Məhkəmə qərarları › İş №2-1(112)-6026/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6026/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6026/2021 09.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşdan, yəni 01.11.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, onun ümumi iş stajı 25 ildən çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun ümumi iş stajının 25 ildən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası mövcuddur. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, hər iki kitabçalarındaki iş stajı və hərbi xidmət keçdiyi dövr nəzərə alındıqda belə iddiaçı 01.01.2006-cı il tarixədək tələb edilən 20 il ümumi iş stajı müddətini tamamlamamışdır. (15 il 03 ay 22 gün). Cavabdeh bildiriri ki, iddiaçının güzəştli staj illəri 10 ildən az təşkil edir. Həmçinin, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materialları olan birinci əmək kitabçasından müəyyən edilmişdir ki iddiaçı: 06.09.1982-ci il tarixdən 31.12.1983-cü il tarixədək sovxozda fəhlə işləmiş; 12.03.1987-ci il tarixdə "xxxx"nda “Qummirovka” sahəsinə 1-ci dərəcəli sistern vulkanizatoru vəzifəsinə qəbul edilmiş, 20.09.1990-ci il tarixində zavodun Texniki şöbəsinə İİİ kateqoriyalı mühəndis-texnoloq vəzifəsinə keçirilmiş, 13.04.1992-ci il tarixində Mülki Müdafiə qərargahına rəis vəzifəsinə keçirilmiş və 08.12.1993-cü il tarixdə köçürmə yolu ilə işdən azad edilmiş; 08.12.1993-cü il tarixdə “Yapışdırıcı” koopeativinə sədr vəzifəsinə təyin olunmuş, 01.09.1997-ci il tarixdə “Qummirovka” sahəsinə rəis vəzifəsinə qəbul edilmiş, 03.11.1997ci il tarixdə “Bakı Neft Qaz Mədən Avadanlıqları zavodu”na köçürmə yolu ilə işdən azad olunmuş; 30.10.1997-ci il tarixindən zavoda köçürmə yolu ilə “Qummirovka “ sahəsinə rəis vəzifəsinə qəbul olunmuş, 27.12.2007-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş digər əmək kitabçasından görünür ki, o: 15.11.2001-ci il tarixdə X4 Cəmiyyəti Biləcəri Su Təchizatı və X2 Müəssisəsinə su müfəttişi vəzifəsinə qəbul edilmiş və 01.04.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 03.10.2005-ci il tarixdə "xxxx" ASC Azərenerjitikinti” MMC EVX və YST və Tİ Binəqədi YST 5-ci dərəcəli suvaqçı peşəsinə qəbul edilmiş, 01.10.2007-ci il tarixdə həmin İdarədə 5-ci dərəcəli elektrik xətt quraşdırıcısı vəzifəsinə keçirilmiş; 01.11.2008-ci il tarixdə EVX Tikintisi və Yenidənqurulması İdarəsinin EVXT və Y 1 №-li tikinti sahəsinə keçirilmiş, 01.10.2014-cü il tarixdə X1 İdarəsinin 6 saylı tikinti sahəsinə keçirilmiş və 28.01.2015-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 23.05.2016-cı il tarixdə Bakıxanov Bələdiyyəsinə fəhlə işinə qəbul edilmiş, 04.01.2018-ci il tarixdə Bələdiyyənin Vergi Xidməti Orqanına vergi müffətişi vəzifəsinə keçirilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün dörd halı əsas götürmüşdür: 1.03.08.1998-01.10.2007-ci il tarixləri arasındaki dövr ərzində əmək haqqı ödənilmədən öz hesabına məzuniyyətdə olması;

2. 01.01.2006-cı il tarixədək ümumi iş stajının toplanmaması;

3. 01.01.2006-cı il tarixədk güzəştli iş stajının toplanmaması;

4. fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi; Məhkəmə imtinanın əsaslı olub-olmamasına qiymət verməzdən əvvəl, ümumiyyətlə vətəndaşlara 52 yaşdan güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı şərtlərin olmasını müəyyən etməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Göründüyü kimi hər iki şərtin, yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi dəlillərə qiymət verilməsi üçün, iddiaçının hərbi, təhsil müddətləri və iş stajı nəzərə alınmaqla onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının nə qədər olduğunu müəyyən etməlidir. Əvvəla məhkəmə bildirir ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı X5 1983cü ilin sentyabr ayından 03.07.1990-ci il tarixədək Azərbaycan Respublikası Politexnik İnstitunda oxumuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təhsil müddəti ümumi iş stajına daxil edilərkən təhsilin başladığı müddət 01.09.1983-cü il tarixdən nəzərə alınır. Belə ki, sözügedən diplomda təhsil müddətinin başlamasının 1983cü ildən olduğu göstərilmiş, lakin gün və ay tarixi qeyd olunmamışdır. Ümumməlum arqument odur ki, SSR dövrdə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Bu səbəbdən, Məhkəmə iddiaçının təhsil müddətinin 01.09.1983-03.07.1990 dövrü (04 il 11 ay 16 gün) əhatə etdiyi qənaətinə gəlir. Lakin, iş materiallarında olan əmək kitabçasının, diplomun və hərbi biletin müqayisəli təhlilindən görünür ki, iddiaçı 06.09.1982-ci il tarixdən 31.12.1983-cü il tarixədək sovxozda fəhlə işləmiş, 08.05.1984-cü il tarixdən 25.05.1986-cı il tarixədək hərbi xidmətdən keçmiş, 12.03.1987-03.07.1990-ci illəri əhatə edən dövrdə üzrə vulkanizator vəzifəsində işləmişdir. Əmək fəaliyyəti ilə təhsil və hərbi müddətinin üst-üstə düşməsi təkzib olunmaz hal olduğundan, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsini rəhbər tutur. Həmin maddənin müddəalarına görə sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır ki, hazırki iddia üzrə iddiaçı məhkəmə icraatı zamanı əmək fəaliyyətini əhatə edən dövrün nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə iddiaçının seçimi əsasında təhsil müddətinin yalnız 01.09.1983-cü il tarixdən 12.03.1987-ci il tarixədək olan hissəsini nəzərə alır. Məhkəmə iddiaçının ümumi iş stajını yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının əmək kitabçasında bir çox zidiyyətli məqamlar olmuşdur ki, bunlar əmrlərdə işə qəbul və işdən azad olunma tarixlərinin üst-üstə düşməməsi ilə bağlıdır. Belə ki, bir əmək kitabçasına görə iddiaçı "xxxx"nun Qumirovka sahəsində rəis vəzifəsində olarkən, 03.08.1998-ci il tarixindən 01.10.2007-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuş, lakin digər əmək kitabçasına görə isə o, 15.11.2001-ci il tarixdən 01.04.2002-ci il tarixədək və 03.10.2005-ci il tarixdən digər sahələr üzrə əmək fəaliyyətini davam etdirmişdir. Qeyd olunan iş stajı, təhsil illəri cəmləndikdə, iddiaçının 01.01.2006-cı il tarixədək 15 il 09 ay 15 gün (06.09.1982-01.09.1982-fəhlə; 01.09.1983-12.03.1987-təhsil; 12.03.1987-03.11.1997; 15.11.2001-01.04.2002; 03.10.2005-01.01.2006) ümumi iş stajı mövcuddur ki, bu hal iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş ümumi iş stajının toplanmaması deməkdir. Məhkəmə iddia tələbinə etirazda və imtina məktubunda ümumi iş stajının məhkəmənin müəyyən etdiyi müddətdən artıq olması ilə bağlı əlavə araşdırmanın həyata keçirilməsini, hər bir halda ümumi iş stajının 25 ildən aşağı olması səbəbindən zəruri hesab etmir. Məhkəmə güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iddiaçı həmçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan güzəştli iş stajını toplmamamışdır. Belə ki, iş materiallarında olan Azenco ASC tərəfindən verilmiş güzəştli arayışdan görünür ki, iddiaçının güzəştli iş stajı 07 il 03 ay 21 gün təşkil edir ki, həmin dövr onun 03.10.2005-ci il tarixdən "xxxx" ASC-nin "xxxx" MMC-nin X3 və Yarımstansiyalarının tikinti və təmiri İdarəsində, bundan sonra "xxxx" ASC işlədiyi dövrü əhatə edir. İddiaçının həmin dövrdə işlədiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290000a—19829 kod altında nəzərdə tutulmuş yüksək gərginlikli və kontakt şəbəkəli hava xətlərinin quraşdırması üzrə elektrik montyorları, xətçilər peşəsinə aid edilmişdir. Göründüyü kimi, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, ona münasibətdə güzəştli iş stajı məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı ilə deyil, 1 №-li Siyahının əhatə dairəsinə düşməlidir. Bunun əsasında məhkəmə bildirir ki, iddiaçının yalnız “Bakı Neftqazmədən avadanlıqları” zavodunda vulkanizator vəzifəsində işlədiyi müddət güzəştli iş stajına daxil edilir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarının 1 nömrəli siyahısının X “Neftin qazılması və hasilatı” bölməsinin “Qazma” bəndində göstərilən peşənin adında kod 110000a-11495 (vulkanizator) ilə güzəştli əmək pensiyası verən sahə olsa da, iddiaçı həmin peşə üzrə yalnız 12.03.1987-17.09.1990 dövrlərdə, yəni 03 il 06 ay 07 gün işləmişdir ki, bu da qanunvericilikdə müəyyən edilmiş güzəştli iş stajından az təşkil edir. Məhkəmə əlavə olaraq onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş arayışda iddiaçının “Yapışdırıcı” və “Qummirovka” sahəsi üzrə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahısına görə güzəştli iş stajı kimi nəzərə alınsa belə, məhkəmə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu və “Qummirovka” sahəsinin rəisi kimi göstərildiyi dövrü güzəştli iş stajı kimi nəzərə almır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Məcəllənin 129-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Oxşar müddəalar 01 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29 və 30-cu maddələrində də nəzərdə tutulmuşdu. 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşları pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri” adlanan 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə isə Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan şəxslərin, o cümlədən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər— Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinin tələbinə görə bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsaitin əmələ gəlmə əsaslarından biri kimi mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları çxış edir. Qeyd olunmalıdır ki, oxşar müddəalar hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində də nəzərdə tutulmuşdu. Qeyd olunan normaların məzmunundan aydın olur ki, ödənişsiz məzuniyyət işçilərin xahişinə və ya tərəflərin qarşılıqlı razılığına əsasən verilə bilər. Hazırda qüvvədə olmayan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində və Əmək Məcəlləsinin 128-ci maddəsində göstərilən hallardan hər hansı biri olduqda işçinin ödənişsiz əmək məzuniyyətindən istifadə etmək hüququ vardır və bu hallar işçiyə öz xahişi ilə ödənişsiz məzuniyyət verilməsinə əsasdır. Tərəflərin qarşılıqlı razılığına əsasən verilən ödənişsiz məzuniyyət isə yuxarıdakı halların mövcudluğundan asılı deyildir və işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə şərtlənir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən qanunda və Əmək Məcəlləsində ödənişsiz məzuniyyətin leqal anlayışı verilmiş olmasa da, həmin məzuniyyət növünün əsas səciyyəvi cəhəti əmək haqqının ödənilməməsidir. Başqa sözlə, ödənişsiz məzuniyyət işçinin iş yeri (peşəsi) saxlanılmaqla, lakin əmək haqqı ödənilmədən əmək vəzifələrinin yerinə yetirilməsindən azad olunduğu vaxtdır. Göstərilənlərə əsasən məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, işçiyə pensiya ödənilməsi üçün onun işlədiyi müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişlərinin aparılması mütləqdir və bu şərt ödənildiyi halda iş müddəti sosial sığorta stajına və ya əmək stajına daxil edilir. Bunun üçün isə işçinin faktiki əmək fəaliyyəti ilə məşğul olması və əmək haqqı alması zəruridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası "xxxx" ASC-nin işçisi kimi 03.08.1998-ci ildən 01.10.2007-ci ilədək ödənişsiz məzuniyyətdə olduğu müddətdə onun faktiki olaraq "Qummirovka" sahəsində rəis vəzifəsi üzrə əmək fəaliyyəti ilə məşğul olmadığı, buna görə əmək haqqı almadığı və sosial sığorta ayırmalarının da həyata keçirilmədiyini nəzərə alaraq həmin müddətin iddiaçının güzəştli iş stajı kimi nəzərə alınması mümkün deyildir. Məhkəmə onu da bildirir ki, hətta iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr güzəştli iş stajı kimi nəzərə alınsa da, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün güzəştli iş stajı kifayət etmir.(arayışda 08 il 01 ay 25 gün göstərilir). Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli staj ilə bağlı şərtlər ödənilmədiyindən, “Vətəndaşların təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndi iddiaçıya münasibətdə şamil oluna bilməz. Cavabdehin imtina məktubunda göstərilən 4-cü əsas ilə bağlı isə, Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı” haqqnda Qanunun 13-cü maddəsinin a) bəndi əsasında 52 yaşadan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdiyindən, ona həmin dövrdə olan qanunvericiliyin normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa qanunun həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmadığından, cavabdehin imtina məktubunda göstərdiyi dördüncü əsas ilə bağlı əlavə araşdırılmanın aparılması zərurət təşkil etmir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar