Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6039/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən bağ sahəsinə bitişik əlavə 577 kv.m torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
2. Cavabdeh 21.04.2021-ci il tarixli, **********46 nömrəli bildirişlə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sözügedən əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
3. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı 26.04.2021-ci il tarixdə cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən bağ sahəsinə bitişik əlavə 577 kv.m torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi 27.08.2021-ci il tarixli məhkəmə iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********10-11301 reyestr nömrəsi ilə qeyd edilmiş 23.08.2021-ci il tarixli, 04/5560 inventar nömrəli Texniki Pasportda göstərilən və faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1145 ünvanında yerləşən 0.1724 ha torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən bağ sahəsi və ona bitişik əlavə 577 kv.m torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi texniki pasportda öz əksini tapıb. Buna görə də əlavə torpaq sahəsinə dair çıxarış verilməlidir.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında iddia tələbinə etiraz edərək sözügedən əlavə torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyini bildirmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
10. Belə ki, iddia mümkün iddiadır, çünki sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
11. İddia həm də əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilən iş materiallarında olan: -X2 və İstismarı Birliyinin 31.03.2004-cü il tarixli 3166 saylı müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində 0.12 ha torpaq sahəsi olan 1145 saylı bağ X6 istifadəsinə verilmişdir. - 26.11.2006-cı il tarixli AN-İ №0093283 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X9 Bakı şəhər İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 30/5901 qeydiyyat nömrəli 29.04.2005-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında 0.1230 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 349 kv.metr olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1145 nömrəli bağ evini alıcı X1. - X2 və İstismarı Birliyinin 05.12.2006-cı il tarixli 3166 saylı müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində 0.12 ha torpaq sahəsi olan 1145 saylı bağ X4 istifadəsinə verilmişdir. - 30.12.2019-cu il tarixli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X8 ümumi sahəsi 349 kv.metr olan 0.1230 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 06.11.2019-cu il tarixli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin çıxarışda istifadədə olan torpaq sahəsinin ölçüsü 0.02033 ha qeyd olunmuşdur. - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26.11.2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1145 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ ********** nömrə ilə qeydə alınmış, torpaq sahəsinin ölçüsü 0.12 ha göstərilmişdir. Lakin işdə olan cavabdeh tərəfindən tərtib edilmiş 23.08.2021-ci il tarixli **********10- 11301 reyestr nömrəli Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1145 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahəsi 0.12 ha olsa da, faktiki sahəsi 0,1742 ha-dır. İddiaçı hazırda onun faktiki istifadəsinə olan torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir.
12. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.8-ci maddəsinə əsasən isə həmin Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
13. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na daxil edilmişdir.
14. Habelə “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir.
15. Məhkəmə qeyd edir ki, işdən görünür ki, mübahisəli bağ sahəsi ilkin qanuni sahibinə 2004-cü ildə ayrılmış, həmin vaxt müqavilədə bağ sahəsinin ölçüsü 0.12 ha göstərilsə də, işdə olan digər sənədlərdə bağın sahəsi 0.1230 ha göstərilmiş, son olaraq 23.08.2021-ci il tarixdə tərtib olunmuş texniki pasport bağın faktiki sahəsinin 0.1724 ha olduğu müəyyən olunmuşdur.
16. Belə olan halda məhkəmə yuxarıda istinad olunan normaların tələbləri baxımından hesab edir ki, iddiaçının mülkiyyət hüququ məhz həmin ölçüdə torpaq sahəsinə yaranmışdır. Lakin cavabdeh 26.11.2019-cu il tarixdə torpaq sahəsi ilə bağlı Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verərəkən bu halı nəzərə almamış, torpaq sahəsinin ölçüsünü 0.12 ha göstərmişdir.
17. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci madəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********10-11301 reyestr nömrəsi ilə qeyd edilmiş 23.08.2021-ci il tarixli, 04/5560 inventar nömrəli Texniki Pasportda göstərilən və faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1145 ünvanında yerləşən 0.1724 ha torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova