub divara vurmuşdur. Bütün hasarı traktorla sökdükdən sonra polislər getmiş, onlar da 102 xidmətinə məlumat vermiş, Yusif benzin götürüb özünü yandırmaq üçün Binəqədi RPİ-nin qarşısına getmiş, orada da Yusifi bir mayor qarşılamış, benzini əlindən almışlar və onu qandallayıb post patrul maşını ilə X2 aparmışlar. Həmin xəstəxanadan onu X3 köçürmüş, bir gün sonra onu həmin Mərkəzin Nevroloji şöbəsinə yerləşdirmişlər. Polislər Prokurorluqda verdikləri izahatlarında iddiaçılara aid tikinti işini dayandırdıqlarını və onlara aid hasarı sökdüklərini qəbul etmişlər. Bunu Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 3 noyabr 2023-cü il tarixli 2-10/2-2088/2023 saylı məktubu əsasında etdiklərini bildirmişlər. İddiaçılar hasarların çəkilməsinə 3000 manat pul sərf etmişlər. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, icra hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli 5-10/2-2088/2023 saylı məktubla Binəqədi Rayon Polis İdarəsinə müraciət olunaraq, Binəqədi rayonu ərazisində aparılan qanunsuz tikinti və torpaq zəbt olunması işlərinin qarşısının alınması və asayişin qorunması məqsədilə ictimai təhlükəsizliyin təmin edilməsinə köməklik göstərilməsi xahiş edilmiş, Binəqədi Rayon Polis İdarəsi tərəfindən məktuba cavab olaraq Binəqədi rayonu ərazisində aparılan qanunsuz tikinti və torpaq zəbt olunması İşlərinin qarşısının alınması və asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə aidiyyəti əməkdaşlara göstəriş verildiyi bildirilmişdir. Sonradan ünvan 2 ünvanında yaşayan vətəndaş İddiaçı1 yaşadığı evin həyətyanı sahəsində apardığı tikinti işlərinin dayandırılması ilə əlaqədar Binəqədi Rayon Prokurorluğundan Rayon İcra Hakmiyyətinə xx.xx.2023-cü il tarixli 2-2/310/3014134/2023 saylı məktub daxil olmuşudur. Məktubda rayon prokurorluğunda İddiaçı1 müraciəti əsasında yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 84 ünvanında qanuni sahibliyində olan həyətyanı torpaq sahəsində apardıqları tikinti işinin dayandırılması barədə araşdırma aparıldığı, yaranmış zərurətlə əlaqədar qeyd olunan ünvanda yerləşən evin və torpaq sahəsinin kimin mülkiyyətində olması, ünvanda müraciətçİ tərəfindən aparılan tikinti işlərinin qanuni olub-olmaması və RİH tərəfindən bununla bağlı görülmüş tədbirlər barədə rayon prokurorluğuna məlumat verilməsi Binəqədi Rayon İcra Hakimiyyətindən xahiş olunmuşdur, Binəqədi rayon prokurorluğunun məktubuna cavab olaraq bildirilmişdir ki, məsələ ilə əlaqədar ünvanda aparılan tikinti və quraşdırma işlərinə əməkdaşlar tərəfindən texniki baxış keçirilmiş və fakt öz təsdiqini tapmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan tikintiyə məlumatlandırma icraatı çərçivəsində hər hansı bir rəy bildirilməmiş və heç bir İcazə sənədi verilməmişdir. Vətəndaş İddiaçı1 tərəfindən sözügedən torpaq sahəsinə dair heçbir hüquqmüəyyənedici sənəd təqdim edilmədən qanunsuz hasarlanma işləri aparıldığı zaman tikinti dayandırılmış və sahə nəzarətə götürülmüşdür. İddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş MH seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində istifadədə olan 0.01372 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 55.7 m2 yaşayış, 48.8 m2 köməkçi sahədən ibarət 84 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlardan göründüyü kimi fərdi yaşayış evi 0.01371 ha torpaq sahəsində yerləşir. İddiaçılar isə iddia ərizəsində torpaq sahəsinin 2-3 sotdan ibarət olduğunu qeyd etmiş, lakin məhkəməyə sözügedən torpaq sahəsinin onların mülkiyyətində, icarəsində və istifadəsində olmasına dair heçbir hüquqmüəyyənedici sənəd təqdim etməmişlər. İddiaçılar yalnız Binəqədi rayonu, Binəqəsi qəsəbə Bələdiyyəsi tərəfindən nənələri X1 adına verilmiş xx.xx.2007-ci il tarixli 249 saylı qərarı təqdim edirlər. Həmin qərar ilə vətəndaş P.M.Niyazovaya fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçılar xx.xx.2007-ci il tarixli Binəqəsi qəsəbə Bələdiyyəsinin qərarını və torpağın çizgisini iddia ərizəsinə əlavə etsələr də, Bələdiyyə ilə bağlanmalı olan müqavilə əlavə olunmamışdır. İddiaçıların təqdim etdikləri sənədlərdən müəyyən olunur ki, hasarlamaq istədikləri torpaq sahəsi xx.xx.2008-ci İl tarixli MH seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda qeyd olunan 0,01372 ha torpaq sahəsi hüdudlarından kənarda yerləşir və həmin torpaq sahəsi üzərində nə özlərinin, nə də nənələrinin hüquqları qeydiyyata alınmamışdır. Belə ki, özlərinin iddia etdiklərinə əsasən həmin torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli Binəqəsi qəsəbə Bələdiyyəsinin qərarı mövcuddur. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların dövlət qeydiyyatına alınmasının məcburi olmasına baxmayaraq, yuxarıda qeyd olunan qərarla onların nənələrinə ayrılmış torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmamışdır. Bələdiyyə qərarına torpaq sahəsinə dair çizgi əlavə olunsa da, həmin çizgidə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiq qeyd olunmamışdır. Həmin çizgi sadə üsulla tərtib olunmuşdur. İddiaçıların hasarlamaq istədikləri torpaq sahəsinin xx.xx.2007-ci il tarixli qərarla nənələrinə ayrılmış torpaq sahəsinin hüdudları çərçivəsində yerləşməsini müəyyən etmək qeyri-mümkündür. İddia tələbi P.M.Niyazova tərəfindən deyil, onun nəvələri tərəfindən irəli sürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə istinad olunanları nəzərə alaraq hazırkı iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdə olan xx.xx.2008-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində istifadədə olan 0,01372 ha torpaq sahəsində yerləşən 84 saylı fərdi yaşayış evi X1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin 249 nömrəli, xx.xx.2007-ci il tarixli Sərəncamından görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 alqısatqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İddiaçılar hazırda həmin ünvanda apardıqları tikinti işlərinə cavabdehlərin müdaxiləsinin dayandırılması, həmçinin aparılmış tikintinin sökülməsinə görə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş edirlər. Lakin işdən görünür ki, iddiaçıların mübahisəli ünvana dair hər hansı bir hüquqları mövcud deyil, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Pakizə Niyazovanın mülkiyyətində, onun yerləşdiyi torpaq sahəsi isə onun istifadəsindədir, həmçinin bələdiyyə tərəfindən torpaq sahəsi iddiaçılara deyil, Pakizə Niyazovaya ayrılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların hər hansı bir hüququnun olmadığı torpaq sahəsində aparılmış tikiliyə münasibətdə hazırkı məzmunda iddia ilə məhkəməyə müraciət etmək üçün sübyektiv hüquqları mövcud deyil. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayyət edilməklə iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6024/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6024/2024
22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver