Məhkəmə qərarları › İş №2-1(112)-6033/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6033/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6033/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti qarşı “mənzil növbəsinin bərpa edilməsi və kirayə haqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qəbul edilmiş xx.xx.2023-cü il tarixli 214 nömrəli sərəncamının ləğv olunaraq əlil kimi arvadı və övladı ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə bərpa edilərək götürülməsi və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən kompensassiya məbləğinin ödənilməsi üçün cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, ümumilkdə təqvimi 8 ildən artıq xidmət etməklə xx.xx.2006-cı il tarixdə Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxıladıqdan sonra SHXÇDX-nin Binəqədi rayon İdarəsində hərbi qeydiyyata düşmüşdür. 2-ci qrup əlildir. 2014-cü ildə Binəqədi rayon İcra Hakimiyyətinə mənzil növbəsinə qoyulmaqla və kirayə pulunun ödənilməsi üçün müraciət etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən mənzil növbəsinə qoyulmaqla kirayə pulunun ödənilməsi ilə bağlı müvafiq (xx.xx.2014-cü il tarixli 96 №-li) Sərəncam imzalanmışdır. Sərəncamın çıxarışı ona təqdim olunmuşdur. Lakin ona mənzil kirayəsi pulu hal-hazırki vaxtadək ödənilməmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq Binəqədi rayon İcra Hakimiyyətinin hüquq idarəsinin əməkdaşı tərəfindən Sizin haqqınızda müvafiq qərar qəbul ediləcəyini bildirmişlər. Ailəlidir, 1 övladı var, hal-hazırda kirayədə qalır. Kirayə pulunun ödənilməsi ilə əlaqədar təkrar xx.xx.2023-cü il tarixdə Binəqədi rayon İcra hakimiyyətinə gedərək yazılı müraciət təqdim etmişdir. Cavabdeh (Binəqədi rayon İcra Hakimiyyəti) ərizəni cavablandıraraq (xx.xx.2023-cü il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinin inzibati binasında ona təqdim edilməklə) müraciətindən imtina etmişdir. Binəqədi rayonu İcra Hakimiyyəti ərizəsini cavablandırarkən “Hərbi quluqçuların statusu haqqında'' Qanunun 12-ci maddəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “d” bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından onu Binəqədi rayon İcra Hakimiyyəti ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmasını məqsədəmüvafiq hesab edərək Binəqədi rayon İcra Hakimiyyəti Başçısının yeni xx.xx.2023-cü il tarixli 214 №-li Sərəncamını rəhbər tutaraq xahişindən imtina etmişdir. Hesab edir ki, imtina cavabı əsassızdır və ləğv olunmalıdır. Hesab edir ki, inzibati orqanın imtina barədə dəlilləri qanunsuzdur, əsassızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. Göründüyü kimi, mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar ona şamil edilmir. Cavabdeh imtinası ilə həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtina məktubu qanunsuzdur. Cavabdeh onun sosial vəziyyətini nəzərə almamış əlil kimi mənzil növbəsinə çıxardaraq, yeni qərar qəbul edərək imtina etmişdir. Hesab edir ki, 2-ci qrup əlil kimi mənzil növbəsinə götürülməklə mənzil alanadək kirayə pulunun ödənilməsi öhdəliyi cavabdehin (Binəqədi rayon İcra Hakimvvəti) üzərinə qoyulmalıdır.

3. Cavabdeh məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçı yuxarıda qeyd olunan tələblə məhkəmədə iddia qaldırsa da iddia tələbini qətiyyən əsaslandırmamışdır. Belə ki, iddiaçı xx.xx.2014-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək onun mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağına dair müvafiq sərəncam verilməsini xahiş etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 96 saylı sərəncamı ilə ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülməsi, “hərbi qulluqçuların statusu haqqında’’ qanuna əsasən mənzil sahəsi ilə təmin olunanadək mənzil kirayə haqqı ödənilməsi qərara alınmışdır. Sonradan vətəndaş İddiaçı yenidən Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək ailə tərkibinin dəyişdirilməsi ilə əlaqədar olaraq mənzil-uçot sənədlərində dəyişiklik edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 240 saylı Sərəncamı ilə ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu) xx.xx.2014-cü il tarixdən ehtiyatda olan hərbi qulluqçu və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcəli əlil kimi güzəştli əsaslarla yaçayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsində hesab edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli 5-10/1-A-198-068/2023 saylı ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcəli əlil kimi müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı müraciətinin araşdırılması ilə əlaqədar olaraq tərəfimizdən xx.xx.2023-cü il tarixli 5-10/2-A- 198-068/2023 saylı məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinə müraciət edilərək İddiaçı xidmət illəri və ehtiyata və ya istefaya buraxılması haqqında mövcud məlumatların qısa zaman ərzində Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunması xahiş edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2023-cü i tarixli 3-43-53/2-2131/2023 saylı məktubu ilə müraciətimizə cavab olaraq bildirilmişdir ki, İddiaçı “Hərbi xidmət haqqında” AR qanunun 41-ci maddəsinin “d” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq DSX rəisinin SQ Komandanının xx.xx.2006-cı il tarixli 168ş/h saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2010-cu il tarixdə C.Y.Ağamirovun müraciəti əsasında keçmiş Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən xəstəliyin səbəb və əlaqəsini müəyyən etmək üçün DSX MHHK-ya göndərilmişdir. DSK MHHK-nın xx.xx.2010-cu il tarixli 1213 saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən AR NK-nın müvafiq qərarının “Xəstəlik cədvəlinin” 45a və 70b maddəsinin 3-cü qrafasına əsaslanaraq, xəstəliyin hərbi xidmət dövründə alınmasına əsasən hərbi uçotdan çıxarılmaqla, hərbi xidmətə yararsız hesab edilmişdir. Göründüyü kimi, iddiaçının ehtiyata buraxılma əsası öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma hallarına aiddir. Lakin, qanunvericilikdə yalnız özlərindən asılı olmayan səbəblərdən ehtiyata buraxılan hərbiçilərə mənzil və ya torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə sözügedən şəxslərin kateqoriyasına aid deyildir. Yuxarıda qeyd olunanlara əsasən, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 214 saylı Sərəncamı ilə vətəndaş İddiaçı mənzil növbəsindən çıxarılmışdır. Lakin, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunanadək onlara kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülməsi və onun mənzil sahəsi ilə təmin olunanadək kirayə xərclərinin ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından müraciətinin müsbət həlli mümkün olmamışdır. O mənzil növbəsindən çıxarılmışdır. İş üzrə iddiaçı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 214 saylı sərəncamı ilə razılaşmayaraq, məhkəmədə əsassız olaraq iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.

4. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 96 nömrəli sərəncamından çıxarışda qeyd edilmişdir ki, İddiaçı ailə tərkibi 1 nəfərlə (özü) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülməsi qərara alınmışdır.

5. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 214 nömrəli sərəncamından çıxarışda qeyd edilmişdir ki, İddiaçı mənzil növbəliyindən çıxarılması qərara alınmışdır. Belə ki, X3 “Hərbi xidmət haqqında” AR Qanunun 18-ci maddəsinin “d” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq DSX rəisinin SQ Komandanının xx.xx.2006-cı il tarixli 168ş/h saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin rəisi X2 xx.xx.2006-cı il tarixli 168ş/h nömrəli əmrindən olan çıxarışa əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunun 18-ci maddəsinin “d” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq baş leytenant X3 Silahlı qüvvələrin ehtiyatına buraxılması əmr edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. İddianın növü “mənzil uçotunun bərpası” hissəsində öhdəliyin icrasına dair, “kirayə haqqının ödənilməsi” hissəsində kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Baş leytenant Ağamirov (hal hazırda isə Ağamirli) Cavad Yaşar oğlu “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunun 18-ci maddəsinin “d” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin rəisi X2 xx.xx.2006-cı il tarixli 168ş/h nömrəli əmri ilə Silahlı qüvvələrin ehtiyatına buraxılmışdır.

17. Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir.

19. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası qanununun 12-ci maddəsi: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər...

20. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən: ... Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması hallar ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin X1 qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü də istisna edilməməlidir...

22. Məhkəmə tərəfindən müəyyən edildi ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 96 saylı sərəncamı ilə ailə tərkibi 1 nəfərlə (iddiaçı) yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülməsi, “Hərbi qulluqçuların statusu haqqında’’ Qanuna əsasən mənzil sahəsi ilə təmin olunanadək mənzil kirayə haqqı ödənilməsi qərara alınmışdır. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 240 saylı Sərəncamı ilə ailə tərkibi 2 nəfər olmaqla (iddiaçı və oğlu) xx.xx.2014-cü il tarixdən ehtiyatda olan hərbi qulluqçu və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcəli əlil kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsində hesab edilmişdir. İddiaçı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ dərəcəli əlil kimi müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsini xahiş etmişdir. İddiaçının müraciətinin araşdırılması ilə əlaqədar olaraq cavabdeh tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinə müraciət edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən bildirilmişdir ki, İddiaçı “Hərbi xidmət haqqında” AR qanunun 41-ci maddəsinin “d” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq DSX rəisinin SQ Komandanının xx.xx.2006-cı il tarixli 168ş/h saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli 214 nömrəli sərəncamı ilə iddiaçı mənzil növbəliyindən çıxarılmışdır.

23. Məhkəmə qeyd edir ki, iddiaçının ehtiyata buraxılması onun iradəsindən asılı olan halla (xidməti uyğunsuzluğa görə) şərtlənmişdir və qeyd edilən halda hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Odur ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

24. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

25. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar