Məhkəmə qərarları › İş №2-1(112)-6032/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6032/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6032/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (bundan sonra mətndə "xxxx" MMC) məxsus ünvan 1 ünvanında yerləşən 4+mansard və 5+mansard mərtəbəli qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının yenidən qurulması və 5 mərtəbəli qeyri-yaşayış binasına əlavə mansard mərtəbəsinin artırılması məqsədi ilə "xxxx" MMC Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmişdir. "xxxx" MMC-nin müraciətinə Bakı şəhər İcra Hakimiyyətində baxılmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10 dekabr 2015-ci il tarixli, 18/04-502 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşaat işlərinə dair eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 17 mart 2016-cı il tarixli, 81 saylı sərəncamına əsasən “İllac" MMC-yə ünvan 1 ünvanında yerləşən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. Bundan başqa Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27 yanvar 2017-ci il tarixli, 18/04-29 saylı məktubuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 may 1995-ci il tarixli, 595 saylı sərəncamı, 9693 saylı inşaat pasportu, 27 yanvar 2017-ci il tarixli, 18/03-8/206 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması əsasında Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 163 ünvanında işçi layihəsinin memarlıq hissəsi 24.02.2016-cı il tarixli, 18/04-35 saylı məktubla razılaşdırılmış tikintisi nəzərdə tutulan qeyri-yaşayış binasının əlavə mansard mərtəbəsinin tikintisinə və həmin ərazidə yerləşən mövcud qeyri-yaşayış binasının yenidən qurulmasına və mərtəbə artırılmasına dair dəyişikliklərin təqdim olunmuş memarlıq-planlaşdırılmasının yeni eskiz həllinə baxılaraq razılaşdırılmışdır. Qanunvericiliyin və qeyd olunan dövlət qurumlarının göstərişlərinə uyğun olaraq tikinti işləri yekunlaşdırılmışdır. Sonra Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 09 iyul 2018-ci il tarixli, 26 nömrəli sərəncamına əsasən tikinti obyektinin istismarına icazə verilmişdir. Bu sərəncamda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 13.07.2018-ci il tarixdən İ.Hidayətzadə küçəsi, 163 ünvanında "xxxx" MMC-yə məxsus 4+mansard və 5+mansard mərtəbəli qeyri-yaşayış sahələrinin istismarına icazə verilir. Cəmiyyət tərəfindən 03 iyul 2020-ci il tarixdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, ünvan 1 ünvanında yerləşən 4+mansard və 5+mansard mərtəbəli qeyri-yaşayış binasının üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xahiş edilmişdir. Lakin, edilmiş müraciətə qanunsuz və əsassız olaraq 31.08.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdeh orqanın həmin imtinası tam olaraq əsassızdır. Belə ki, ünvan 1 ünvanında yerləşən 4+mansard və 5+mansard mərtəbəli qeyri-yaşayış binasının tikintisi başa çatmış və həmin tikintinin istismarına icazə verildiyindən iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır. Hazırda cavabdeh tərəfindən iddiaçıya müvafiq plan-ölçünün və çıxarışın verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Cavabdehin imtinası Cəmiyyətin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol vermişdir. Bu səbəbdən də, Cəmiyyət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 08 iyun 2021-ci il tarixdə məhkəməyə cavabdeh inzibati orqanın iddiaya dair **********36 №li 31.05.2021-ci il tarixli etirazı daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, qeyriyaşayış binasının tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismara icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, “C" tikilisi və mövcud tikililərin bəzi sahələri layihədə öz əksini tapmamışdır. Bununla bağlı İdarə tərəfindən "xxxx" MMC-nin direktoru X6 **********71 qeydiyyat nömrəli 31 avqust 2020-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh inzibati orqan tərəfindən etirazda qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. 17.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiaçının əsl iddiaçı "xxxx" MMC ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin 17.06.2021-ci il tarixli qərardadı ilə əsl olmayan iddiaçı X4 əsl iddiaçı "xxxx" MMC ilə əvəz olunması qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş “Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarış”ın surətindən müəyyən olunur ki, "xxxx" MMC 18.08.1994-cü il tarixdə (VÖEN **********) məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyata alınmışdır və qanuni təmsilçisi X7r. Cəmiyyətin hüquqi ünvanı ünvan 2i Başçısının 16.05.1995-ci il tarixli 595 saylı sərəncamının surətindən müəyyən olunur ki, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 08.02.1995-ci il tarixli, 65 nömrəli məktubu nəzərə alınaraq, Nərimanov rayonunun, İ.Hidayətzadə küçəsi ilə A.Heydərov küçəsinin kəsişdiyi yerə, 1938-ci məhəllədə "xxxx" MMC-yə inzibati binanın layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 21.11.1995-ci il tarixdə "xxxx" MMC-yə Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi ilə A.Heydərov küçəsinin kəsişdiyi yerdə 1938-ci məhəllədə inzibati binanın layihələndirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair 9693 nömrəli İnşaat pasportu verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş QYM seriyalı 001220 №li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən əsas sahə 456,9 kv. metr, yardımçı sahə 441,5 kv. metr, ümumi sahəsi 898,4 kv. metr olan İnzibati bina xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına qeydiyyatdan keçirilmiş və bu barədə 05.06.2002-ci il tarixdə 02 saylı reyestr kitabında 277-ci səhifədə 30/12102 nömrəsi ilə qeydiyyat aparılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 15/176 №li Ayrıc aktının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan Akt Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16.05.1995-ci il tarixli 595 saylı sərəncamı ilə ünvan 4 ünvanda, "xxxx" MMC-yə qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə cizgidə göstərilən sərhədlər daxilində 0,0719 hektar torpaq sahəsinin ayrılması ilə bağlı verilmişdir. Bu barədə 06.11.2015-ci il tarixdə Ayrıc aktlarının qeydiyyat kitabında 15/176 sayla qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru A.Hümbətova ünvanlanmış 24.02.2016-cı il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16.05.1995-ci il tarixli, 595 saylı sərəncamı, 9693 saylı inşaat pasportu və 10.12.2015-ci il tarixli, 18/04-502 saylı məktub əsasında ünvan 4 ünvanda tikintisi nəzərdə tutulan qeyri-yaşayış binasının təqdim olunmuş işçi layihəsinə baxılaraq (5 mərtəbəli + LMŞ, -3.30m səviyyəsində - zirzəmi mərtəbəsi; "xxxx" MMC-nin işi, LBM T.Tahirov) onun memarlıq hissəsi razılaşdırılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq olunmuş 27.04.2016-ci il tarixli 21945 №-li ünvan 6 ünvanında qeyri-yaşayış binasına dair verilmiş rəydən müəyyən olunur ki, ünvan 7 ünvanında qeyriyaşayış binasının işçi layihəsi bütün işlərin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 17.03.2016-cı il tarixli 81 №li sərəncamının notarial qaydada təsdq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin rəhbərliyi rayon icra hakimiyyətinə müraciət edərək, MMC-ə məxsus (16.05.1995-ci il tarixli, 595 №li Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı, 9693 saylı inşaat pasportu) İ.Hidayətzadə küçəsi 163 saylı ünvanda təqdim olunmuş layihəyə uyğun qeyri-yaşayış binasının tikintisinə icazə verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin sözügedən ünvanda qeyri-yaşayış binasının tikintisi haqqındakı qaldırdığı məsələyə Bakı şəhər İcra Hakimiyyətində baxılmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10.12.2015-ci il tarixli, 18/04-502 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşaat işlərinə dair eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Göstərilənlərə istinad olunaraq aşağıdakılar qərara alınmışdır: 1) "xxxx" MMC-yə İ.Hidayətzadə küçəsi 163 saylı ünvanda yerləşən Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun qeyri-yaşayış binasının tikintisinə icazə verilsin. 2) Tikinti işləri aparılan sahənin ətrafını inşaat tullantılarından və nəqliyyat vasitələrindən tökülən qruntlardan təmizlənməsi məqsədi ilə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanması "xxxx" MMC-yə həvalə edilsin. 3) Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılmasına nəzarət rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 18-ci polis bölməsinə tapşırılsın. 4) Tikinti işləri başa çatdıqdan sonra ofis və ticarət binalarının müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi "xxxx" MMC-nin rəhbərliyinə tövsiyə olunsun. 5) Sərəncamın surətlərinin lazımi ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilsin. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru A.Hümbətova ünvanlanmış 27.01.2017-ci il tarixli 18/03-8/206 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16.05.1995-ci il tarixli, 595 saylı sərəncamına və 9693 saylı inşaat pasportuna əsasən "xxxx" MMC-yə ünvan 8 ünvanda qeyri-yaşayış binasının tikintisinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılmasının yeni variantı razılaşdırılır (. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru A.Hümbətova ünvanlanmış 27.01.2017-ci il tarixli 18/04-29 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16.05.1995-ci il tarixli, 595 saylı sərəncamı, 9693 saylı inşaat pasportu, 27.01.2017-ci il tarixli, 18/03-8/206 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması əsasında ünvan 4 ünvanda işçi layihəsinin memarlıq hissəsi 24.02.2016-cı il tarixli, 18/04-35 saylı məktubla razılaşdırılmış tikintisi nəzərdə tutulan qeyri-yaşayış binasının əlavə mansarda mərtəbəsinin tikintisinə və həmin ərazidə yerləşən mövcud qeyri-yaşayış binasının yenidənqurulmasına və mərtəbə artırılmasına dair dəyişikliklərin təqdim olunmuş memarlıq-planlaşdırmasının yeni eskiz həllinə baxılaraq (layihələndirilən qeyri-yaşayış binası: 5 mərtəbəli + mansarda, -3.30 m səviyyəsində - zirzəmi mərtəbəsi; mövcud qeyri-yaşayış binası: 4 mərtəbəli; "xxxx" MMCnin işi, LBM T.Tahirov) razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşqul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi razılaşdırılmaq üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq olunmuş 07.07.2017-ci il tarixli 23859 №-li ünvan 7 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının yenidən qurulması və 5 mərtəbəli qeyriyaşayış binasına əlavə mansarda mərtəbəsinin artırılması barədə Rəyin surətindən müəyyən olunur ki, “ünvan 7 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının yenidən qurulması və 5 mərtəbəli qeyri-yaşayış binasına əlavə mansarda mərtəbəsinin artırılması” üzrə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdrilmiş qaydada həyata keçirilməsi şərti ilə raşılaşdırılır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru A.Hümbətova ünvanlanmış 08.08.2017-ci il tarixli 18/04-211 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16.05.1995-ci il tarixli, 595 saylı sərəncamı, 9693 saylı inşaat pasportu və 27.01.2017-ci il tarixli, 18/04-29 saylı məktub əsasında ünvan 4 ünvandakı qeyri-yaşayış binalarında edilmiş dəyişikliklərə dair təqdim olunmuş işçi layihəsinə baxılaraq (layihələndirilən qeyri-yaşayış binası: 5 mərtəbəli + mansarda, -3.30 m səviyyəsində - zirzəmi mərtəbəsi; mövcud qeyri-yaşayış binası: 4 mərtəbəli; "xxxx" MMC-nin işi, LBM T.Tahirov) onun memarlıq hissəsi razılaşdırılır. 09.07.2018-ci il tarixli 26 №li “Tikinti obyektinin istismarına İcazə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 13.07.2018-ci il tarixdən İ.Hidayətzadə küçəsi 163 saylı ünvanda "xxxx" MMC-yə məxsus (ümumi sahəsi 3378,6 kv. metr, ümumi torpaq sahəsi 719,0 kv. metr, mərtəbə sayı 4+-5+ mansad mərtəbə, ümumi tikinti həcmi 18.771,9 kv. metr, o cümlədən yeraltı 709,1 kv. metr) 4+mansard və 5+ mansard mərtəbəli qeyri-yaşayış sahələrinin istismarına icazə verilmişdir. Tikinti obyektinin istismarına icazə Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı və memarı tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" MMC-nin direktoru A.Hümbətova ünvanlanmış 05.03.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Mühəndisi Xidmət şöbəsi "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsində inşa etdiyi qeyri-yaşayış obyektinin mühəndisi qurğularının icra cizgilərini qəbul edir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 14.03.2019-cu il tarixdə verilmiş “Ünvan reyestrindən Arayış”dan müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus qeyri yaşayış binası ünvan 10 ünvanında yerləşir. İddiaçı hazırkı tələblə bağlı 03.07.2020-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********371 №li 31.08.2020-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, qeyri yaşayış binasının tikintisinə icazə sərəncamı və tikinti obyektinin istismara icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, “C” tikilisi və mövcud tikililərin bəzi sahələri layihədə öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi– binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyriyaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Həmin Məcəllənin 102.2.-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından da göründüyü kimi mübahisəli daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyri-yaşayış obyektinin tikintisi üçün iddiaçının istifadəsinə ayrılmışdır. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən iddiaçıya həmin torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. İddiaçının qeyd olunan torpaq sahəsində inşa etdirdiyi (yenidən qurma işləri apardığı) qeyri-yaşayış sahələri müvafiq orqanlar tərəfindən istismara yararlı hesab olunmaqla, daşınmaz əmlaka yeni ünvan verilmişdir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq yeni inşa edilmiş (yenidən qurulmuş) daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 ünvanında yerləşən 4 (dörd) mərtəbəli qeyri-yaşayış binası mansarda mərtəbəsi əlavə olunmaqla və 5 (beş) mərtəbəli qeyri-yaşayış binası mansarda mərtəbəsi əlavə olunmaqla, üzərində iddiaçı "xxxx" MMC-nin xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 4 (dörd) mərtəbəli qeyri-yaşayış binası mansarda mərtəbəsi əlavə olunmaqla və 5 (beş) mərtəbəli qeyri-yaşayış binası mansarda mərtəbəsi əlavə olunmaqla, üzərində iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar