Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6035/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxs "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti) «kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı) «kredit borcunun restrukturizasiya edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditlər üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası» təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi 21 fevral 2015-ci il və 21 dekabr 2015-ci il tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarmadək xarici valyutada olan əsas kredit borclarının devalvasiyta ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. "xxxx" BOKT ASC iddia tələbi irəli sürərərık Salyan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi bundan ibarət olmuşdur ki, "xxxx" BOKT ASC ilə iddiaçı arasında bağlanmış 2015-ci il 03 fevral tarixli 23/15/PBŞ No-li kredit müqaviləsinə xitam verilsin. Hazırkı iddiaçıdan "xxxx" BOKT ASC-nin xeyrinə 2015-ci il 03 fevral tarixli 23/15/PBŞ No-li kredit müqaviləsi üzrə 3.405,62 ABŞ dolları əsas, 332.71 ABŞ dolları hesablanmış faiz, 5.680.11 ABŞ dolları dəbbə pulu, cəmi 12.310.44 ABŞ dolları hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması xahiş olunmuşur. Məhkəmə həmin iddia tələbini təmin etmişdir. İddiaçı isə kredit borcunun restrukturizasiya edilməsi barədə müraciət etmişdir. Cavabdeh təşkilat onun müraciətinə cavab verməmişdir. O, cavabdehin bu hərəkətini qanunsuz hesab edir və yuraxrıda qeyd olunan Fərmanın icra olunmaması kimi qiymətləndirir. Ona görə də məhkəməyə müraciət edir. İddiaçı Banka 2015-ci ilədək 9.000 manat ödəmiş, 2.437 manat borcu qalmışdır. O, Banka borcu ödəyə bilmədiyi üçün dəfələrlə ona Şirvan filialından telefon zəngi olunmuş və bildirilmişdir ki, Banka gəlməli və ödəmə vaxtı uzadılmalıdır. O, Banka getmiş, sənədlər imzalanmışdır. Elə bilmişdir ki, krediti ödəmə vaxtı uzadılır. Lakin sonradan ona məlum olmuşdur ki, manatla borcu olduğu halda onun adıma krediti ödəmə adı ilə 3.405 ABŞ dolları yazılmışdır. Onun kredit borcu dollara bağlanmışdır. Lakin Bankdan dollar almamışdır. Bankın Şirvan filialının kassasında 3 fevral 2015 ci il tarixə videokasetə baxılarsa, bunu aydın görmək olar. Filialın ona qarşı bu hərəkəti Milli Bankın təlimatına ziddir. O, bu barədə "xxxx" ASC-nin rəhbərliyinə müraciət etmişdir ki, Şirvan filialında aldadılmışdır. Lakin onun şikayət ərizəsinə cavab verilməmişdir. İddiaçı prokurorluq orqanlarına da müraciət etmişdir. Ona müraciətinin araşdırılacağı bildirilmişdir. Onun Banka borcu 10.000 ABŞ dollarından çox olmamışdır və bu səbəbdən də ona kompensasiya verildi. Lakin dəfələrlə xahiş olunmasına baxmayaraq Bank kreedit müqaviləsi üzrə ona verilmiş kreditin restruktrizasiyasını həyata keçirməkdən imtina edir. Səbəb kimi isə, gecikmə müddətinin 365 gündən az olması ilə əlaqələndirilir. Lakin onun gecikmə müddəti daha çoxdur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17.000 manatdan və ya 10.000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu ilin martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.2-ci bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Qaydanın 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Göstərilənlərə əsaslanaraq, İPM-in 2 və 31-ci maddələrini rəhbər tutaraq, kredit borcunun restrukturizasiya olunmasının cavadehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra məhkəmənin qərardadı ilə hazırlı inzibati məhkəmə icraatına Azərbaycan Respublikası Mərkəzi Bankı inzibati məhkəmə icraatına üçüncü şəxs kimi prosessual iştirakına xitam verilməklə cavabdeh, "xxxx" BOKT ASC cavabdeh kimi prosessual iştirakına xitam verilməklə üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda aşağıdakılar bildirilir: - «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Quliyev Əİlifağa Əzizağa oğlu ilə "xxxx" Bank ASC (indiki "xxxx" BOKT ASC) arasında bağlanmış 4 fevral 2015-ci il tarixli (4.345 manat dəyərində) kredit müqaviləsi Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər sırasına daxil edilməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə – 1 mart 2019-cu il tarixə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 198 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Fərmana əsasən 1 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə, 17.000 manatadək olan qeydlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 1 yanvar 2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş boclar müəyyən edilir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən, sözügedən kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. İş materiallarında olan "xxxx" BOKT ASC-nin İddiaçı ünvanlanmış 15 mart 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı "xxxx" Bank ASC-nin filialından 4 fevral 2015-ci il tarixdə 36 ay müddətinə illik 28 faizlə 4.345 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı kredit öhdəliyi Salyan Rayon Məhkəməsinin 2(057)-381/2018 saylı iş üzrə 27 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən 4 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3.405,62 ABŞ dolları əsas, 3.224 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6.930,33 ABŞ dolları və 17 manat dövlət rüsumu müəyyən edilmişdir. Qətnamə tarixindən sonra ödəmə olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ayrılmış kompensasiya məbləği hesabına İddiaçı 4 fevral 2015-ci il tarixli kredit borcunun 3.405,62 ABŞ dolları məbləğindən 1.892,71 ABŞ dolları silinmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən göndərilmiş siyahıda müştərinin qətnamə üzrə borcuna güzəşt olunması qeyd olunmamışdır. Müştərinin qətnamə üzrə 5.037,62 ABŞ dolları və 17 manat borcu mövcuddur. İşin şifahi məhkəmə baxışı ilə bağlı tərəflərə və üçüncü şəxsə bildiriş məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O. əlavə olaraq qeyd etdi ki, məhkəmədə iddia qaldırıldıqda sonra ödəniş aparmamışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sənədlər və məhkəmə prosesində işdə iddiaçının verdiyi izahat əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə "xxxx" ASC (hazırkı "xxxx" BOKT ASC) arasında 4 fevral 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında "xxxx" ASC iddiaçıya 28%-lə 36 ay müddətinə 4.345 ABŞ dolları məbləğində kredit vermişdir. Bank tərəfindən Salyan Rayon Məhkəməsində ona (hazırkı iddiaçıya) qarşı kredit borcu ilə bağlı iddia qaldırılmış və məhkəmənin 27 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən kredit müqaviləsi üzrə 3.405,62 ABŞ dolları əsas, 3.224 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6.930,33 ABŞ dolları və 17 manat dövlət rüsumu müəyyən edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə son ödənişini məhkəmədə həmin iddia qaldırılanadək aparmışdır (bunu təkzib edən halla bağlı cavabdeh dəlil gətirməmişdir). 1 mart 2019-cu il tarixə borcun ödənilməsi üzrə gecikdirilmiş günlərin sayı 360-dan artıqdır. Müvafiq bazada kreditin gecikdirilmiş günlərinn sayı isə, 198 gün göstərilmişdir. Bunu əsas gətirərək, Azərbaycan Respublikasının Mərkəzi Bankı İddiaçı qalıq kredit borcunu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müddəalarına uyğun olaraq restrukturizasiya ediləcək kreditlərin siyahısına daxil etməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. Qeyd olunmalıdır ki, İddiaçı 4 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müddəalarına uyğun olaraq restrukturizasiya ediləcək kreditlərin siyahısına daxil edilməsi üçün zəruri şərtlərin bir hissəsi, yəni kreditin 2015-ci ilin fevral ayında verilməsi, qalıq məbləğin hər bir halda 17.000 manatdan və ya 10.000 ABŞ dollarından az olması və ödəyicinin (borc alanın) fiziki şəxs olması işin mübahisələndirilən hallarına aid deyil. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının müvafiq kredit müqaviləsi əsasında borcun ödənilməsi üzrə gecikdirilmiş günlərin sayının 360 gündən artıq olması da aidiyyəti tərəflərin dəlilləri, "xxxx" BOKT ASC-nin məktubu və müvafiq məhkəmə qətnaməsi ilə təsdiqini tapmışdır. Mübahisənin mahiyyətinə gəldikdə isə, iddaçının 1 mart 2019-cu il tarixə müvafiq kredit müqaviləsi üzrə qalıq borcunun gecikdirilmiş günlərinin sayının Mərkəzi Bankın MKR və PK bazalarına daxil edilməməsi onun iradəsindən asılı olan hal kimi olmadığından, tam şəkildə təkzib olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraatı tam və hərtərəfli aparmamış, formal mülahizələrə əsaslanaraq qaldırılan məsələnin həllindən qanunsuz olaraq imtina etmişdir. Cavabdehin iddiaçının kredit borcları restrukturizasiya ediləcək borcların siyahısına daxil edilməməsi «İnzibati icraat haqqında» AR Qanununun 15, 17 və 24.2-ci maddələrinin tələblərinı ziddir. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı "xxxx" ASC ilə bağlanmış 4 fevral 2015-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 62, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə bağlanmış 4 fevral 2015-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6035/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6035/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver