Məhkəmə qərarları › İş №2-1(112)-6039/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6039/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6039/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Ağasadəx Gəraybəyli küçəsi, 37A saylı binanın 72 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1108, ünvan 2 yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə müvfiq inzibati akt qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi ev 37A, mənzil 72 (Yeni qaydalarla: AZ1108, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.40 kv.m olan mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2024-cü il tarixdə çıxarış verilmişdir. Həmin mənzillə bağlı DƏKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Texniki pasport tərtib edilmiş və mənzilin ümumi sahəsinin 60.40 kv.m olması öz əksini tapmışdır. İddiaçıya məxsus qeyd edilən mənzil uzun müddətdir qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona məxsus mənzilin təyinatının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan müraciətə cavab olaraq bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış sahəsi binanın layihəsindən kənara çıxdığına görə məsələnin müsbət həlli imkan xaricindədir və mümkün deyildir. İddiaçı hesab edir ki, cavabdehin müraciətdən imtina etməsi qanunsuz olmuşdur və heç bir hüquqi əsasa söykənmir. Belə ki, cavabdeh iddiaçının arzu etdiyi inzibati aktın qəbul edilməsindən imtina edilməsinin səbəbini qeyd etsə də, hüquqi cəhətdən heç bir əsaslandırma aparmamış, müraciətin təmin edilməsindən imtina etməsini qanuni şəkildə əsaslandırmamışdır. Həmçinin, qeyd edilməlidir ki, qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulan yaşayış sahəsinin memarlıq-planlaşdırma cizgi sxemi tərtib edilmiş və həmin plandan da görünür ki, mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün heç bir maneə yoxdur, 3-cü şəxslərin hüquqlarına xələl gətirmir və daha əlverişlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının yaşayış sahəsinə bitişik tikilmiş əlavə sahəsi binanın əsas layihəsindən kənara çıxdığına görə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçməsi mümkün deyildir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ağasadəx Gəraybəyli küçəsi, 37A saylı binanın 72 nömrəli mənzili (Yeni qaydalarla: AZ 1108, ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadəx Gəraybəyli küçəsi, 37A saylı binanın 72 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1108, ünvan 2 binanın 1-ci mərtəbəsində yerləşir, otaqların sayı - 3, ümumi sahəsi 60,4 kv. metr, yaşayış sahəsi 46,2 kv.metr təşkil edir. İş materiallarına mənzilin memarlıq və planlaşdırma bölməsi əlavə edilmişdir. “X1” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 58 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadəx Gəraybəyli küçəsi, 37A saylı binanın 72 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1108, ünvan 2, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan daşınmaz əmlakın yaşayış binasının birinci mərtəbəsində yerləşməsi, daşınmaz əmlaka müstəqil giriş-çıxış yolunun mövcudluğu və daşınmaz əmlakın sənəd üzrə ümumi sahəsinin 60,40 kv.m təşkil etdiyi müəyyən olunur. İddiaçı mülkiyyətində olan daşınmaz əmlaka dair tərtib edilmiş plan-sxem rəyə əlavə olunur. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan daşınmaz əmlaka gediş-gəlişin, həmin ünvanda yerləşən digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olduğu müəyyən edilir. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan daşınmaz əmlakın mövcud vəziyyətdə istifadə olunması, əmakın yerləşdiyi binanın konstruktiv elementlərinin dayanıqlığına və möhkəmliyinə, binanın xarici görünüşünə, memarlıq üslubuna və təhlükəsizliyinə xələl gətirə biləcəy hər hansı amil aşkar olunmadı. İşin obyektiv araşdırılması üçün iddiaçının mülkiyyətində olan mənzilə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mənzil 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Mənzilin giriş-çıxışı birbaşa küçəyə açılır. Mənzil iç-içə olan iki otaqdan, sanitar qovşaq, hamam otağı, mətbəx və kiçik dəhlizdən ibarətdir. Mənzilin binanın daxilinə açılan girişi bağlanmışdır və giriş-çıxış kimi yalnız küçəyə açılan qapıdan istifadə edilir. Mənzil kombi ehtiyat hissələrinin satışı mərkəzi kimi fəaliyyət göstərir. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaya yazılı etirazda qeyd edilən əsaslar göstərilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir (20.1). Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir (20.2). Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir (20.3). Qeyd edilən normaların məzmunundan göründüyü kimi yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün həmin qeyri-yaşayış sahəsinin ayrıca (yaşayış sahələrinə aid olmayan) gediş-gəliş imkanı olmalı, həmin sahə mənzilin tərkib hissəsi kimi qalmamalı, həmin sahənin mülkiyyətçisi tərəfindən yaşayış yeri kimi istifadə olunmamalı, başqa şəxslərin hüquqları ilə yüklü edilməməli, çoxmənzilli binanın tərkib hissəsi olduqda binanın birinci mərtəbəsində yerləşməli, yuxarı mərtəbələrdə yerləşdikdə isə həmin sahənin altında yaşayış sahəsi olmamalıdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadəx Gəraybəyli küçəsi, 37A saylı binanın 72 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1108, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və başqa şəxslərin hüququları ilə yüklü deyildir. Həmin mənzil binanın birinci mərtəbəsində yerləşir. Yaşayış sahəsi olsa da faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. “X1” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 58 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilir ki, mənzilin binanın birinci mərtəbəsində yerləşməsi, daşınmaz əmlaka müstəqil giriş-çıxış yolunun mövcudluğu və daşınmaz əmlakın sənəd üzrə ümumi sahəsinin 60,40 kv.m təşkil etdiyi müəyyən olunur. Mənzilə gediş-gəlişin, həmin ünvanda yerləşən digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olduğu müəyyən edilir. Mənzilin mövcud vəziyyətdə istifadə olunması, əmakın yerləşdiyi binanın konstruktiv elementlərinin dayanıqlığına və möhkəmliyinə, binanın xarici görünüşünə, memarlıq üslubuna və təhlükəsizliyinə xələl gətirə biləcəy hər hansı amil aşkar olunmadı. Mənzil Məcəlləsində həmçinin göstərilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir (21.1). Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı (21.2). Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir (21.3). Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir (21.4). Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır (21.5). İşdən görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə qanunla müəyyən edilmiş qaydada cavabdehə müraciət etmişdir. Cavabdeh imtina cavabında mənzildə əlavə sahələrin inşa edildiyini qeyd etmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə göndərilmiş inzibati icraat materialında qeyd edilən halı təsdiq edən hər hansı sübut və ya bununla bağlı araşdırma materialı aşkar edilməmişdir. Mənzil Məcəlləsində göstərilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda (22.1). Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır (22.2). Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər (22.3). Göründüyü kimi cavabdeh iddiaçının müraciətinə imtina cavabı verərkən qanunvericiliyin yuxarıda qeyd edilən heç bir müddəasına əsaslanmamışdır. İddiaçının tələbinin təmin edilməməsi üçün isə qanunda nəzərdə tutulmuş halların hər hansı biri mövcud deyildir. Göründüyü kimi iddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadəx Gəraybəyli küçəsi, 37A saylı binanın 72 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1108, ünvan 2 qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadəx Gəraybəyli küçəsi, 37A saylı binanın 72 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ 1108, ünvan 2 qeyriyaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar