Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6039/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar X9, X7 və X4 cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli ******* nömrəli X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərarın, 30 sentyabr 2022-ci il tarixli ******* nömrəli X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərarın və 30 sentyabr 2022-ci il tarixli ******* nömrəli X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanınmaması barədə qərarın ləğv edilməsi və onlara mənsubiyyətlərinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının əsl iddiaçı X9, X7 və X7 ilə əvəz edilməsini, İddiaçıların qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar barəsində ilkin olaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar verilmiş, lakin sonradan həmin qərarlar cavabdeh tərəfindən ləğv edilərək mənsubiyyətin tanınmasından imtina edilmişdir. Halbuki cavabdehin mənsubiyyətinin tanınmasından imtinası əsassız və qanunsuzdur. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıların mənsubiyyəti tanınsa da işin təkrar araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar Rusiya Federasiyasına məxsus pasportlara malik olmuşdurlar. Onlarda vətəndaşsızlıq halı olmamış, başqa bir dövlətin vətəndaşları olmuşdurlar. Qanunvericiliyin tələbi ilə müəyyən edilir ki, vətəndaş digər dövlətin vətəndaşlığını könüllü qəbul etdikdə mənsubiyyəti tanınmamalıdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE 08913881 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X1 Federasiyasının vətəndaşıdır. X1 Federasiyasının pasportuna malikdir. xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 Federasiyasının vətəndaşıdır. X3 Federasiyasının pasportuna malikdir. xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X2 Federasiyasının vətəndaşıdır. X2 Federasiyasının pasportuna malikdir. 20 iyun 2022-ci il tarixli ******* nömrəli qərarı ilə 06 oktyabr 2007-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. 21 iyun 2022-ci il tarixli ******* nömrəli qərarı ilə 20 avqust 2005-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. 21 iyun 2022-ci il tarixli ******* nömrəli qərarı ilə 30 mart 2015-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. 30 sentyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ilə 06 oktyabr 2007-ci il təvəllüdlü X7 barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli ******* nömrəli qərarı ləğv edilmiş, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. 30 sentyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ilə 20 avqust 2005-ci il təvəllüdlü X9 barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli ******* nömrəli qərarı ləğv edilmiş, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. 30 sentyabr 2022-ci il tarixli ******* nömrəli qərarı ilə 30 mart 2015-ci il təvəllüdlü X8 barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli ******* nömrəli qərarı ləğv edilmiş, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun M a d d ə 5 . Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. M a d d ə 1 0 Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması. Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. M a d d ə 1 8 . Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydaları”nın: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2.Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 2.1.Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. 4.4.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçılar valideynin Azərbaycan Respublikası vətəndaşı olması və digər hallar nəzərə almaqla hesab edir ki, onların vətəndaşlığa mənsubiyyətinin tanınmasına dair qərarların ləğvi qanunsuz və əsassız olmuşdur. Cavabdehin mübahisələndirilən qərarların qəbuluna əsası isə ondan ibarətdir ki, iddiaçılar vətəndaşsızlıq halında olmamış, Rusiya Federasiyasının vətəndaşları olmuş və həmin ölkənin vətəndaşları kimi ölkə ərazisinə daxil olmuşdurlar. Mübahisələndirilən qərarların hüquqi əsası qismində isə iddiaçılar yuxarıda adıçəkilən Qaydanın 4.4-cü bəndinə istinad etmişdirlər. Həmin bəndin tələbi isə odur ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar, yəni Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi və Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi halları mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Göründüyü kimi bu adıçəkilən hallardan ən azı birinin mövcudluğu mənsubiyyətin tanınmasından imtina, tanınma həyata keçirilmişdirsə də həmin tanınmanı legitim edən inzibati aktın ləğv edilməsi üçün əsas hesab edilir. Hazırkı iş üzrə də məhz adıçəkilən əsas mövcuddur. Belə ki, iddiaçılar Azərbaycan Respublikası vətəndaşları olmasına baxmayaraq digər dövlətin vətəndaşlığını, yəni Rusiya Federasiyası vətəndaşlığını könüllü əldə etmişdirlər ki, cavabdeh də əsaslı olaraq təkrar araşdırma aparmaqla həmin halı müəyyən etməklə mənsubiyyətin tanınmasından imtinaya dair mövqe nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, bu zaman mütləq qaydada nəzərə alınmalıdır ki, iddiaçıların mənsubiyyətinin tanınması barədə qərarların 20-xx.xx.2022-ci il tarixlərə aid olması, iddiaçıların Rusiya Federasiyası vətəndaşlığını isə ondan əvvəlki tarixdə alması vəziyyəti iddiaçıların xeyrinə dəyişməyən haldır. Belə ki, iddiaçıların Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması 20-xx.xx.2022-ci il tarixlərə aid qərarlar əsasında həyata keçirilsə də həmin qərarlar mövcud olan halın tanınmasına aiddir ki, həmin hal, yəni Azərbaycan Respublikası vətəndaşlığına iddiaçıların mənsubiyyətinin tanınması onların doğulduğu andan yaranmışdır. Yəni, qərarlar 20xx.xx.2022-ci il tarixlərə aid olsa da iddiaçıların məhz doğulduğu andan mənsubiyyətinin olması həmin qərarla tanınmışdır ki, bu səbəbdəndir ki, maddədə adıçəkilən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi halı hazırkı mübahisə üzrə tətbiq edilə biləndir. Maddənin tələbindən də göründüyü kimi Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi mənsubiyyətin tanınmasından imtina əsasıdır. İddiaçılar isə 20-xx.xx.2022-ci il tarixlərə aid qərarla mənsubiyyətinin tanınmasına nail olsalar da həmin inzibati aktlar onların mənsubiyyətinin 20-xx.xx.2022-ci il tarixdən yox doğulduğu andan mövcud olması anlamına gəlir. Odur ki, Rusiya Federasiyası vətəndaşlığında qalma onların hansı tarixdə əldə edilib-edilməməsindən asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlığı tanınmış şəxsin mənsubiyyətinin tanınmasından imtinaya səbəb olacaqdır. Maddəyə qeyd olunan şərh edilməsə belə Rusiya Federasiyası vətəndaşlığının qəbulu cavabdehin etirazda qeyd etdiyi dəlillləri hər bir halda əsaslı edir. Belə ki, istər yuxarıda adıçəkilən Qanun, istərsə də Qaydaların tələbindən göründüyü kimi mənsubiyyətin müəyyən edilməsinin mahiyyətində digər hallarla yanaşı, həmçinin vətəndaşsızlıq vəziyyətinin aradan qaldırılması dayanır ki, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmalı olması həmin məntiqin nəticəsidir. Hazırkı halda isə iddiaçılarda vətəndaşsızlıq halı mövcud olmamış, iddiaçılar digər dövlətin vətəndaşlığını əldə etmiş şəxs statusunda olan şəxslərdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-296/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 qərarında da analoji mövqedən çıxış edilmişdir. Belə ki, oxşar işin halları mövcud olan lakin cavabdeh tərəfindən mənsubiyyətin tanınması həyata keçirilmiş şəxsin mənsubiyyətin tanınma barədə qərarın ləğvini tələbinə dair işə baxan Məhkəmə kollegiyası hesab etmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.4cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası işin hallarına göstərilən normaların işığında münasibət bildirərək qeyd edir ki, iddiaçı 15 fevral 1991- ildən etibarən daimi əsaslarla Rusiya Federasiyası, Xabarovsk vilayəti, Amursk şəhəri, Komsomolska küçəsi, ev 67, mənzil 179 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı hər hansı müraciəti olmamış, digər dövlətin vətəndaşlığını könüllü əldə etməklə hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Başqa sözlə iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri, o cümlədən kassasiya instansiya məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçıların Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsas olmuşdur. Cavabdehin ilkin olaraq inzibati aktları qəbul edərək mənsubiyyətin tanınmasını həyata keçirməsi, daha sonra isə həmin qərarları ləğv etməsi ilə bağlı isə aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Qanunun: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi inzibati orqanın öz təşəbbüsü inzibati icraatı başlamaq və qanunsuz hesab etdiyi inzibati akt ləğv etmək səlahiyyəti mövcuddur ki, iddiaçılar barəsində qəbul edilmiş ilkin inzibati aktların qanunsuz hesab edilərək ləğv edilməsinə dair cavabdehin öz təşəbbüsü təkrar inzibati araşdırma aparması və qanunsuz qərarları ləğv etməsi qanuni və əsaslı olmuşdur. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6039/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6039/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver