Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6029/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi Qəhrəmanova Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun pensiyasının düzgün hesablanması, yəni, 20 ildən artıq hər xidmət ilinə görə 3% hesablanma aparılması, bu illər ərzində ona dəymiş maddi ziyanı hesablayıb və yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və iddianın dəqiqləşməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Azəbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan respublikası Qanununun 20.14.1 -ci maddəsinə uyğun olaraq, ona Mərkəzi Filial tərəfindən 22 iyun 2010-cu il tarixdən 37 il 3 ay 3 gün xidmət müddəti üçün təminat xərcliyinin 100% miqdarında 753,50 manat hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir: 1 mart 2018-ci ildə - 797,86 manat; 1 mart 2019-cu ildə - 812, 65 manat; 1 may 2019-cu ildə - 908, 77 manat. Sonuncu xidmət etdiyi orqan tərəfindən cavabdehə daxil olmuş aylıq vəzifə maaşları məbləğində əmək pensiyası müəyyən edilərək ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixdə sonuncu xidmət etdiyi orqan tərəfindən cavabdehə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğinə əsasən, sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı - 485,00 manat, rütbə maaşı - 150,00 manat, xidmət işlərinə görə vəzifə və rütbə maaşının 40% miqdarında əlavə - 254,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35% miqdarında, əlavə - 169,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,00 manat olmaqla, cəmi təminat xərcliyi - 1122,75 manat təşkil edir. Lakin, 1 sentyabr 2019-cu ildə cavabdeh tərəfindən onun pensiyası qanunsuz olaraq hesablanmış və 57,23 manat azaldılaraq 1065,52 manata endirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası uyğun olaraq, iddiaçıya cavabdeh tərəfindən 22 iyun 2010-cu il tarixdən 37 il 3 ay 3 gün xidmət müddəti üçün təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixədək iddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası təminat xərcliyinin (753,50 manat) 100 faizi-753,50 nanat müəyyən edilərək ödənilmişdir. 1 mart 2018-ci il tarixdən iddiaçının aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 797,86 manat müəyyən edilərək ödənilmişdir. 1 mart 2019-cu il tarixdən aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 812,65 manat müəyyən edilərək ödənilmişdir. 1 mart 2019-cu il tarixdən aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 812,65 manat müəyyən edilərək ödənilib. 1 may 2019-cu il tarixdən aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 908,77 manat müəyyən edilərək ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixdən aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 485 manat, rütbə maaşı 150 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə - 254 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə - 169,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla cəmi təminat xərcliyi 1122,75 manat təşkil edir. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 84,50 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (753,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1122,75 manat) arasındakı fərq məbləğinin (369,25 manat) 84,50 faizi - 312,02 manat 1 mart 2018-ci il tarixədək olan pensiyanın (753,50 manat) üzərinə əlavə olunmaqla 1065,52 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan daxil olduqdan sonra baxılacaqdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin 29 dekabr 2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Cavabdehin 31 iyul 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, Mərkəzi Filial tərəfindən 22 iyun 2010-cu il tarixindən 37 il 3 ay 3 gün xidmət müddəti üçün təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İddiaçı əmək pensiyası təyin olunduğu tarixdən sonra onun fərdi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınmamışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması” haqqında Qərarına əsasən ona xx.xx.2019-cu il tarixdən 1065,52 manat müddətsiz əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, ona xx.xx.2010-cu il tarixli məlumat vərəqinə əsasən cəmi xidmət illərinin 37 il 03 ay 03 gün (29 il 11 ay 21 gün təqvimi, 05 il 09 ay 11 gün güzəştli), sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 168 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 40 faiz miqdarında əlavə 119,20 manat, məharət dərəcəsinə görə əlavə 35 faiz miqdarında əlavə 58,80 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyi 540 manat təşkil edib. İddiaçıya 09 iyul 2010-cu il tarixindən "Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada xx.xx.2010-cu il tarixdən 540,00 manat məbləğində ömürlük pensiyası təyin edilmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun pensiyasının düzgün hesablanması, yəni, 20 ildən artıq hər xidmət ilinə görə 3% hesablanma aparılmasına, bu illər ərzində ona dəymiş maddi ziyanı hesablayıb və yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunda göstərilmişdir ki, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular (9.5.). Bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (20.1.11.). Göründüyü kimi iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası xx.xx.2010-cu ildə təyin edilmişdir. Bu zaman həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən onun əmək pensiyası təminat xərcliyinin 100 faizi həcmində müəyyən edilmişdir. Belə ki, iddiaçının həmin vaxt xidmət müddəti 37 il 03 ay 03 gün olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsində göstərilmişdir ki, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır (26.1.). 2017ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır (26.2.). 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir (26.3). 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır (26.4.). Göründüyü kimi iddiaçıya əmək pensiyası 2010-cu ildə təyin edilmiş və sonuncu dəfə xx.xx.2019-cu ildə yenidən hesablanmışdır. Bu səbəbdən mübahisəyə həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin xx.xx.2023-cü ilə qədər qüvvədə redaksiyasında göstərilmişdir ki, 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı ilə təstiq edilmiş və xx.xx.2023-cü ilə qədər qüvvədə olmuş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nda göstərilmişdir ki, Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir (1.1.). Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır ( 2.1.). Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir (2.5.). Göründüyü kimi iddiaçının əmək pensiyasının yenidən hesablandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən hərbi qulluqçuların qulluq stajının 20 ilindən artıq hər ili üçün 2 faiz əlavə hesablanması nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçının qulluq stajına görə əlavələr məhz həmin qanunvericilik normalarının tələblərinə əsaslanaraq hesablanmışdır. İddiaçı isə qanunvericilikdə sonradan dəyişiklik edilməsinə əsaslanaraq onun əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Məhkəmə hesab edir ki, ididaçının əmək pensiyası hesablnarkən həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesabama aparıldığı üçün cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Bu səbəbdən cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İddiaçının dəlilləri isə əsassızdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və dəymiş maddi ziyanın ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6029/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6029/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver