Məhkəmə qərarları › İş №2-1(112)-6027/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6027/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6027/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5978 nömrəli bağ üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2003-cü il tarixli məktubla bildirmişdir ki, təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman sahənin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən olunmuşdur. Bundan başqa, göstərilən torpaq sahəsinin perimetrik ölçüləri və konfiqurasiyası bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi digər bağın ərazisinə uyğun gəlir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 198 nömrəli sərəncamı ilə Ləhiş bağlar sahəsində 93 nömrəli ВТК nəzdində 0,12 ha torpaq sahəsi olan 5978 nömrəli bağ üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, Fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsi tərəfindən ona 14 nömrəli order verilmişdir. Həmin orderdən görünür ki, X3 Bakı şəhər İcra Hakimiyyətinin 09 fevral 1996-cı il tarixli, 198 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 93 nömrəli ВТК nəzdində 0,12 ha torpaq sahəsi olan 5978 nömrəli bağ ayrılmışdır. X1 Baloğlan Həbib oğlu ilə xx.xx.1985-ci ildə nikaha girərək ailə həyatı qurmuşdur. Nikahdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. Qanuni əsaslarla əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə adına çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Orderin əsli, habelə orderin verilməsinə əsas olmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı arxivdə mövcuddur və Bakı şəhər İcra Hakmiyyətindən əldə edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasında ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -“Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 198 nömrəli sərəncamından görünür ki, Ləhicdəki 5978 nömrəli bağ 93 nömrəli ВТК tərkibində A.V.Hacıyevanın istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ sahəsinin tikintisi üzrə baş istehsalat idarəsinin Ləhiş bağlar sahəsindəki 93 nömrəli kooperativi tərəfindən verilmiş 14 nömrəli orderdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 9 fevral 1996-cı il tarixli 198 nömrəli qərara əsasən X3 Ləhiş bağlar sahəsində 93 nömrəli ВТК nəzdində 0,12 ha torpaq sahəsi olan 5978 nömrəli bağ ayrılmışdır. -xx.xx.1985-ci il tarixli 494967 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X5 və X4 xx.xx.1985-ci ildə nikah bağlamış, nikahdan sonra arvada Bağırova soyadı verilmişdir. -xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəzyətlərini əks etdirən müayinə (baxış) aktından görünür ki, Ləhiş bağ massivində 5978 saylı bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 0.12 ha, faktiki sahəsi isə 0.1438 ha-dır. 238 kv.m artıqdır. Yerli baxış zamanı nümayəndə digər fiziki şəxs tərəfindən hasarlanmış sahəni göstərdi. O bildirdi ki, həmin bağ sahəsini digər fiziki şəxs hasarlayaraq zəbt edib. Nümayəndədə darvazanın açarı olmadığından hasarın üstündən keçərək içəridən darvazanı açdı. Bağ sahəsində mübahisə predmeti var. Bağ sahəsində birinci digər fiziki şəxs tərəfindən inşa olunmuş yarımçıq köməkçi tikilisi var. Bağ sahəsinin ölçüləri və konfiqurasiyası sxematik xəritəyə uyğun gəlmir. Ümumi hasar daxilindəki 1438 kv.m torpaq sahənin 1078 kv.metri sxematik xəritəyə uyğundur. İddiaçı hazırda onun istifadəsinə verilmiş 5978 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamını və orderi təqdim etmişdir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən:

1. təqdim edilən orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsinə;

2. sahənin digər şəxs tərəfindən hasarlanaraq istifadə edilməsinə;

3. torpaq sahəsinin perimetrik ölçüləri və konfiqurasiyasının bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, formal əsaslar olmaqla iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas təşkil edə bilməz. Belə ki, iddiaçının cavabdehə təqdim etdiyi 14 nömrəli order İdarənin arxivində aşkar edilməsə də, Ləhicdəki 5978 nömrəli bağın iddiaçının istifadəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 198 nömrəli sərəncamı arxivdə mövcuddur və hazırda qüvvədə olmaqla ləğv edilməmişdir. Torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə gəldikdə, işdə olan 5978 saylı bağ sahəsinin ortofoto xəritəsindən çıxarışdan görünür ki, həmin bağ sahəsi bağların nömrə ardıcıllığına uyğun gəlir. Bundan əlavə, cavabdeh xx.xx.2023-cü il tarixli müayinə aktında göstərmişdir ki, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında 5978 saylı bağ sahəsinin 1078 kv.metr sahəsi sxematik xəritəyə uyğun sahədir. Torpaq sahəsinin digər şəxsin istifadəsində olmasına gəldikdə, məhkəmə qeyd edir ki, nə qədər ki, mübahisəli ərazi 5978 saylı bağın ərazisinə uyğun gəlir və həmin bağ iddiaçıya ayrılmışdır, deməli, digər şəxsin bağdan qanunsuz istfadə etməsi iddiaçının hüququnun qeydə alınmasından imtina üçün əsas təşkil edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha sahəsi olan 5978 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar