Məhkəmə qərarları › İş №2-1(112)-6038/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6038/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6038/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında ünvan: (ünvan 1 baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən ümumi sahəsi 1450 kv.m olan qeyri-yaşayış sahəsinin (mansard və yarımzirzəmi daxil olmaqla) dövlət qeydiyyatına alınaraq, reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən ümumi sahəsi 1.450 kv.m olan qeyri-yaşayış sahəsi üzərində (mansard və yarımzirzəmi daxil olmaqla) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən 0.066 ha torpaq sahəsi çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Torpaq sahəsində layihəyə uyğun qeyri-yaşayış sahəsi inşa edilmişdir. Layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılaraq təsdiq edilmişdir. Eyni zamanda qeyri-yaşayış sahəsinin tikintisinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikintiyə icazə verilmişdir. Ümumilikdə qeyri-yaşayış sahəsi mərtəbələrdən, mansarddan və yarımzirzəmidən ibarətdir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1.450 kv.m-dir. Qeyri-yaşayış sahəsinə dair çıxarışın alınması üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin, ona imtina məktubu ilə bildirilmişdir ki, istismara icazə sənədi və tikintiyə icazə sənədi idarəyə təqdim olunmamışdır. Halbuki, bütün sənədlər verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsindən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin iddiaya dair xx.xx.2021-ci il tarixli, **********38 nömrəli etirazında bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismara icazə sənədi təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasına dair verilmiş layihə natamamdır. Belə ki, layihədə sifarişçi barədə məlumat öz əksini tapmayıb, lisenziya əlavə edilməyib, tikinti obyektinin perimetrik təsnifatı və göstəriciləri qeyd olunmamışdır. Həmçinin, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********53 saylı, xx.xx.2021- ci il tarixli məktub ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********53 saylı, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayon ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismara icazə sənədi təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasına dair verilmiş layihə natamamdır. Belə ki, layihədə sifarişçi barədə məlumat öz əksini tapmayıb, lisenziya əlavə edilməyib, tikinti obyektinin perimetrik təsnifatı və göstəriciləri qeyd olunmamışdır”. - DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən 0.066 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - DƏDRX-in Bakı ərazi idarəsi tərəfindən verilmiş A№188463 saylı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən torpaq sahəsinin plan və ölçüsündən görünür ki, həmin torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüsü 0.066 hektardır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X1 Məmmədovaya ünvanladığı xx.xx.2020-ci il tarixli 37/M-03743 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli, 624 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində inşa etdiyiniz zirzəmili, 2+mansarda mərtəbəli məişət xidməti obyektində aparılmış müayinənin nəticələri Agentliyin Təhlil qrupunun 21 sentyabr 2020-ci il tarixli, 1076 saylı iclasında müzakirə olunmuşdur. Müzakirələr nəticəsində binaya dair tərtib edilmiş Rəyi Sizə təqdim edirik”. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Təhlil qrupunun 21 sentyabr 2020-ci il tarixli, 1076 saylı rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən zirzəmili, 2+mansarda mərtəbəli məişət xidməti obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. - DƏDRX-in Bakı Ərazi İdarəsinin ünvan reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon S.S.Axundov küçəsi “2H” küçəsində yerləşən daşınmaz əmlak obyektinin mərkəzi nöqtəsinin koordinatı X-401625, Y-4475482-dir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 31 iyul 2019-cu il tarixli 13/11-M-86-4349 saylı İddiaçı ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30 iyul 2019cu il tarixli 21 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Bakı şeheri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində, İddiaçı məxsus torpaq sahəsində layihələndirilən iki mərtəbəli qeyri-yaşayış (məişət-xidməti) obyektinin şəhərsalma əsaslandırılmasının 1 (bir) nüsxəsi Sizə göndərilir. Nəzərinizə çatdırırıq ki, tikintisi planlaşdırılan obyektin tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi şəhərsalma əsaslandırılmasının uyğunluğuna rəy alınması üçün Komitəyə təqdim edilməlidir”. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 21 nömrəli Sərəncamından “Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” çıxarışdan görünür ki, “1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (ve ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində, İddiaçı məxsus torpaq sahəsində layihələndirilən iki mərtəbəli qeyri-yaşayış (məişət-xidməti) obyektinə (Sifarişçi-İddiaçı; Layihəçi - “Azərdövlətlayihə” DBLİ) dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. - xx.xx.2020-ci il tarixli Ö/004121 saylı istismara hazırlıq aktından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində 1 səviyyə zirzəmili, 2 mərtəbəli (+çardaq) qeyri-yaşayış sahəsi tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 4 saylı obyektin tikintisinə icazə sənədindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən tikinti sahəsi 387.50 kv.m, binanın ümumi sahəsi 1.061,1 kv.m, binanın tikinti həcmi 5.270 m3, zirzəmi və 2 mərtəbədən ibarət olan binanın tikintisinə icazə verilmişdir. - Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində İddiaçı məxsus torpaq sahəsində layihələndirilən 2 (iki) mərtəbəli məişət-xidməti obyektinin memarlıq həllindən görünür ki, layihə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış, binanın 1-ci mərtəbəsinin sahəsi 387.5 kv.m, 2-ci mərtəbəsinin sahəsi 387.5 kv.m, texniki-zirzəminin sahəsi 387.5 kv.m-dir. Yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən 0.066 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində zirzəmi və 2 mərtəbədən ibarət olan binanın (+çardaq) tikintisinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilmiş, binanın memarlıq həlli layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış, layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış, binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq tələblərini ödəməsi barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Təhlil qrupu tərəfindən rəy verilmiş, istismara hazırlıq barədə akt tərtib edilmişdir. Göstərilən sənədləri ərizəyə əlavə edilməklə iddiaçı cavabdehə həmin əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciət edilsə də, sonuncu tərəfindən ərizəsinin icrasının təmin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi qeyriyaşayış binasının tikintisinə icazə verilməsi barədə qərarın, tikinti obyektinin istismara icazə sənədinin təqdim edilməməsi, qeyri-yaşayış binasına dair verilmiş layihə natamam olması, layihədə sifarişçi barədə məlumatın öz əksin tapmaması, lisenziyanın əlavə edilməməsi, tikinti obyektinin perimetrik təsnifatı və göstəriciləri qeyd olunmaması göstərilmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası və hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları qanunvericiliklə birbaşa və qəti olaraq müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1, 139-1.1.9, 139-1.1.9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10 və 8.0.10.1-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi qeyriyaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri (8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi) mövcuddur. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh onun ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən ümumi sahəsi 1.450 kv.m olan qeyri-yaşayış sahəsi üzərində (mansard və yarımzirzəmi daxil olmaqla) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən ümumi sahəsi 1.450 kv.m olan qeyri-yaşayış sahəsi üzərində (mansard və yarımzirzəmi daxil olmaqla) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6DRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar