Məhkəmə qərarları › İş №2-1(112)-6033/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6033/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6033/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) 07 yanvar 2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Torpaq Komitəsinin və onun hüquqi varisi Əmlak Məsələləri Dövlət Xidmətinin məsul şəxslərinin qanunazidd hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş maddi və mənəvi ziyana görə 75000 manat kompensasiyanın onun bank hesabına köçürülməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 24 yanvar 2022ci il tarixdə iddiaçının müraciətini cavablandırmış və məktubda göstərmişdir ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı qeyd olunan torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olduğu və göstərilən torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyindən 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. İddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlaka olan hüququna toxunulduğuna görə, ona dəymiş maddi ziyana görə Əmlak Məsələri Dövlət Xidməti hesabına 60000 (altmış min) manat, mənəvi ziyana görə isə 15000 (on beş min) manat kompensasiyanın Kapital Bankdakı hesabına (əlavə olunur) köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Keçmiş Torpaq Komitəsinə və Əmlak Məsələri Dövlət Xidmətinə dəfələrlə müraciət etməyinə baxmayaraq mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin “plan və ölçüsünün” elektron variantda çəkilmiş xəritəsinin və kadastr göstərişlərinə dair məlumatların verilməsinin vaxtı uzadılmış və son anda qanunsuz olaraq kadastr göstəriciləri verməkdən imtina etmişlər. Daşınmaz əmlaka olan hüququna toxunulduğuna görə qanunvericiliklə müəyyən olunmuş qaydada kompensasiyanın ödənilməsinə dair ərizəyə də dəqiqləşdirilmiş cavab verilməmiş, cavabdan yayınmışlar. Əmlak Məsələri Dövlət Xidməti tərəfindən qəsdən, bilərəkdən şəxsi mülkiyyətində olan torpaq sahəsinin “planı və ölçüsü”nün, elektron variantda çəkilmiş xəritəsinin və kadastr göstəricilərinə dair müvafiq məlumatların verilməsindən imtina edilmiş və bununla da daşınmaz əmlaka olan hüququna toxunulmuş, nəticədə ona külli miqdarda maddi, dəyəri bilinməyən mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddənin mənasına görə, kompensasiyanın ödənilməsi tələbinə dair iddialar üzrə iddiaçının məqsədi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bunun üçün zərər cavabdehin qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmalıdır. Yəni iddiaçının xahiş etdiyi hərəkətin edilməsi bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalı, müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməli, inzibati orqan qanunvericiliyə əsasən daşıdığı vəzifəsini pozmalı, orqanın hərəkəti (hərəkətsizliyi) qanunsuz olmalı, orqanın vəzifə pozuntusu ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. İşdən müəyyən olunur ki, fərdi yaşayış evinin tikintisi üçün Şamaxı rayonu Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli 19 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi iddiaçıya ayrılmış və bu barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair 12 yanvar 2006-cı il tarixli 244H nömrəli şəhadətnamə verilmişdir. İddiaçı həmin torpaq sahəsi ilə bağlı torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsini, elektron variantda çəkilmiş xəritəsinin və kadastr göstəricilərinə dair məlumat verilməsini xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2016-cı il tarixli cavab məktublarında iddiaçıya verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq olduğu və müvafiq tədbirlər çərçivəsində təmin ediləcəyi bildirilmişdir. İddiaçı hazırda onun mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməməsi və elektron variantda çəkilmiş xəritə və kadastr göstəricilərinin verilməməsini mübahisələndirərək buna görə ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır. Məhkəmə hesab edir ki, torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi bilavasitə cavabdehin səalhiyyətində olmadığından, onun qanunvericiliyə əsasən daşıdığı vəzifəsini pozması və bu pozuntu ilə iddiaçıya maddi və mənəvi ziyan vurması mümkün hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli, 144 nömrəli əmri ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilmiş və həmin Nizamnamənin 1.1-ci bəndində göstərilmişdir ki, həmin publik hüquqi şəxs daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquq şəxsdir. Qeyd edilən Nizamnamənin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin vəzifələrinə daxildir. Nizamnamənin 1.3-cü bəndinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.4-cü yarımbəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) müstəqil inibati orqan kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunverici torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək səlahiyyətini cavabdehə həvalə etsə də, bu vəzifələrin birbaşa həmin qurum tərəfindən deyil, müstəqil inzibati orqan olan və məhkəmələrdə iddiaçı və cavabdeh qismində çıxış edə bilən tabeliyindəki qurumlar, hazırkı halda isə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində olan müvafiq ərazi idarələri tərəfindən həyata keçirilməsini müəyyən etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak barəsində torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməməsi və bununla bağlı şəxsə dəyən zərərin ödənilməsinə münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh qismində çıxış edə bilməz. Çünki qeyd edildiyi kimi qanunvericiliyə əsasən həmin sənədin tərtib edilməsi ilə bağlı səlahiyyət bilavasitə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin yerli ərazi idarələrinə, iddiaçıya məxsus torpaq sahəsinə münasibətdə isə 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun hüquqi marağına uyğun olaraq müvafiq tələblə, yəni ona məxsus torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi tələbi ilə həmin quruma (14 saylı Şamaxı Ərazi İdarəsi) müraciət etməli, tələbi təmin edilmədiyi təqdirdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. İddiaçı bu zaman tələbinin təmin edilməməsinə görə dəymiş maddi və mənəvi ziyanın tutulması ilə bağlı tələb irəli sürmək hüququna da malikdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin yuxarıda qeyd olunanlara istinadən hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar