Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6031/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, İddiaçı, tərcüməçi X2 iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadının “Sarvari”dən “Xizqiyayeva”ya dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sarvari (Xizqiyayeva) Larisa Saqlumovna xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X6 Xizqiyayeviç, anası X1muşdur. xx.xx.1988-ci il tarixdə X7 ilə nikaha daxil olduqdan sonra iddiaçıya Sarvari soyadı verilmişdir. xx.xx.1996-cı il tarixdə onunla Ş.M. Sarvari arasında bağlanmış nikah ləğv olunandan sonra, o, soyadını dəyişdirməmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı soyadının “Sarvari”dən “Xizqiyayeva”ya dəyişdirilməsi üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə qarşı müraciət etsəmiş, lakin onların 24.12. 2021-ci il tarixli 3677/15 saylı cavab məktubu ilə müraciəti təmin edilməmişdir. Həmin cavab məktubunda bildirilmişdir ki, Sabunçu RPİ-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən onun barəsində təqsirləndirici material aşkar edildiyinə görə, həmin polis idarəsi iddiaçının soyadının dəyişdirilməsini məqsədəmüvafıq hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarından görünür ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.1988-ci il tarixdə X7 ilə nikaha daxil olmuş və nikahdan sonra iddiaçıya “Sarvari” soyadı verilmişdir. xx.xx.1996-cı il tarixdə həmin nikah pozulmuş, lakin həmin vaxt nikahdan əvvəlki soyadını bərpa etmək hüququndan istifadə etməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə X5 ilə nikaha daxil olmuş, həmin nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. İddiaçı nikahdan əvvəlki soyadını bərpa etmək üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının barəsində təqsirləndirici materialın olması əsası ilə müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı iddianı irəli sürmüşdür. Məhkəmə inzibati orqanın imtinasının düzgünlüyünü araşdırarkən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər; 30.4-cü maddəsinə əsasən, nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir; 189-cu maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 190-cı maddəsinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın (bundan sonra mətndə – “Qaydalar”): 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2-ci bəndinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.3-cü bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; 6.5-ci bəndinə əsasən, ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir; 6.19-cu bəndinə əsasən, ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir; 6.20-ci bəndinə əsasən, bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydlərində dəyişiklik edilməsi və yeni şəhadətnamələrin verilməsi üçün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə almış qeydiyyat şöbəsi və ya konsulluq onların olduğu yerin qeydiyyat şöbəsinə və ya konsulluğa 3 gün müddətində bildiriş göndərir. Göründüyü kimi, qanunvericiliyə görə ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə bilər və nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. “Qaydalar”ın 6.5-ci bəndində konkret müəyyən edilmiş hallar, yəni cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmə, götürülməmiş və ya ödənilməmiş məhkumluq, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi hallarının mövcudluğu məhkəmə icraatında iddiaçıya münasibətdə müəyyən edilməmişdir. Məhkəmə icraatı zamanı cavabdehin istinad etdiyi təqsirləndirici materialın mövcudluğu ilə bağlı araşdırma aparılmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışda iddiaçının xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə məsuliyyətə cəlb edildiyi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixl hökmünün çıxarılması qeyd edilsə də, cəza təyin edilməsi göstərilməmiş və cinayət işinə xitam verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində xuliqanlıq cinayətinə görə məsuliyyət nəzərdə tutulmuşdur və həmin vaxt 221.2-ci maddədə nəzərdə tutulmuş əməl az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3 və 83.3.3-cü maddəsinə əsasən (hökm çıxarılan zaman qüvvədə olan redaksiya), ... az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, həmin vaxt iddiaçıya azadlıqdan məhrum etmə cəzası təyin edilmiş olsaydı belə hazırda (həmin vaxtdan 19 il keçmişdir) məhkumluğu ödənmiş olacaqdı. Lakin yuxarıda istinad olunan arayışda cəza təyin edilməsi göstərilməmiş və cinayət işinə xitam verilməsi qeyd edilmişdir. Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət – ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Göstərilən üç əsasdan (cinayət, ittiham hökmü və cəza) birinin olmaması məhkumluğun olmasını istisna edir. Başqa sözlə, cəza təyin edilmədiyi halda məhkumluqdan söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malik olduğundan və qanunvericilikdə soyadın dəyişdirilməsini istisna edən hallar ona münasibətdə mövcud olmadığından cavabdeh inzibati orqanın 2003-cü ildə xitam verilmiş cinayət işini hazırda təqsirləndirici material kimi qiymətləndirməsi və nəticədə iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı soyadının “Sarvari”dən “Xizqiyayeva”ya dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması vəzifəsi 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı soyadının “Sarvari”dən “Xizqiyayeva”ya dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması vəzifəsi 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6031/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6031/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver