Məhkəmə qərarları › İş №2-1(112)-6025/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6025/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6025/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun əmək kitabçasında qeyd edilən 15.01.1997-ci il tarixdən 11.01.2005-ci il tarixə kimi işlədiyi illərin əmək stajı hesablanaraq pensiya işində nəzərə alınması öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə pensiya təyin edilmişdir. Lakin onun əmək kitabçasında olan 15.01.1997-ci il tarixdən 01.11.2005-ci il tarixə kimi işlədiyi illərin əmək stajı pensiya işində nəzərə alınmamışdır. Bu barədə rəsmi müraciət etsə də 25 fevral 2021-ci il tarixli məktubla iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilməmiş və məhkəməyə müraciət etmək barədə tövsiyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin Sosial Ödənişlərin Təyinatı üzrə X4 və araşdırma şöbəsinin 29.01.2021-ci il tarixli aktına əsasən İddiaçı 17.01.1997-ci il tarixdən öz hesabına məzuniyyətdə olduğuna görə 15.01.1997-ci il tarixdən 01.02.2001-ci il tarixədək olan dövrləri sosial sığorta stajına əlavə etmək qanunla nəzərdə tutulmadığından onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İlk olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin həmin dövrdə qüvvədə olan redaksiyada 111-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən işçilərin xahişi və işəgötürənin razılığı ilə aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək; c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 təqvim gününədək; ç) əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə - bir təqvim ayınadək; d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 təqvim gününədək; e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət almış işçilərə - 14 təqvim gününədək; ə) qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin 16 yaşınadək əlil uşağı olan valideynlərə - 14 təqvim gününədək; f) doktoranturada, aspiranturada təhsil alan işçilərə - 1 təqvim ayınadək; g) ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə - 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə - 7 təqvim günü; ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə - 14 təqvim gününədək; h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə səhiyyə müəssisəsinin rəyi ilə - 14 təqvim gününədək. Eyni Məcəllənin 129-cu maddəsinə 2009-cu ildə edilmiş dəyişikliyə əsasən isə “... işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər”. Yəni 15.01.1997-ci il tarixdən 01.02.2001-ci il tarixədək 4 ildən çox müddətə öz hesabına ödənişsiz məzuniyyətdə olma Əmək Məcəlləsinin 112 və 128-ci maddələrində nəzərdə tutulan ödənişsiz məzuniyyət deyil. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının 1975-ci il tarixdən 2001-ci il tarixədək həmin müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5, Daxili nəzarət və Monitorinq Departamentinin Monitorinq və araşdırma şöbəsinin iştirakı ilə İddiaçı "xxxx" ASC-də işləməsi faktını həmin müəssisədə saxlanılan əməkhaqqı cədvəlləri, məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin uçotu kitabına, vərəqlərinə və əmrlər kitabına əsasən qarşılıqlı yoxlama aparılaraq akt tərtib edilmişdir. 29 yanvar 2021-ci il tarixli həmin aktda İddiaçı 27.03.1975-ci il tarixdə "xxxx" Kombinatına işə daxil olduğu, 15.01.1997-ci il tarixdə işdən azad edildiyi, yenidən işə daxilolma əmrinə rast gəlinmədiyi, şəxsi işində 01.02.2001-ci il tarixdə işdən azad edilməsi əmrinin mövcud olduğu və şəxsi işində 17.01.1997-ci il tarixdən öz hesabına məzuniyyətdə olması barədə əmrinin mövcud olması öz əksini tapmışdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd edilənlərin nəzərə alınıb İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı 15.10.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Щ 021770 nömrəli, 13.06.1978-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 01.09.1975-ci ildə Bakı Y`eyinti Sənayesi texnikumuna daxil olmuş və 13.06.1978-ci ildə həmin texnikumu bitirmişdir. İş materiallarında olan УВ 125361 nömrəli, 09.03.1995-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 01.09.1988-ci ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olmuş, 14.07.1994-cü ildə həmin institutu bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 01 dekabr 1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 25.11.1972-ci ildə Bakı Ət Kombinatında yarımfabrikatlar bölməsinə fəhlə qəbul edilmiş, 10.08.1974-cü ildə işdən azad edilmişdir. 27.03.1975-ci ildə Bakı Ət Kombinatına kolbasa zavoduna fəhlə qəbul edilmiş, 16.08.1994-cü ildə tutduğu vəzifədən azad olunmuş və köçürmə yolu ilə Bakı Pivə birliyinin sərəncamına göndərilmişdir. 27.09.1994-cü ildə “Bakımalqara tədarük emal” İByə köçürmə yolu ilə kolbasa zavodunun hazır məhsul sahəsinə usta qəbul edilmiş, 13.08.1996-cı ildə həmin sexin rəis müavini vəzifəsinə keçirilmiş, 24.10.1996-cı ildə həmin sexin hazır məhsulun qablaşdırılması və buraxılması sahəsinə usta keçirilmiş, 15.01.1997ci ildə işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 02.05.1997-ci il tarixli 186 nömrəli sərəncamı ilə “Bakımalqara tədarük emal” İB-yi “Bakı Ət Kombinatı” adlandırılmışdır və Dövlət Əmlak Komitəsinin 16 iyun 1998-ci il tarixli 913 saylı sərəncamı ilə Bakı Ət Kombinatı "xxxx" Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilmişdir. 01.02.2001-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 10.03.2004-cü ildə "xxxx" Ticarət Mərkəzi MMC-yə direktor vəzifəsinə qəbul edilmiş, 01.11.2005-ci ildə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 yanvar 2021-ci il tarixli aktından görünür ki, İddiaçı 1975-2001-ci illərdə "xxxx" ASC-də işləməsi faktı yerində qarşılıqlı araşdırılmışdır. İddiaçı 27.03.1975-ci ildə (əmr № 62, 25.03.1975-ci il) Bakı Ət Kombinatında işə qəbul edilmiş, 15.01.1997-ci ildən (əmr № 4-k, 15.01.1997-ci il) öz xahişi ilə işdən azad edilmişdir. Yenidən işə girmə əmrinə rast gəlinməmiş, lakin şəxsi işində 01.02.2001-ci ildən (əmr № 3, 02.02.2001-ci il) işdən azad olunması əmri öz əksini tapmışdır. 17.01.1997-ci ildən öz hesabına məzuniyyətdə olması İddiaçı şəxsi işində öz əksini tapmışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 17.05.2021-ci il tarixli, 09 nömrəli məktubunda bildirilmişdir ki, vaxtilə "xxxx" ASC-də işləmiş İddiaçı 15.01.1997-ci il tarixdən 01.02.2001-ci il tarixədək olan stajı barədə arxiv sənədləri təqdim edilir. İş həcminin azalması ilə əlaqədar işçilər 1997-ci ildən başlayaraq müəyyən vaxtlarda öz hesabına məzuniyyətə buraxılmışlar. Lakin arxivdə 2001-ci ilə qədər olan öz hesabına məzuniyyətə göndərilmə haqqında əmrlər qeyri-müəyyən səbəblərdən aşkarlanmadı. Bu barədə yalnız İddiaçı şəxsi işində qeyd olunmuş məlumatlar mövcuddur. Qeyd edilir ki, arxiv sənədləri axtarılarkən İddiaçı əmək kitabçasında işdən azad olunması kimi qeyd olunmuş № 4-k-li, 15.01.1997-ci il tarixli məlumatın mexaniki səhv olduğu aşkarlandı. Bunu sübut edən əmrin surəti də təqdim edilir. Həmin məktuba əlavə edilmiş “Bakımalqara tədarük emal” İB-nin 27.sentyabr 1994cü il tarixli əmrindən görünür ki, İddiaçı 27/09-1994-cü il tarixindən köçürmə yolu ilə kolbasa zavodunun hazır məhsul sahəsinə usta qəbul edilsin. Aylıq maaşı ştat cədvəli ilə 12200 (on iki min iki yüz) manat ilə ödənilsin. Həmin məktuba əlavə edilmiş "xxxx" Səhmdar Cəmiyyətinin 02 fevral 2001-ci il tarixli əmrindən görünür ki, İddiaçı Dadaşbala oğlu kolbasa sexinin ustası İ/İİ-2001-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunsun. İş materiallarına əlavə edilmiş 18 avqust 2021-ci il tarixli, 11 nömrəli pensiya hesablanması üçün əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı 1994-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında, 1995-ci ildə 12 ay üzrə, 1996-cı ildə 12 ay üzrə, 1997-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarında, 1998-ci ilin sentyabr, oktyabr aylarında əmək haqqı hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Ticarət Mərkəzi MMC-nin 24 iyun 2021-ci il tarixli, 03 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, 10 mart 2004-cü il 01 saylı qərarla "xxxx" Ticarət Mərkəzi MMC-yə drektor təyin edilmiş, aylıq əmək haqqı 92000 manat olmuş, 01 noyabr 2005-ci il tarixdə 06 saylı əmrlə işdən azad olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" Ticarət Mərkəzi MMC-nin 10 mart 2004-cü il tarixli, 01 nömrəli qərarına əsasən İddiaçı "xxxx" Ticarət Mərkəzi MMC-yə 10 mart 2004-cü il tarixdən əmək müqaviləsi üzrə aylıq əmək haqqı 92000 manat olmaqla direktor vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Ticarət Mərkəzi MMC-nin 01 noyabr 2005-ci il tarixli, 06 nömrəli əmrinə əsasən İddiaçı "xxxx" Ticarət Mərkəzi MMC-nin direktoru 01.11.2005-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq tarixi göstərilməyən "xxxx" Ticarət Mərkəzi MMC-nin direktorunun imzası və MMC-nin möhürü ilə təsdiqlənmiş arayışında qeyd olunmuşdur ki, İddiaçı Dadaşbala oğlu 10 mart 2004-cü il tarixdə 01 saylı əmrlə aylıq əmək haqqı 92000 manat olmaqla Sunay Ticarət Mərkəzi MMC-nin direktoru təyin edilmişdir. 01 noyabr 2005-ci il tarixli 6 saylı əmrə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Qeyd: Sunay TM MMC-nin 2004 və 2005-ci illərin əmək haqqı hesablanması kitabı tapılmadı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 09 sentyabr 2021-ci il tarixli, **********001900 nömrəli müraciətə baxılması barədə məktubunda qeyd olunmuşdur ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) dair daxil olmuş müraciətə qanunvericiliyə uyğun olaraq baxılmış, qurumun qeydiyyat qovluğuna əsasən İddiaçı cəmiyyətə qanuni təmsilçi təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Cavabdehin məhkəmə iclasında təqdim etdiyi 30 avqust 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı 2004-2005-ci illərdə "xxxx" Ticarət Mərkəzi MMC-də işləməsi faktı qarşılıqlı araşdırılmışdır. İddiaçı 10.03.2004-cü ildə (əmr № 1, 10.03.2004-cü il) "xxxx" Ticarət Mərkəzi MMC-yə əmək haqqı 92000 manat olmaqla direktor vəzifəsinə işə qəbul edilmiş, 01.11.2005-ci ildə (əmr № 06, 01.11.2005-ci il) öz xahişi ilə işdən azad edilmişdir. Araşdırma əmrlər kitablarına əsasən 2004-2005-ci illərin əmək haqqı cədvəlləri saxlanılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 25 fevral 2021-ci il tarixli, **********8 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz 01.12.1972-ci il tarixli əmək kitabçanıza əsasən sizin sosial sığorta stajınız 23 il 6 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalınız qeydə alınmamışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 və araşdırma şöbəsinin 29.01.2021-ci il tarixli aktına əsasən 17.01.1997-ci il tarixindən öz hesabınıza məzuniyyətdə olduğunuza görə 15.01.1997-ci il tarixindən 01.02.2001-ci il tarixinədək olan dövrləri sosial sığorta stajınıza əlavə etmək qanunla nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinin tələblərinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı **********2 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz 01.12.1972-cı il tarixində tərtib edilmiş əmək kitabçanıza əsasən sığorta stajınız 23 il 6 ay 3 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 17908.65 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28800 manat) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilir ki, 01.12.1972-ci il tarixində tərtib edilmiş əmək kitabçanızda qeyd edilmiş 10.03.2004-cü il tarixindən 01.11.2005-ci il tarixinədək "xxxx" Ticarət Mərkəzi MMC-dəki fəaliyyət dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Əlavə olaraq bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5, Daxili nəzarət və Monitorinq Departamentinin 30.08.2021-ci il tarixli xidməti məruzəsinə əsasən "xxxx" Ticarət Mərkəzi MMC-nin 2004-2005-ci illər üzrə əməkhaqqı cədvəlləri saxlanılmadığına görə qeyd olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin araşdırılması imkan xaricindədir. Bu baxımdan həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Eyni zamanda bildirilir ki, qeyd olunan Qaydanın tələblərinə uyğun olaraq nəzərə alınmayan fəaliyyət dövrlərinin təsdiqi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 3 saylı Bakı “DOST” Mərkəzinə təqdim etdikdən sonra sizin yaşa görə əmək pensiya hüququnuza yenidən baxıla bilər. Məlumat üçün bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə 13.01.2021-ci il tarixindən 130 manat məbləğində yaşa sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci ildən başlayaraq kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 65 yaşını 13.01.2021-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus təhsil barədə sənədləri və əmək kitabçası qeydlərindən görünür ki, iddiaçının təhsil dövrləri 01.09.1975-13.06.1978 və 01.09.1988-14.07.1994-cü illər onun Bakı Ət Kombinatında 25.11.1972-10.08.1974 və 27.03.1975-16.08.1994-cü illərdəki əmək fəaliyyəti dövrü ilə üst-üstə düşmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır Məhkəmə iddiaçının əmək fəaliyyəti dövrü ilə üst-üstə düşən təhsil dövrünü ayrıca olaraq ümumi iş stajına hesablanmasını mümkün saymır. Əmək fəaliyyəti dövrünə gəldikdə müəyyən olunur ki, iddiaçının “Bakımalqara tədarük emal” İB-də ("xxxx" ASC-də) əmək fəaliyyəti 25.11.1972-10.08.1974-cü ilədək 1 il 08 ay 16 gün, 27.03.1975-16.08.1994-cü ilədək 19 il 04 ay 21 gün işləmişdir. Eyni zamanda iddiaçı 27.09.1994-cü ildən “Bakımalqara tədarük emal” İB-yə köçürmə yolu ilə kolbasa zavodunun hazır məhsul sahəsinə usta qəbul edilmişdir. İddiaçının əmək kitabçasında həmin vəzifədən əvvəlcə 15.01.1997-ci ildən azad edildiyi qeyd edilsə də, sonrakı qeyddə 01.02.2001-ci ildən azad edildiyi göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq işəgötürən tərəfindən iddiaçının əmək kitabçasında işdən azad olunma barədə qeyd edilmiş 4 k nömrəli, 15.01.1997-ci il tarixli əmrin mexaniki səhv olduğu bildirilmişdir. İşəgötürənin bunu sübut edən sənədlər qismində təqdim etdiyi əmrlər kitabından çıxarışlardan müəyyən olunur ki, iddiaçı barəsində işdən azad olunma barədə əmr 01.02.2001-ci il tarixli əmrdir. Əmək kitabçasında qeyd edilən eyni tarixli və eyni nömrəli, yəni 15.01.1997-ci il tarixli, 4-k nömrəli işəgötürənin əmri mövcuddur ki, bu əmr İddiaçı barəsində deyil, başqa bir işçi, X1 adlı vətəndaşın işdən azad olunması barəsində olmuşdur. Beləliklə, məhkəmə iddiaçının “Bakımalqara tədarük emal” İB-də ("xxxx" ASC-də) əmək fəaliyyəti dövrü 27.09.1994-cü ildən 01.02.2001-ci il tarixədək olan dövr kimi qəbul edilməlidir. İşəgötürənin təqdim etdiyi iddiaçının fəaliyyəti ilə bağlı sənədlərdən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-də işlədiyi dövrlərdə 1997-ci ildən başlayaraq öz hesabına ödənişsiz məzuniyyətlərdə olmuşdur. Təqdim olunmuş əmək haqqının hesablanması cədvəlindən görünür ki, iddiaçıya 1997-ci ildə 01 ay, 1998-ci ildə 10 ay üzrə əmək haqqı hesablanmamışdır, sonrakı illərə, yəni 01.02.2001-ci ilədək olan dövr üzrə isə işəgötürən əmək haqqı cədvəlləri və ya əmək haqqının hesablanması barədə arayış təqdim edilməmiş, ümumən 01.02.2001-ci ilədək olan dövrdə faktiki işləməsi barədə sənədlər müəyyən olunmamışdır. Qeyd edilməlidir ki, istər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən iş stajına daxil edilən əmək fəaliyyəti dövrləri içərisində, istərsə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən sosial sığorta stajı kimi nəzərə alınan dövrlərin sırasında ödənişsiz məzuniyyət dövrü təsbit olunmamışdır. Belə olan halda məhkəmə iddiaçının 27.09.1994-cü ildən başlayaraq 1995, 1996-cı illərdə əmək haqqı hesablandığı illəri tam il olaraq, 1997-ci ildə əmək haqqı hesablanmamış, faktiki əmək fəaliyyəti olmamış ödənişsiz məzuniyyətdə olduğu 01 ayı çıxmaqla 11 ayı və 1998-ci ildə əmək haqqı aldığı 02 ayı ümumi iş stajına hesablayır ki, bu dövrlər üzrə iddiaçının iş stajı 27.09.1994-01.12.1997+1998-ci ildə 02 ay olmaqla cəmi 03 il 04 ay 05 gün təşkil edir. İddiaçının "xxxx" Ticarət Mərkəzi MMC-də 10.03.2004-01.11.2005-ci illərdə direktor vəzifəsində işlədiyi barədə əmək kitabçasında qeydlər edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər arasında iddiaçının "xxxx" Ticarət Mərkəzi MMC-də direkor vəzifəsinə qəbul edilməsi və həmin vəzifədən azad edilməsi barədə əmrlər olsa da, həmin dövrə aid iddiaçıya əmək haqqının hesablanması və ödənilməsi barədə əmək haqqı cədvəlləri əlavə edilməmişdir. Ən əsası məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adıçəkilən MMC-də direktor, yəni qanuni təmsilçi vəzifəsində işlədiyi qeyd edilsə də, vergi orqanından məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş məlumatda həmin hüquqi şəxsin qeydiyyat sənədlərində iddiaçının "xxxx" Ticarət Mərkəzi MMC-nin qanuni təmsilçisi olması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun həmin dövr qüvvədə olan redakasiyasının 9.1-ci maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.3-cü maddəsinə görə hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: -14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri. Göründüyü kimi qanunla hüquqi şəxsin dövlət reyestrində qeydə alınmalı məlumatlarından biri də hüquqi şəxsin qanuni təmsilçisinin kim olması barədə məlumatdır ki, bu məlumat dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hazırkı iş üzrə isə iddiaçının əmək kitabçasında qeyd edilən "xxxx" Ticarət Mərkəzi MMC-də 10.03.2004- 01.11.2005-ci illərdə direktor işlədiyi dövrü məhkəmə iddiaçının hüquqi şəxsin qanuni təmsilçisi(dirketoru) kimi dövlət reyestrində qeydiyyatı olmadığından, həm də həmin illərə aid əmək haqqının hesablanması və ödənilməsi barədə sənədlər, əmək haqqı cədvəlləri təqdim edilmədiyindən iş stajına hesablamır. Beləliklə müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumilikdə iş stajı 24 il 05 ay 12 gün (25.11.1972 - 10.08.1974-cü ilədək 1 il 08 ay 16 gün + 27.03.1975 - 16.08.1994-cü ilədək 19 il 04 ay 21 gün + 27.09.1994 - 01.12.1997-ci ilədək 03 il 02 ay 05 gün + 1998-ci ildən 02 ay) təşkil edir. Belə olan halda iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı mövcud olmadığından ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin 1-ci tələbinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: -22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilməlidir ki, iddiaçının 01.01.2006-cı il tarixdən 01.07.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından Qanunun yuxarıda göstərilən 22-1.1-ci maddəsi tətbiq edilərək onun 01.01.2006-cı il tarixədək stajı 25 ilə tamamlanaraq hesablana bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına sahib olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi də təmin edilə bilməz. Belə olan halda cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar