Məhkəmə qərarları › İş №2-1(112)-6036/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6036/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6036/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı, Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla "pensiyadan tutulan vəsaitin bərpa olunması, aylıq müavinətin indeksasiya edilməklə pensiyaya əlavə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə İş İdarəsinə (bundan sonra mətndə Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə İş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasından tutulan 175 manat vəsaitin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi ziyan olaraq cavabdehdən 10.000 manat pulun tutulub onun pensiya hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 saylı Fərmanı və 29.12.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş toplam 38 manatlıq aylıq müavinətin indeksasiya edilməklə, onun pensiyasına əlavə edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin artırılması) barədə ərizə verərək, əmək pensiyasından kəsilən 350 manat gecikmə faizinin indeksasiya edilməklə bərpa edilməsi, "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi tarixindən 2007-ci ilin yanvarından başlayaraq aylıq hesablanmalı olan toplam 115 manatın indeksasiya edilməklə pensiyasına əlavə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, pensiyasından ona xəbər edilmədən və məhkəmə qərarı olmadan avqust ayından başlayaraq hər ay 50 faiz-175 manat tutulduğundan cavabdehin özünə müraciət etmişdir. 06 avqust 2018-ci il tarixdə cavabdehin olduğu yerə getmiş, cavabdeh tərəf heç bir məhkəmə qərarının olmadığını bildirsə də, həmin ayın sonunda pensiyasının yarıqat olması faktı ilə üzləşmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razı olmayan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-106/2019 saylı 08.01.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4182/2018 saylı 12 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-1601/2019 saylı 24.04.2019-cu il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-106/2019 saylı 08.01.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 18.06.2019-cu il tarixli qərardadı ilə cavabdeh Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ilə əvəz edilmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə ünvanladığı iddia ərizəsinə dair 28.02.2020-ci il tarixli **********4 №li etirazda göstərmişdir ki, iddiaçıya 05.02.2016-cı il tarixdən İİ qrup əlilliyə görə tərəflərindən əmək pensiyası təyin olunmuşdur. Suraxanı rayon İcra və Probasiya şöbəsinin 29.05.2018-ci il tarixli 18-26696 nömrəli məktubu ilə ünvanlanmış Suraxanı Rayon Məhkəməsinin 28.11.2016-cı il tarixli 2(010)-3404/2016 nömrəli məhkəmə əmrinə əsasən 2018-ci ilin avqust və sentyabr aylarında iddiaçının əmək pensiyasının 50 faizi, yəni 173,40 (cəmi 346,80) manat pul məbləği tutularaq “xxxx” ASC-nin hesabına köçürülmüşdür. Lakin sözügedən orqandan tutulmanın dayandırılması ilə bağlı İdarəyə daxil olmuş 15.10.2018-ci il tarixli məktuba əsasən qeyd olunan tutulma dayandırılmışdır. İddiaçının iddia etdiyi indeksləşdirilməklə bağlı tələbinə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsində dəqiq və açıq şəkildə qeyd edilmiş, bu Qanunun həmin maddəsinə əsasən bu kateqoriyadan olan şəxslərə həmin artım qədər azaldılmaqla hesablama qaydası göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 11.08.2020-ci il tarixli qərardadı ilə 2-1(112)-3273/2020 saylı inzibati iş mümkün sayılmamışdır. Qərardadla razı olmayan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1602/2020 saylı 20.10.2020-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3273/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.04.2021-ci il tarixli 2-1(102)- 575/2021 saylı qərardadı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli 2-1(103)- 1602/2020 nömrəli qərardadı qismən-“əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsi”nə dair iddia tələbinin mümkün sayılmaması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın mümkün sayılmaqla baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia -“əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsi”nə dair hissədə təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarından görünür ki; İddiaçı- İddiaçı 05.02.2016-cı il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur (İddiaçıya məxus pensiya işinin surəti). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 2(010)-3404/2016 saylı, 28.11.2016-cı il tarixli mülki iş üzrə 09 yanvar 2017-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı 8.292 manat məbləğində sığorta ödənişi və 31 manat məbləğində dövlət rüsumu üçün çəkilmiş xərcin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. “xxxx” ASC 17 may 2018-ci il tarixdə Suraxanı rayon İcra şöbəsinə müraciət edərək, tələbin borclu İddiaçı təqaüdünə yönəldilməsinə göstəriş verilməsini xahiş etmişdir. 29 may 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra ödənişinin alınması haqqında gərar qəbul edilmişdir. Həmin tarixdə İcra və probasiya şöbəsi DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş Departamentinə məktub ünvanlayaraq, məhkəmə qərarında göstərilən məbləğin borclu İddiaçı əmək haqqının 50 % həcmində tutularaq, “xxxx” ASC-nin hesabına köçürülməsi xahiş olunmuşdur. 15.10.2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi tərəfindən DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə ünvanlanan 26696/2017-18-14 saylı məktubda 2(010)-3404/2016 saylı, 28.11.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar İddiaçı pensiyasından tutmanın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən dayandırılması xahiş olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin **********2 №li 22.05.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, iddiaçıya 01.02.2016-cı il tarixdən İİ qrup əlilliyə görə tərəflərindən əmək pensiyası təyin olunmuşdur. Suraxanı rayon İcra və Probasiya şöbəsinin 29.05.2018-ci il tarixli 18-26696 nömrəli məktubu ilə ünvanlanmış Suraxanı Rayon Məhkəməsinin 28.11.2016-cı il tarixli 2(010)-3404/2016 nömrəli məhkəmə əmrinə əsasən 2018-ci ilin avqust və sentyabr aylarında İddiaçı əmək pensiyasının 50 faizi, yəni 173,40 (cəmi 346,80) manat pul məbləği tutularaq “xxxx” ASC-nin hesabına köçürülmüşdür. Lakin sözügedən orqandan tutulmanın dayandırılması ilə bağlı İdarəyə daxil olmuş 15.10.2018-ci il tarixli 29696/2017-18-14 nömrəli məktuba əsasən qeyd olunan tutulma dayandırılmışdır. Hazırda iddiaçı əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsini tələb edir. Bununla bağlı məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Həmin Qanunun 68.1.2-ci maddəsinə əsasən tələb borcluya ödənilən xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ödənilən məbləğlərə yönəldilə bilməz: Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının məcburi icrası barədə icra məmurunun qanuni qərarı icra olunarkən, yəni tutma iddiaçının pensiyasına yönəldilərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmuş, aparılan tutmalar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin hərəkətlərdə ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla, iddiası əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı, Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla, iddiası əmək pensiyasından kəsilən 350 manatın gecikmə faizi indeksasiya edilməklə bərpa edilməsinə dair hissədə təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar