Məhkəmə qərarları › İş №2-1(112)-6039/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6039/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6039/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı doğum haqqında şədatənamənin təkrar verilməsi öhdəliyinin 5 saylı Bakı Cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X1 Əli adlı şəxslə ilə ailə qurmuşdur. Birgə nikahdan iddiaçı xx.xx.1933-cü ildə İddiaçı anadan olmuşdur. İddiaçının doğum haqqında şəhadətnaməsi 35 il bundan qabaq itmişdir. O, təkrar doğum haqqında şəhadətnamənin alınması üçün 5 saylı Bakı Cavabdehnə müraciət etmişdir Onlar iddiaçının şəxsiyyət vəsiqəsini tələb etmişdilər. Lakin onun şəxsiyyət vəsiqəsi olmadığından xx.xx.2024-cü il tarixli məktubla yaşadığı rayonun məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1933-cü il təvəllüdlü İddiaçı Ermənistan, Amasiya rayonunda doğulmaqla ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq X2 Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-974/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı doğumu haqqında akt qeydinin surətinin istənilməsinə dair müraciətinizə baxılmışdır. Ədliyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğum yerinin Ermənistan Respublikasının Amasiya rayonu olduğu müəyyən edilmişdir. Həmçinin bildiririk ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən İddiaçı doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Eyni zaman da bildiririk ki, Ermənistan Respublikasında tərtib edilmiş X2 qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində, eləcə də X2 reyestri xidmətinin arxivində saxlanılmadığından İddiaçı doğumuna dair məlumat verilməsi mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 Saylı Bakı Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, doğum haqqında akt qeydinin bərpası ilə bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001 -ci il tarixli 52 N-li Qərarı ilə təsdiq olunmuş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Nəzərinizə çatdırırıq ki, kifayət qədər sənəd təqdim etmədiyinizdən doğum haqqında akt qeydinin bərpası şöbəmiz tərəfindən mümkün olmamışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən əvvəllər olduğunu təsdiq edən sənədlərin və ya məhkəmənin qətnaməsinin olmadığını əsas gətirərək müraciətin təminindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etməklə hazırkı iddiasında xx.xx.1933-cü il təvəllüdlü Ermənistan, Amasiya rayonunda doğulmaqla ona doğum haqqında şəhadətanmənin təkrar verilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: - 159.1. X2 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 160.1. X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X2 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 160.2. X2 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. - 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. - 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 2-ci hissəsi X2 itmiş qeydlərinin bərpa qaydasını tənzimləyir. Həmin hissəyə əsasən X2 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (bənd 13). İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir (bənd 14). Sadalanan normalardan görünür ki, qanunverici vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini təsbit edir. Akt qeydinin bərpasına gəldikdə isə istər Ailə Məcəlləsi, istərsə də Əsas Müddəalar bərpanın iki qaydasını müəyyən edir:

1. qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olduqda ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpa edilməsi;

2. itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edilməsi. İşin hazırkı halından görünür ki, iddiaçının doğumunun qeydə alınmasına dair akt qeydi qeydiyyat şöbəsində aşkar olunmamışdır. Belə ki, iddiaçı Ermənistan doğumludur və iddiaçı təkrar doğum şəhadətnaməsini istəməklə bilavasitə doğum haqqında akt qeydinin bərpasını tələb edir. Deməli, doğum haqqında şəhadətnamənin verilməsi üçün akt qeydi mövcud olmalı, akt qeydinin bərpası üçün isə məhkəmə qaydasında doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Belə bir faktın müəyyən edilməsi isə inzibati deyil, mülki mühakimə icraatı qaydasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X2, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X2 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X2 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X2 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericilik təkrar şəhadətnamənin akt qeydi əsasında verildiyini, akt qeydi mövcud olmadığı halda akt qeydinin məhkəmə qaydasında bərpasını yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilmə faktının müəyyən edilməsi yolu ilə nəzərdə tutduğundan, belə bir ərizəyə isə inzibati mühakimə icraatı qaydasında baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar