Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6026/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “məlumat vərəqəsinin yenilənməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “məlumat vərəqəsinin yenilənməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı vəsatət verərək Xarici İşlər Nazirliyinin də cavabdeh qismində cəlb edilməsini, məhkəmənin qərardadı ilə Nazirlik cavabdeh qismində cəlb edilmiş, eyni zamanda məhkəmə qərardadı ilə Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filial üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinə 2023-cü ilin mart və sentyabr aylarında dəqiqləşmələr vermiş, sədrlik edən iddia tələbinin onun hüquqi marağına uyğun olaraq yenidən dəqiqləşdirilməsini iddiaçıya təklif etmişdir. Həmin təklifə uyğun olaraq iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək iddiaçıya ailə başçısının itirilməsinə görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq artırılması üçün mərhum yoldaşının Səfirlikdə işlədiyi zaman aldığı vəzifə maaşı (2940 avro) barədə məlumatların da daxil edilməklə yeni məlumat vərəqəsinin tərtib edilməsi və aidiyyəti üzrə həmin məlumat vərəqəsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala göndərilməsinin cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsini, Xarici İşlər Nazirliyi və Filialın üçüncü şəxs qismində müəyyən edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşının Azərbaycan Respublikası Səfirliyinin ikinci katibi vəzifəsində, Xarici İşlər Nazirliyinin ikinci katibi vəzifəsində xarici ölkədən işləməsi nəzərə alınmadan ona pensiya təyin edilmişdir. Halbuki Nazirlik tərəfindən təqdim edilən sənədlərdən görünür ki, iddiaçının həyat yoldaşı həmin vəzifələrdə işləmiş əmək haqqı almışdır. Lakin, pensiya təyini üçün əsas olan məlumat vərəqində həmin hallar nəzərə alınmadığından iddiaçının pensiyası düzgün hesablanmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Arayışlarda qeyd edilmişdir ki, iddiaçının həyat yoldaşı 16 aprel 2012-01 noyabr 2022-ci il tarixə qədər Nazirliyin Birinci ərazi idarəsində ikinci katib vəzifəsində, 01 noyabr 2012-ci il tarixdən 25 iyul 2013-cü il tarixədək Səfirlikdə ikinci katib vəzifəsində işləmiş, noyabr 2012 tarixdə 777 avro, dekabr 2012-ci il tarixdə 2590 Avro, yanvar-iyul 2013-cü il tarixdə 2940 avro, ümumilikdə 23947 avro əmək haqqı almışdır. Xarici İşlər Nazirliyində hesablanan aylıq əmək haqqı 210 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin qərardadından görünür ki, məhkəmə hesab etmişdir ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması üçün məlumat vərəqəsinin yenidən tərtib edilərək göndərilməsi barədə iddia ilə məhkəməyə müraciət etməlidir. Xidmətin məktubundan görünür ki, iddiaçının həyat yoldaşı hərbi qulluqçu olduğundan onun vəfati ilə əlaqədar ailə başçısını itirməsinə görə əmək pensiyası son təminat xərcliyi kimi 902,15 AZN təşkil etdiyindən məlumat vərəqi ona uyğun tərtib edilərək göndərilmişdir. Həmin dövrdə rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Bu səbəbdən də həmin ödənişlər pensiya təyin edilərkən nəzərə alınmamalıdır. Filialın məktubunda qeyd edilmişdir ki, Xidmətdən daxil olmuş məlumat vərəqində xidmət müddəti 6 il 3 ay 9 gün təşkil etmiş, əmək pensiyası 01 yanvar 2023-cü il tarixindən indeksləşdirilməklə məbləğ 1167,32 manata çatdırılmışdır. Əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, pensiya məbləği əmək haqqının 80 faiqi miqdarında ödənilir. Pensiya işinə daxil olan sənədlərdən, eləcə də məlumat vərəqindən görünür ki, cavabdehin tərtib etdiyi məlumat vərəqəsində olan məlumatlar əsasında iddiaçıya 25 iyul 2013-cü il tarixdən ailə başçısını itirməyə görə pensiya ödənilməkdədir. Xarici İşlər Nazirliyi tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçının həyat yoldaşının XİN-də aldığı əmək haqqının 50 faizi saxlanılıb və məcburi sığorta haqqları və digər ödəmələr tutulmuşdur. Məktubdan da görünür ki, məcburi dövlət sosial sığorta haqqları üzrə ödəmə 6,30 manat hər ay üzrə müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:[3] 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Diplomatik xidmət haqqında” Qanunun: 1.1. Diplomatik xidmət - Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir. 23.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunla müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunur. Hazırda qüvvədən düşmüş 23.4. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. 23.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - , Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, , Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun, Əmək pensiyaları haqqında” Qanunun 1.0.2ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. u baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının həyat yoldaşının ikinci katib vəzifəsində aldığı əmək haqqının (2940 avro) nəzərə alınmaqla məlumat vərəqisinin yenidən tərtib edilərək əmək pensiyasının artırılması üçün pensiya orqanına göndərilməsi ilə bağlıdır. İddiaçı həmin ödənişlərin nəzərə alınmalı olmasını iddia edərkən, cavabdeh məlumat vərəqisində həmin məlumatların təqdim edilməməli olmasını onunla əsaslandırır ki, həmin əmək haqqından məcburi dövlət sosial sığorta haqqları tutulmamışdır. Məhkəmə həmin əsaslandırmanı yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbləri, eləcə də Konstitususiya Məhkəməsinin qərarında qeyd olunan hüquqi mövqe baxımından əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, işin faktiki hallarından, eləcə normaların məzmunundan aydın olur ki, iddiaçının həyat yoldaşı kateqoriyasında olan şəxslərin xarici ölkədə aldığı əmək haqqından,yəni indiki halda avro ilə edilən ödənişlərdən məcburi dövlət sosial sığorta ayırmaları həmin dövrdə həyata keçirilməmişdir. İddiaçının həyat yoldaşının almış olduğu əmək haqqısının 50 faizi saxlanılmaqla sığorta ödəmələri qüvvədə olmuş Diplomatik xidmət haqqınd Qanunun 23.5-ci maddəsinə əsasən tutulmuşdur ki, həmin tutulma 2940 avro məbləğində xarici ölkədə xidməti ilə bağlı ödənilən əmək haqqına aid olmamışdır. Halbuki, Konstitusiya Məhkəməsinin qərarından da aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Əgər əmək haqqından məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi nəzərdə tutulmamışdırsa, məhkəmə hesab edir ki, dövlətin kompensasia məqsədi ilə hər hansı ödənişindən də söhbət gedə bilməz. İşin faktiki halları və qanunvericilik normalarınından da göründüyü kimi iddiaçının həyat yoldaşından həmin məcburi dövlət sosial sığorta haqqları tutulmamışdır ki, qeyd olunan səbəbdən də məlumat vərəqəsində əmək haqqı barədə məlumatın daxil edilməməsi barədə cavabdehin mövqeyi qanuni əsaslı olmuş, iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübut edilmişdir. Odur ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov