Məhkəmə qərarları › İş №2-1(112)-6033/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6033/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6033/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlığa götürülən - 20 sentyabr 2019-cu il təvəllüdlü X4 görə, onu övladlığa götürən – birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 sosial müavinətın təyin edilməsi öhdəliyinin cavabdeh - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin tarixdə onlara AZ-İ seriyalı, 488272 nömrəli nikah haqqında şəhadətnamə təqdim edilmişdir. Birgə nikahlarından övladları olmamışdır. Buna görə də 20 sentyabr 2019-cu il təvəllüdlü - X7 övladlığa götürmək qərarına gəlmişlər. Nəticədə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(006)- 3106/2022 saylı qətnaməsi ilə X5 onlara - İddiaçı2 və İddiaçı1 övladlığa verilməsi qət edilmişdir. Sözügedən qətnamə 26 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin qətnaməyə müvafiq olaraq, onlara X5 övladlığa götürülməsi haqqında 05 oktyabr 2022-ci il tarixli, AZ-İ№ 013825 nömrəli Şəhadətnamə təqdim edilmişdir. Bununla yanaşı, qətnaməyə uyğun olaraq övladlarının ilkin akt qeydində müvafiq dəyişikliklər edilmiş və o, artıq X8 olaraq qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, X8 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3106/2022 saylı Qətnaməsi qanuni qüvvəyə mindiyi andan, yəni daha dəqiqliklə 26 sentyabr 2022-ci il tarixdən onlara övladlığa verilmişdir. Bu tarix qızları Selinin 3 (üç) yaşı tamam olduqdan 6 (altı) gün sonraya təsadüf edir. Odur ki, mövcud qanunvericiliyin onlara verdiyi imkanlardan istifadə edərək xx.xx.2022-ci il tarixdə "DOST Agentliyi" nə müraciət edərək, övladlığa götürülən uşağa görə onlara müavinət təyin edilməsini tələb etmişlər. Lakin cavabdeh - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 21 dekabr 2022-ci il tarixli məktubu ilə həmin müavinətin təyin edilməsindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X5 onlara övladlığa verilməsini xahiş etmişlər. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-3106/2022 saylı qətnaməsi ilə X13 iddiaçılara övladlığa verilmişdir. Daha sonra, İddiaçı2 xx.xx.2022-ci il tarixli ərizə ilə 3 saylı DOST Mərkəzi vasitəsilə Fondun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona övladlığa götürməyə görə sosial müavinətin təyin olunmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixli **********7 nömrəli “sosial müavinətin təyin edilməsindən imtina olunması barədə” qərarla aşağıda qeyd edilən xüsusatlarda imtina edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir. Həmçinin Qanunun 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət - 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. xx.xx.2019-cu il təvəllüdlü X3 övladlığa verilməsinə dair məhkəmə qətnaməsi qəbul olunarkən (xx.xx.2022-ci il tarixli, e-2(006)- 3106/2022 saylı qətnamə) onun 3 yaşı tamam olmadığı üçün ona övladlığa götürülən uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun; 4.0.1.14-cü maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət təyin edilir. 7.0.10.4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir. 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət-2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 66.6-cı maddəsinə əsasən uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər. 118.4-cü maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 119.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə elektron informasiya sistemində “e-sosial” internet portalı üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. 122.1-ci maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun; 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri '"valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanıldığı, təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələri; ailə tipli uşaq evləri; sosial xidmət müəssisələri (uşaq evləri; 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar); səhiyyə sistemi müəssisələri və qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələridir; qəyyumluq və himayə - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. Qəyyumluq 14 yaşınadək olan uşaqlara, himayə 14 yaşından 18 yaşınadək olan uşaqlara müəyyən edilir, övladlığa götürən şəxs - qanunvericiliklə müəyyən edilmiş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən ər-arvad və ya ayrı- ayrı şəxslərdir; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir. Təqdim edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(006)-3106/2022 saylı qətnaməsinin nəticə hissəsində məhkəmə Ailə Məcəlləsinin 118.4 və 119-cu maddələrinə istinad etmədən qərar vermişdir. Həmçinin, qətnamədən görünür ki, azyaşlının övladlığa verilməsi məqsədilə iddiaçılar uşağın övladlığa götürülməsi üçün anası X11 müraciət etmiş və sonuncu buna etiraz etməmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, sözügedən məhkəmə qətnaməsi qəbul olunanadək (və ya qüvvəyə mindiyi tarixədək) X13 “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid olmamışdır. Bununla yanaşı, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə əsasən X5 əlilliyi müəyyən edilməmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Odur ki, iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda. iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X16 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-nin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. xx.xx.1982-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1981-ci il təvəllüdlü İddiaçı2 konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidirlər. Məhkəmə hesab edir ki, onların hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçılar əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətlərindən imtina olunduğu üçün hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur. İddia mümkündür. İşin halları İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı2, ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı1, ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2009-cu il tarixdə Bakı nikah evi tərəfindən verilmiş AZ-İ seriyalı 488272 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 və X14 arasında 2009-cu ilin aprel ayının 10-cu günündə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3106/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçilər İddiaçı2, İddiaçı1 “Sosial Xidmətlər Agentliyi" X25 maraqlı şəxs qismində cəlb etdiyi "övladlığa götürmə" tələbinə dair ərizəsinin təmin edilməsi, X9 himayəsində olan xx.xx.2019-cu il təvəllüdlü X5 ərizəçilər İddiaçı2 və İddiaçı1 övladlığa verilməsi və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən azyaşlının ilkin akt qeydində dəyişiklik edilərək, uşağın doğum haqqında akt qeydləri kitabında adı “Selin”, soyadı “İbrahimova”, ata adı “İbrahim”, doğum tarixi “xx.xx.2019-cu il”, doğum yeri “Bakı şəhəri”, ata qrafasında “İddiaçı2”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “İddiaçı1”, milliyyəti “azərbaycanlı” yazılması, bu barədə qeydiyyatın aparılması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qeyd olunan iş üzrə məhkəmə tərəfindən qətnamədə istinad olunmuş mülki işin materiallarından müəyyən olunur ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə övladlığa götürmək istəyən şəxslər İddiaçı2 və İddiaçı1 arasında bağlanmış valideyn himayəsindən məhrum olmuş uşağın (uşaqların) valideyn – namizədlərin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən Agentlik uşaq-X1 müddəti ilə müvəqqəti valideyn – namizədlərin ailəsində yerləşdirməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli “övladlığa götürülən uşağın mənafeyinə uyğunluğuna dair” rəydən görünür ki, valideynnamizədlər X10 və İddiaçı1 tərəfindən X5 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilmişdir. xx.xx.2022-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 013825 nömrəli “övladlığa götürmə haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş X2 İbrahim Nizami oğlu və İddiaçı1 tərəfindən övladlığa götürülmüş və ona İbrahimova soyadı, İbrahim qızı ata adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 2022-ci ilin oktyabr ayının 05-ci günündə 25 nömrə ilə qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 808147 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür, X12 20 sentyabr 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin iyun ayının 16 günündə 2648 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı2, anası İddiaçı1dır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş X12 ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçılar hazırki tələblə bağlı DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2022-ci il tarixli **********74 saylı cavab məktubu ilə müraciətçilərə bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir. Həmçinin Qanunun 9.1.11-ci maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət - 2021-ci ii yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. xx.xx.2019cu il təvəllüdlü X3 övladlığa verilməsinə dair məhkəmə qətnaməsi qəbul olunarkən (xx.xx.2022-ci il tarixil, e-2(006)-3106/2022 saylı qətnamə) onun 3 yaşı tamam olmadığı üçün onlara övladlığa götürülən uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının “Sosial təminat hüququ” haqqında 38-ci maddəsindən görünür ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1.-ci maddəsinə əsasən, sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 3.1.-ci maddəsində əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 4.0.1.14-cü maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət təyin edilir. - 7.0.10-4-cü maddəsinə əsasən, övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) nəzərdə tutulmuşdur. - 9.1.-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. - 9.1.11.-ci madəsinə əsasən, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət – 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. - 10.2-1.-ci maddəsinə əsasən, bu qanunun 4.0.1.14-cü maddəsində (övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət) nəzərdə tutulan müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağı övladlığa götürən şəxsə və ya onlardan birinə təyin edilir. - 10-1.5.-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikaslı Qanununun 1-ci maddəsində göstərilmişdir ki, hər iki valideyni valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edilən uşaqlar valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 4.1.-ci bəndinə görə övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci bir ay ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə müraciət etməlidirlər. 4.6-1-ci bəndinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.20-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən övladlığa götürmənin qeydiyyatı aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.19-cu maddəsinə əsasən övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Hazırkı işdən də müəyyən olunur ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış və icra edilmiş qətnaməsinə (xx.xx.2022-ci il tarixli e-2(006)- 3106/2022 saylı qətnamə) əsasən xx.xx.2019-cu il təvəllüdlü X13 (hazırda X8) iddiaçıların övladlığına verilmişdir. Bu barədə iddiaçılara “övladlığa götürmə haqqında şəhadətnamə” verilmişdir. X3 3 yaşı xx.xx.2022-ci ildə tamam olmuş və göstərilən şəhadətnamə xx.xx.2022-ci ildə verilmişdir. Bundan sonra iddiaçılar onlara sosial müavinətin verilməsi üçün cavabdehə müraciət etmişlər. Lakin cavabdeh məhkəmə qətnaməsi çıxan zaman X3 3 yaşı tamam olmadığını və onun “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid olmamasıı əsas gətirərək, onlara sosial müavinətin təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun deyildir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1.-ci maddəsində göstərilmişdir ki, müavinət müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Sözegedən qanun icra edilmə tələbinə görə imperativ normadır və bu qanunla konkret davranış qaydası müəyyən edilir və bu qanun olduğu kimi icra edilməlidir. Lakin cavabdeh göstərilən qanunu doğru icra etməmişdir. Göstərilən qanun ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, iddiaçılara “Sosial müavinətlər haqqında" Qanunun 4.0.1.14.-cü maddəsində nəzərdə tutulmuş müavinət (övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət) həmin qanunun 9.1-ci maddəsində göstərilən - müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ iddiaçılara “övladlığa götürülmə haqqında şəhadətnamə” verildiyi gündən yaranır. Beləliklə, “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən hüququn yarandığı(“övladlığa götürmə haqqında şəhadətnamə”nin alındığı) gündən təyin etməlidir. Bundan əlavə işin araşdırılan hallarından da göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə övladlığa götürmək istəyən şəxslər İddiaçı2 və İddiaçı1 arasında məhz valideyn himayəsindən məhrum olmuş uşağın (uşaqların) valideyn – namizədlərin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçıların hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X4 görə, onu övladlığa götürən – birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 (onlardan birinə) sosial müavinatın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X4 görə, onu övladlığa götürən – birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 (onlardan birinə) sosial müavinatın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar