Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6039/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmaların geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “artıq ödənilmiş sosial müavinətin və əmək pensiyası məbləğinin tutulması” haqqında 02 noyabr 2021-ci il tarixli, 38471 nömrəli qərarının etibarsız hesab edilməsi, qeyd olunan qərar əsasında əmək pensiyasından qanunsuz tutulmuş pul məbləğinin pensiyasına bərpa olunmaqla geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi, məhkəmə qərarı və ya onun razılığı olmadan pensiyasından tutulmalarla bağlı hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş «Artıq ödənilmiş sosial müavinətin və əmək pensiyasının məbləğinin tutulması haqqında» xx.xx.2021-ci il tarixli 38471 nömrəli qərarın ləğv edilməsi və həmin qərara əsasən tutulmuş pul məbləğinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur, üç övladı var. 24 mart 2016cı il tarixdə 57 yaşı tamam olduğundan üç uşağa görə iddiaçıya yaşa görə sosial müavinət təyin edilmişdir. Lakin iddiaçıya təyin edilmiş sosial müavinət xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçının əmək fəaliyyətinə başladığı müəyyən edildiyi üçün iddiaçıya verilən sosial müavinətin ödənişi dayandırılmışdır. İddiaçının sosial müavinət hüququna baxılarkən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmasına baxmayaraq, sosial müavinətin ödənişinin davam etməsi nəticəsində müavinətin artıq ödənilməsi aşkarlanmışdır. Cavabdehin “Artıq ödənilmiş sosial müavinətin və əmək pensiyasının məbləğinin tutulması” haqqında 02 noyabr 2021-ci il tarixli qərarında həmin əsaslar qeyd olunmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ümumi 5.380,44 manat artıq ödəmənin müəyyən olunması göstərilmişdir. Bununla da artıq ödənilmiş 5.380,44 manat məbləğin bölünərək iddiaçının aylıq sosial müavinətindən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. Lakin sözügedən qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, 24 mart 2016-cı il tarixdə iddiaçının 57 yaşı tamam olanda iddiaçıya sosial müavinət təyin edilərkən o, vergi ödəyicisi olmuşdur. İddiaçı bununla bağlı müavinət təyin edilərkən bildirmişdir. İddiaçının müavinət təyin edilməmişdən əvvəl VÖEN-i olmuş və dövlətə vergi ödəmişdir. Müavinət təyin edən orqan iddiaçının vergi ödəyicisi olması ilə bağlı məsələni özü də araşdırmalı idi. Dövlət orqanının səlahiyyətli vəzifəli şəxsləri səhvə yol vermişlərsə, bu səhvə görə 5 ildən sonra məhkəmə qərarı olmadan iddiaçıdan pul tutulması qanunsuzdur. Çünki VÖEN ilə bağlı iddiaçı məlumat vermişdir. Belə bir qadağanın olmasını səlahiyyətli şəxs müəyyən etməli və vaxtilə, yəni 2016-cı ildə iddiaçıya müavinətin ödənməsindən imtina etməli idi. Ona görə də bu qərar tam qanunsuz qərardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün sosial müavinətin ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçının aktiv vergi ödəyicisi kimi qeydiyyatda olması onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlir və bu da onun aktiv əmək fəaliyyətində olduğunu təsdiqləyir. Nəticədə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya artıq müavinətin ödənilməsi müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 22-1.5-ci maddəsinə əsasən, 2019-cu ilin yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunan maddəyə əsasən iddiaçıya əmək pensiyası hüququ olmadığı halda xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edildiyi üçün əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Həmin müddətdə yaşa görə əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. İddiaçının vergi orqanında aktiv vergi ödəyicisi kimi qeydiyyatı xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçının müraciətinə əsasən ona xx.xx.2021-ci il tarixdən yaşa görə müavinət təyin olunmuşdur. Ümumilikdə inzibati orqan iddiaçının artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bu hal Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. xx.xx.2021-ci il tarixli qərarla iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 5.380,44 manat məbləğin bölünərək iddiaçının aylıq sosial müavinətindən tutulmaqla Fondun hesabına bərpa edilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məlumat üçün bildiririk ki, xx.xx.2016-cı il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Əmək fəaliyyətinə başladığınız aşkarlandığı üçün sosial müavinətinizin ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddəyə əsasən Sizə əmək pensiyası hüququnuz olmadığı halda xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edildiyi üçün ödənişi xx.xx.2021-ci il tarixində dayandırılmışdır. Bildiririk ki, Sizin xx.xx.2021-ci il tarixli yaşa görə sosial müavinətin bərpa olunması ilə bağlı müraciətinizə əsasən qeyd edilən maddəyə uyğun olaraq xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinətiniz bərpa edilmişdir. Sizin sosial müavinət hüququnuza baxılan zaman xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək və xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN:**********) olmağınıza baxmayaraq sosial müavinətin ödənişi davam etməsi nəticəsində müavinətin artıq ödənildiyi aşkarlanmışdır. Həmçinin yaşa görə əmək pensiyanızın ödənilməsi nəticəsində əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. Nəticədə xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi 5.380,44 manat artıq ödəmə müəyyən olunmuşdur. Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, 38471 nömrəli qərarına əsasən xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 5.380,44 manat manat bölünərək Sizin aylıq sosial müavinətinizdən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş İddiaçı iddiasına dair iş üzrə xx.xx.2022-ci il tarixli, 2-1(112)-5071/2022 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Bildiririk ki, sözügedən şəxsə qeyd olunan maddəyə əsasən əmək pensiyası hüququ olmadığı halda xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edildiyi üçün ödənişi xx.xx.2021-ci il tarixində dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Eyni zamanda vətəndaşa xx.xx.2016-cı il tarixində yaşa görə sosial müavinət təyin olunmuşdur. Lakin, xx.xx.2020-ci il tarixində əmək fəaliyyətinə başladığı üçün dayandırılmışdır. Vətəndaşın xx.xx.2021-ci il tarixli yaşa görə sosial müavinətin bərpa olunması ilə bağlı müraciətinə əsasən xx.xx.2021-ci il tarixində yaşa görə sosial müavinəti bərpa edilmişdir. Sosial müavinət hüququna baxılan zaman və Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********514300 nömrəli məktubuna əsasən İddiaçı sosial müavinət aldığı xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək və xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN **********) olduğu məlum olmuşdur. Nəticədə sosial müavinətin ödənişi davam etməsi nəticəsində müavinətin və yaşa görə əmək pensiyasının ödənilməsi nəticəsində əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş sosial müavinətin və əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli, 38471 saylı Qərarının surətindən görünür ki, xx.xx.1959-cu il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 5.380,44 manat məbləğin bölünərək onun aylıq sosial müavinətindən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2016-cı il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir, lakin əmək fəaliyyətinə başladığı aşkarlandığı üçün sosial müavinətin ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Daha sonra iddiaçıya xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir, lakin əmək pensiyası hüququ olmadığı halda əmək pensiyası təyin edildiyi üçün ödəniş xx.xx.2021-ci il tarixində dayandırılmışdır. Daha sonra isə iddiaçının xx.xx.2021-ci il tarixli yaşa görə sosial müavinətin bərpa olunması ilə bağlı müraciətinə əsasən xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinəti bərpa edilmişdir. Cavabdeh tərəfindən iddiaçının sosial müavinət hüququna baxılan zaman xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək və xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək sosial müavinətin artıq ödənildiyi, həmçinin xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yaşa görə əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. Nəticədə xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi 5.380,44 manat artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş sosial müavinətin və əmək pensiyasının məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli, 38471 saylı Qərarına əsasən iddiaçıya xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 5.380,44 manat məbləğin bölünərək onun aylıq sosial müavinətindən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçının sosial müavinət və əmək pensiyasından tutulmaların aparılması üçün iddiaçının razılığı alınmamış, eyni zamanda bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə də müraciət edilməmiş və məhkəmə qərarı da mövcud deyildir. Məhkəmə qeyd edir ki, qanunvericilik normaları sosial müavinət və əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi sosial müavinət və əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Eyni zamanda məhkəmə qeyd edir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edə bilmədiyi hallarda («İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallarda) onun barəsində ödənilmiş sosial müavinət və əmək pensiyası məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır və məhkəmə hesab edir ki, cavabdehin iddiaçından asılı olmayan hallar nəticəsində sosial müavinət və əmək pensiyasının güman olunan səhv təyin edilməsi (hesablanması) belə, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəməyə təqdim edilmiş sənədlərdə cavabdehin güman etdiyi sosial müavinət və əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə, sosial müavinət və əmək pensiyasının səhv hesablanmasında iddiaçının hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd edilməmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, sosial müavinət və pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi sosial müavinət və pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın sosial müavinət və ya pensiyanı ehtimal olunan səhv hesablaması və səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsini istisna edir. İddiaçıdan asılı olmayan hallar nəticəsində sosial müavinət və əmək pensiyasının güman olunan səhv hesablanması zamanı bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi inzibati orqan tərəfindən sosial müavinət və əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş «Artıq ödənilmiş sosial müavinətin və əmək pensiyasının məbləğinin tutulması haqqında» xx.xx.2021-ci il tarixli 38471 nömrəli qərar ləğv edilsin və həmin qərara əsasən tutulmuş pul məbləğinin İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6039/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6039/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver