Məhkəmə qərarları › İş №2-1(112)-6025/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6025/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6025/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə təqdim edilmiş tibbi sənədlər əsasında əlillik təyinatını müəyyən etmək öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 2-ci qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(112)-6025/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 2 (iki) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, İddiaçı xx.xx.2014cü il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə edilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2015-ci il tarixdə təkrar müayinə zamanı bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1. bəndinə müvafiq olaraq xx.xx.2015-ci il tarixdə şəxsin əlillik müddəti onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Əlillik müddəti başa çatdıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli 2750003AAFR4 saylı göndəriş rəsmiləşdirilmiş, həmin göndəriş əsasında əlillik vəziyyəti şəxsin iştirakı olmadan xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qərardan narazı şəxs kimi İddiaçı Agentlikdə müayinə edilmiş və əsas xəstəliyin (şəkərli diabet) ağırlaşmalarının həmin vaxt qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə"yə müvafiq əlillik təyininə əsas vermədiyi müəyyən edilmiş, lakin yanaşı xəstəliyini (Qapalı kəllə beyin travması, Spesifık şəxsiyyət pozğunluqları, Şəxsiyyətin emosional davamsız pozuntusu. Strese qarşı kəskin reaksiya) nəzərə alaraq Əsasnamənin 2.3.9. bəndinə müvafiq beş il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qərardan narazı olan şəxs əlilliyin gücləndirilməsi ilə bağlı məhkəməyə müraciət edib, məhkəmənin qərardadı əsasında yenidən müayinə edilir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və selikli qişaları solğundur, astenik tip bədən quruluşuna malikdir. Əlaqəsiz olaraq çox danışır, fikrini tam ifadə edə bilmir, buna görə də əsəbləşir. Deməsinə görə sutkada dörd dəfə olmaqla ümumilikdə 72 vahid insulin qəbul edir. Dili nəm ərplidir. Qarın yumşaq epiqastral nahiyyədə ağrılıdır. Aşağı ətraflarda tük örtüyü seyrəlib, əzələ tonusu azalıb. Hər iki tərəfdə art.pedis dorzalis üzərində nəbz zəifləyib. Oftolmoloqun müayinəsi zamanı “OU-başlanğıc fəsadlı katarakta, qeyri proliferativ diabetik retinopatiya” diaqnozu və ViSOU 0,08 k/ilə 0,1<onda bir) görmə itiliyi müəyyən edilir. Əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsində hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.3.2. bəndinə uyğun olaraq 2 il müddətinə ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının 75% (yetmiş beş) pozulmasının təyini barədə qərar verilir. Göründüyü kimi iddiaçı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında mübahisə predmetinə səbəb olan hal aradan qaldırılmışdır. Bu səbəbdən işə xitam verməsi xahiş edilir. Vəsatətə əlavə edilmiş TSEK-in xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən İddiaçı 2 il müddətinə ümumi xəstəlik səbəbi ilə 75% (yetmiş beş) OFP təyin edilmiş, yüngül işlərdə işləyə bilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, ona ikinci qrup əlillik cavabdeh inzibati orqan tərəfindən təyin edilmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbinə uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərarla Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.3.2. bəndinə uyğun olaraq 2 il müddətinə ümumi xəstəlik səbəbi ilə orqanizmin funksiyalarının 75% (vetmiş beş) pozulmasının təyini barədə qərar (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə uyğun 2-ci (ikinici) qrup) əlillik təyin edildiyindən) verildiyindən, bununla da iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar