Məhkəmə qərarları › İş №2-1(112)-6032/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6032/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6032/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 iun 2023-cü il tarixli, Bakı şəhəri 18 saylı notariat ofisinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu madəsinə əsasən Qanun üzrə Vərəsəlik haqqında ŞƏHADƏTNAMƏYƏ əsasən müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi iddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır.Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-75174/2023 nömrəli məktubuna əsasən mərhum X1 (FİN 404JOSG) pensiya kapitalı 48.818.31 manat və Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-120166/2023 nömrəli məktubuna əsasən mərhum X1 (FİN 404JOSG) fərdi hesabının sığorta hissəsində 42.860.61 manat pensiya kapitalından ibarətdir. İddiaçı hazırki iddia tələbi ilə həmin kapitalda toplanan vəsaitin ona qaytarılmasını tələb edir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya ünvanlanmış cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortaolunan qanunvericiliklə müəyyən olunmuş pensiya təminatı hüququ yarandığı hallarda fərdi hesabının sığorta hissəsində qeydə alınmış və fərdi hesabının yığım hissəsində toplanan vəsaitlərdən istifadə edə biləcəyi, sosial sığorta ödənişlərinin digər məqsədlər üçün istifadə olunması qanunvericilikdə nəzərdə tutulmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4924/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “vəfat etmiş şəxsin yığılmış pensiya kapitalının vərəsəsinə ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilmiş, İddiaçı hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ olduğu izah edilmiş; "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli GPP ********** nömrəli ödəniş sənədinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 268 (iki yüz altmış səkkiz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə idarəsi tərəfindən İddiaçı qaytarılması qərara alınmışdır. İmtina məktubunda qeyd olunmuşdur ki, mərhum X1 fərdi hesabının sığorta hissəsində qeydə alınan vəsaitlərdən digər məqsədlər üçün istifadə olunmasi qanunvericilikdə nəzərdə tutulmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması;

2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur.Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

9. Sığortaçının hüquqları aşağıdakılardır: - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; - sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; - sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; - könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; - qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

12. Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. 19.1. Məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.1. dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılması; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.17. sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə” Qaydasının: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsinə uyğun olaraq sosial sığorta ehtiyatından istifadə qaydasını tənzimləyir. 2.1. Sosial sığorta ehtiyatı sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarından fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissə çıxıldıqdan sonra qalan məbləğdə formalaşdırılır. 2.2. İdarəetmə xərclərinin təsdiq edilən məbləğdən artıq olan hissəsi və istifadə edilməmiş qalığı sosial sığorta ehtiyatına aid edilir. 3.1. Sosial sığorta ehtiyatından aşağıdakı istiqamətlər üzrə istifadə edilir: 3.1.1. əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına; 3.1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə; 3.1.3. dövlət sosial müdafiə fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə. Bəhs olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmə qeyd edir ki, məcburi sosial sığorta haqları sosial sığorta haqlarının bir növü olaraq, Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Nəzərə alınmalıdır ki, məcburi sosial sığorta haqları sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu zaman həmin vəsait dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu Qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir. Diqqətəlayiq məqamlardan biri də odur ki, ödənilmiş məcburi sosial sığorta haqları şəxsin pensiya kapitalının, həmçinin sosial sığorta ehtiyatının formalaşmasında mühüm rol oynayan göstəricidir. Pensiya hüquqlarını tənzimləyən Qanunvericiliyə keçid etsək aydın olur ki, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ sosial sığorta ehtiyatını formalaşdırır ki, bu ehtiyat fondundan vəsaitlər yalnız aşağıdaki istiqamətlər üçün istifadə edilə bilər:

1. Əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılmasına;

2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin maliyyələşdirilməsinə;

3. dövlət sosial müdafiə fondunun büdcəsində nəzərdə tutulan digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə. Məhkəmə yuxarıda göstərilən qanunvericiliyin müddəalarını hazırki işin faktiki halları ilə birgə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddia tələbindən də aydın olur ki, iddiaçı mərhum əri X1 vərəsəsi olaraq, onun fərdi hesabının sığorta hissəsində yığılmış 48.818 manat məbləğin ona birdəfəlik ödənilməsini tələb edir. Halbuki, iddiaçı pensiya kapitalından və ya sosial sığorta ehtiyatına daxil edilmiş pul vəsaitinin ona ödənilməsini tələb etmək hüququna malik deyil. Çünki, bu vəsaitinin tələb edilməsi özü özlüyündə nə qanunvericiliyin, nə də ki qüvvədə olan normativ-hüquqi aktların tələblərində nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, fərdi hesabın sığorta hissəsində məcburi dövlət sosial sığorta ödənişlərdən formalaşmış vəsaitin qaytarılması qanunvericilikdə nəzərdə tutulmadığından, cavabdeh haqlı olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar