Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6027/2025 04.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf heç bir xəbərdarlıq etmədən, hər hansı hüquqi akt təqdim etmədən ona məxsus qarajı sökmüş, əşyalar götürülmüşdür. İddiaçı hesab edir ki, ona 12000 manat məbləğində kompensasiya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Cavabdehin 22 noyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “İDEA” İBnin “Bizim həyət” layihəsi çərçivəsində abadlıq işlərinin və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulduğundan həyətlərdə kor-koranə qoyulmuş çoxsaylı dəmir qarajlar vətəndaşlara xəbərdarlıq edilməklə götürülmüş və onlara təhvil verilmişdir. Cavabdehin 19 fevral 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qarajlar götürülməmiş və buna dair hər hansı sərəncam verilməmişdir. Vətəndaşlara verilən dəmir qarajlar müvəqqəti olaraq istifadəyə verilir və lazım olarsa vətəndaşlara məlumat verilməklə aidiyyəti qurumlar tərəfindən götürülür. “İDEA” İB-nin “Bizim həyət” layihəsi çərçivəsində abadlıq işlərinin və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulduğundan həyətlərdə kor-koranə qoyulmuş çoxsaylı dəmir qarajlar vətəndaşlara xəbərdarlıq edilməklə götürülmüş və onlara təhvil verilmişdir. Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfat Birliyinin 83 saylı MKİS-nin xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, binanın həyətində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar dəmir qarajı üç gün müddətində boşaldılması və götürülməsi tələb edilir. Əks halda qaraj götürülüb ərazidən kənarlaşdırılacaqdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, cavabdehin nümayəndəsinin izahatından, məhkəməyə ünvanlanmış məktubdan, eləcə də iş materiallarına əlavə edilmiş iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, qarajın yerləşmiş olduğu bina və binanın həyətində yerləşmiş, eləcə də iddiaçının istifadəsində olan qaraj 83 saylı MKİS-ə aid ərazi olmuşdur ki, adıçəkilən MKİS Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın tələblərinə əsasən yerli icra hakimiyyəti orqanı kimi Bakı şəhərinin aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanlar ayrı-ayrı inzibati orqan olmaqla, ayrıca inzibati icraat aparmaq, inzibati akt qəbul etmək və faktiki xarakterli hərəkətlər etmək kimi səlahiyyətlərə malik qurum kimi çıxış edir ki, həmin akt və hərəkət, o cümlədən hərəkətsizliyə dair mübahisələr üzrə cavabdehliyi müstəqil xarakter daşımaqdadır. Odur ki, iddiaçı Cavabdehnə qarşı kompensasiyanın ödənilməsinə dair iddia qaldırarkən göstərilən mümkünlük şərtinə əməl etməmiş, Departament və tabeliyində olan qurumların hərəkətlərindən verilməli olan şikayət Cavabdehnə qarşı qaldırılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Eləcə də iddiaçıya aidiyyəti Departamentə qarşı ilkin olaraq müraciət etmək, müraciəti təmin edilmədiyi təqdirdə məhkəməyə iddia ilə müraciət etmək hüququ izah edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6027/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6027/2025
04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver