Məhkəmə qərarları › İş №2-1(112)-6025/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6025/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6025/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 İdarəsinin nümayəndəsi X1, Baş mütəxəssis X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi Filialına qarşı “Pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması və hesablanarkən Qanunun 23.2-ci maddəsinin tələblərinə uyğun olaraq işçilərin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində bir dəfəlik müavinət verilməsinin də nəzərə alaraq yenidən pensiyanın hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək (təxirə salınmaqla) bu barədə tərəflərə məlumat verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq icraatının iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İddiaçı iş üzrə hazırlıq icraatının iclası zamanı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddiaçının iddia ərizəsinə və məhkəməyə təqdim etdiyi sübutlara nəzər saldıqda iddianın əsassız olduğu açıq şəkildə görünür. xx xxxxxx 2020-ci il tarixli əmək pensiyanın yenidən hesablanması haqqında qərardan da göründüyü kimi iddiaçının pensiya məbləği müalicə üçün müavinət nəzərə alınaraq hesablanmış və pensiya məbləği 1866,10 manat təşkil etmişdir. Göründüyü kimi, İddiaçı iddiası tam əsassızdır. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçının iddia ərizəsində göstərilmiş iddia tələbinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinin tələblərindən çıxış edərək, hər il müalicə üçün verilən müavinətın əmək haqqının tərkib hissəsi olmaqla DSMF tərəfindən pensiya hesablanarkən nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən xx xxxx 2009-cu il tarixindən hesablanmaqla ona ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən x xxxxxxxx 2019-cu il tarixindən etibarən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 940,00 manat, rütbə maaşı 127 manat, xidmət illərinə görə 426.80 manat əlavə, ixtisas dərəcəsinə görə vəzifə maaşı 20 faizi miqdarında əlavə-188,00 manat,ədliyyə orqanları əməkdaşlarına müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 280,30 manat pul təminatı və mükafatlara görə 370,52 manat əlavə olmaqla orta aylıq əmək haqqı 2332,62 manat təşkil etmiş, bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.19.2-ci maddəsinə əsasən orta aylıq əmək haqqının 80 faizi -1866.10 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Daha sonra iddiaçı cavabdeh inzibati orqanın bu məktubunu əlavə etməklə məhkəmədə iddia qaldıraraq, pensiyasının yenidən hesablanması və pensiya hesablanarkən Qanunun 23.2-ci maddəsinin tələblərinə uyğun olaraq işçilərin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə 2 aylıq əmək haqqı həcmində bir dəfəlik müavinət verilməsinin nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının inzibati orqana müraciəti zamanı imtina deyil, sadəcə məlumat verilmiş və iddiaçıya pensiya hesablanarkən “müalicə ilə əlaqədar almış olduğu müavinət”in nəzərə alındığı bildirilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı pensiya işi tələb edilmiş, idarənin baş mütəxəssisi dəvət edilmişdir. Məhkəmə araşdırması zamanı baş mütəxəssis öz izahatında qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 332 nömrəli arayışına əsasən İddiaçı ödənilən müalicə müavinətləri 2013-cü il üzrə -1795,60 manat, 2014-cü il üzrə 2179.60 manat təşkil etmişdir. İddiaçının pensiya işində olan pensiya hesablanması üçün nəzərə alınan əmək haqqının aylar üzrə məbləğinə dair arayışın müavinət bölməsindən görünür ki, 2013-cü il üzrə müavinət 1795.60 manat , 2014-cü il üzrə müavinət 2179,60 manat qeyd olmuşdur. Beləliklə, məhkəmə inzibati iş üzrə araşdırma zamanı müəyyən etdi ki, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqan arasında mübahisə olmamış, ümumiyyətlə qeyd edilən tələb üzrə inzibati orqan tərəfində hüququn pozulmadığı aşkar surətdə müəyyən edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıİırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır, həmin qərarın 10.1-ci bəndinə əsasən isə bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi Filialına qarşı “Pensiyanın yenidən hesablanması” tələbi barədə iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X4 üzrə Mərkəzi Filialına qarşı “Pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar