Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6035/2022 05.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı «mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilərək, ondan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsində bildirilir ki, 1990-cı ildən hal-hazradək iddiaçının faktiki istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 4 saylı binanın 2 otaqdan ibarət olan 21 saylı mənzilinə dair 2 fevral 2006-cı il tarixdə 0068 saylı order verilmişdir. İddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququ əldə etmək və mənzili özəlləşdirmək istəyir. İddiaçı cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dəfələrlə müraciət edərək, onunla həmin mənzilə dair kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunıa əsaslandırmışdır ki, sənədlər araşdırılarkən Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 15 dekabr 1994-cü il tarixli 691-k əmri ilə əmək müqaviləsi ləğv edilmiş və təqdim olunan 2 fevral 2006-cı il tarixli 0067 saylı order isə, müəssisə ilə əmək münasibətlərinin olmadığı halda mənzil qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Sonuncu dəfə iddiaçı cavabdeh 25 avqust 2021-ci il tarixdə müraciət edərək onunla mənzil kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Lakin onun ərizəsinə cavab verilməmiş, münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə müqavilə bağlamaqdan yayınır. Odur ki, cavabdehin üzərinə onunla mənzilə dair kirayə müqaviləsi bağlanması öhdəliyi qoyulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1 – 5-ci maddələrinə, «İnzibati icraaat haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə, İPM-in 2.2.2, 33, 35.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 4 saylı binanın 2 otaqdan ibarət 21 saylı mənzilinə dair mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli 131s nömrəli sərəncamına əsasən Bakı ŞİH-in 26 iyul 2013-cü il tarixli 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət- kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, X4 küçəsi, 4A saylı ünvanda yerləşən işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. İddiaçı müraciəti ilə bağlı ərizəsinə əlavə edilmiş sənədlər araşdırılarkən Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 15 dekabr 1994-cü il tarixli 691-k nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, təqdim etdiyi 2 fevral 2006-cı il tarixli 0067 saylı order isə, müəssisə ilə əmək münasibətlərində olmadığı halda mənzil qanunvericiliyinin tələbləri pozulmaqla əldə edilməsi müəyyən edilmişdir. Belə ki, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi müəyyən edilmiş normaya əməl edilməklə müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarına əsasən vətəndaşa iş dövründə mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Ona görə də, Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən ayrı-ayrı şəxslərin adına yazılmış çoxsaylı orderlərin, o cümlədən iddiaçının adına yazılmış orderin verilməsinə əsas olmuş Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin həmkarlar komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə növbəti iclasının 9 noyabr 2004cü il tarixli 41 saylı protokolunun (birgə qərarı) etibarsız hesab edilməsi və həmin protokol əsasında verilmiş orderlərin ləğv edilməsi tələbinə dair müvafiq iddia ərizələri ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli 462 nömrəli Fərmanına və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 6 oktyabr 2006-cı il tarixli 3 nömrəli əmrinə əsasən Bakı “Radioquraşdırma” İstehsalat Birliyi, “Mühəndis Texnikası” İstehsalat Birliyinin “Radioquraşdırma” Zavodu adlandırılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 31 yanvar 2008-ci il tarixli 14 saylı əmrinə əsasən “Mühəndis Texnikası” İstehsalat Birliyi sözləri dəyişdirilərək “Cihaz” İstehsalat Birliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 10 avqust 2009-cu il tarixli 60 saylı əmrinə əsasən “Radioquraşdırma” Zavodu “Cihaz” İstehsalat Birliyinin tərkibindən çıxarılaraq “Üfüq” İstehsalat Birliyinin tabeliyinə keçirilmişdir. Göründüyü kimi, Bakı “Radioquraşdırma” İstehsalat Birliyi adlı təşkilat mövcud deyil və son zamanlarda sözügedən təşkilatın adından məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə də ayrı-ayrı şəxslərin adlarına 2004-2006-cı illərə orderlər yazılmışdır. Bununla bağlı inzibati işlər üzrə məhkəmədə ayrı-ayrı işlər üzrə araşdırmalar aparılır. Cavabdeh İddiaçı mənzil növbəsində olduğuna dair hər hansı bir hüquqi sənəd olmamışdır. İddiaçı adına Bakı şəhəri, Xətai, rayonu, X4 küçəsi, 4A saylı evin 21 saylı mənzilinə dair 2 fevral 2006-cı il tarixli 0067 saylı order qanunsuz əldə etmişdir. Odur ki, həmin order mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün əsas ola bilməz. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 1980-ci il tarixli 363 nömrəli qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş «Yataqxanalar haqqında nümunəvi Əsasnamə»nin 2-ci bəndinin İİİ hissəsinə əsasən yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları»nın 14-cü bəndinə görə iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydalar”ın 32-ci bəndinin tədəbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, İdarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı ŞİH Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 217.2-ci maddələrinə, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10, 82.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157, 164.1, 165.1-ci maddələrinə, İPM-in 14.3, 33-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2, 68, 69-cu maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məıcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidədövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1963-cü il tarixdə doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı “Radioquraşdırma” İB tərəfindən verilmiş 02 fevral 2006-cı il tarixli 0067 №-li orderdən görünür ki, İddiaçı və onun beş nəfərdən ibarət ailə üzvləri ünvan 2 ünvanında yerləşən mənzili tutmaq hüququna malikdirlər. Orderdə İddiaçı başqa, həmçinin Fərəcova Dürdanə F., Rəhimova Gülə R., Rəhimova Günay R., Rəhimov Eltac R. adları göstərilmişdir. İş materiallarında olan Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 19 may 2021-ci il tarixli R-19 saylı məktubundan görünür ki, Departament tərəfindən İddiaçı yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılmasına dair müraciətinə baxılmış və ona cavab olaraq bildirilmişdir ki: - Baki “Radioquraşdırma” İstehsalat Birliyinin 15 dekabr 1994-cü il tarixli 691-k nömrəli əmri ilə iddiaçının əmək müqaviləsi ləğv edilmiş, təqdim olunan 2 fevral 2006-cı il tarixli 0067 saylı order isə müəssisə ilə əmək münasibətlərində olmadığı halda mənzil qanunvericiliyin tələbləri pozulmaqla verilməsi müəyyən edilmişdir. Baki “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən ayrı-ayrı şəxslərin adına yazılmış çoxsaylı orderlərin, o cümlədən iddiaçının adına yazılmış orderin verilməsinə əsas olmuş Baki “Radioquraşdırma” İstehsalat Birliyinin həmkarlar komitəsinin müdriyyətinin əmək protokolunun (birgə qərarı) etibarsız hesab edilməsi və həmin protokol əsasında verilmiş orderlərin ləğv edilməsi tələbinə dair müvafiq iddia ərizələri ilə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. Bundan başqa, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, istər 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan, istərsə də 1 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Mənzil Məcəlləsi vətəndaş ilə dövlət və ya ictimai mənzil fondu arasında kirayə müqaviləsinin bağlanılması şərtlərini müəyyən etmişdir ki, bu şərtlərdən biri – vətəndaşın kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hüquqmüəyyənedici sənədin olmasıdır. Hazırkı işin hallarına görə isə, iddiaçı mübahisəli mənzilə münasibətdə hüquqmüəyyənedici sənədə malik olmuş, onun həmin mənzilə münasibətdə hüquqları Bakı “Radioquraşdırma” İB tərəfindən 02 fevral 2006-cı il tarixli 0067 nömrəli orderin verilməsi ilə yaranmışdır ki, iddiaçı da bu hüquqları qarşısında yaşayış sahəsinə münasibətdə orderin mövcudluğuna və orada qeydyyatda olmasına istinad edərək kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsini arzulayır. Məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, Yataqxana, ev 4A, 21 saylı mənzildə qeydiyyatda olmaqla yaşayan şəxs kimi orada uzun müddət təsərrüfat apardığından, həmçinin həmin mənzilə münasibətdə o, orderə malik olduğundan, mənzilin balans saxlayıcısı olan orqan Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin onun həmin mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanması”ndan imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 1 evin 21 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi öhdəliyi cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 1 evin 21 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi öhdəliyi cavabdeh Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6035/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6035/2022
05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver