Məhkəmə qərarları › İş №2-1(112)-604/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-604/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-604/2025 07.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək torpaq sahəsinin onlara məxsus olmasını təsdiq edən qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 84 saylı torpaq sahəsinə məxsus olan sənədləri “Nord” bağçılıq yoldaşlıq qurumnan alınmışdır və cavabdehə təqdim etmişdir. Cavabdehdən verilən cavab görə iddiaçının atasının adı bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı aşkar edilməmişdir.Həmin bağ sahəsi xx.xx.1988-ci ildən atasına verilib və o vaxtdan onların istifadəsindədir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X3 adı aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən sahəsi 500 kv.m olan 84 saylı bağ sahəsinə mülkiyyət hüquqlarının mərhum X6 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 35 saylı Notariat Ofisinin Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli X-296 nömrəli məktubunda bildirilmişdir ki, icratımızda olan vərəsəlik işi ilə əlaqədar xx.xx.2015-ci ildə vəfat etmiş - X3 vərəsəsi oğlu - İddiaçıdur. Odur ki, X3 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Nord bağları, 84-saylı bağ sahəsi ünvanında yerləşən 500 kv.m. torpaq sahəsinə dair Çıxarış verməyinizi Sizdən xahiş edirik: Çıxarışı (Arayışı) sorğunu təqdim edən şəxsə verməyinizi rica edirik. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********03 nömrəli məktubu ilə “Nord” bağçılıq yoldaşlıq üzvlərinin siyahısının, bölgü sxeminin, qərarın və ayrıc aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********540 nömrəli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən torpaq sahəsinin (423 nömrəli bağ-topraq sahəsinin uyğun gəldiyi ərazi göstərilməklə) sxematik xəritəsinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********85 nömrəli məktubu ilə Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 84 saylı torpaq (bağ) sahəsi və onun ətrafında qonşu torpaq sahələri göstərilməklə ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. -Təqdim edilmiş ortofoto görüntüdən görünür ki, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin ətarfında 85, 101/709, 100 nömrəli bağ sahələri yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********41 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 500.0 kv.m, faktiki olaraq 507.0 kv.m-dır, Göstərilən bağ sahəsi hasar daxilindədir. Darvazası yoxdur. Sahədə uçuq tikili var. Sahənin koordinatları əlavə olundu. Arxivin qeydi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********72 nömrəli məktubu ilə “Nord” bağçılıq yoldaşlıq birliyinin nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 85, 100, 101/709 saylı bağ sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Azərsilah” X5” QSC "xxxx" X1 İdarəetmə Şöbəsinin xx.xx.2024-cü il tarixli 105/181 nömrəli məktubu ilə Bakı şəhəri, Hövsan bağ massivində yerləşən 84 saylı bağ-torpaq sahəsi ilə bağlı Bakı şəhər XDS-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarının surəti , Akt N 7 a, xx.xx.1988-ci il tarixli 4 nömrəli protokolun qoşması ilə surəti, X4 üzvlük kitabçasının surəti, Torpaq sahəsinin bölgü sxeminin surəti, Bağçılıq-Yoldaşlıq kollektivi üzvləri haqqında məlumatın surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərin surətindən görünür ki: - X4 üzvlük kitabçasının surətinə əsasən Nord Bağçılıq-Yoldaşlıq kollektivinin üzvü olan Bağçılıq-Yoldaşlıq kollektivi X6 500 kv.m sahəsi olan 84 nömrəli bağ sahəsi xx.xx.1988-ci il tarixli protokol əsasında ayrılmışdır. - Bağçılıq-Yoldaşlıq kollektivi üzvlərinin siyahısında 17-ci sırada X4 adı və ona ayrılımış bağ sahəsinin nömrəsi -84 qeyd edilmişdir. - Bağçılıq-Yoldaşlıq kollektivi üzvləri haqqında məlumatından görünür ki, Bakı şəhər XDS-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarına əsasən Hövsan qəsəbəsində yerləşən Bağçılıq Yoldaaşlıq kollektivi üzvlərinə verilmiş torpaq sahələrinin siyahısında (ilkin siyahı) X4 adı 84 sırada qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********35 nömrəli məktubunda bildirilmişdir ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X3 adı aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 nömrəli qərarı ilə X6 Nord Bağçılıq-Yoldaşlıq kollektivinin üzvü kimi Hövsan bağ massivində 500 kv.m ölçüdə 84 nömrəli bağ torpaq sahəsi ayrılmış, bu barədə ona üzvlük kitabçası verilmiş və o, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmişdir. Beləliklə, Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 nömrəli qərarı əsasında verilmiş adıçəkilən bağlar təsərrüfatı idarəsinin üzvlərinin siyahısı və üzvlük kitabçası Hövsan bağ massivində 500 kv.m ölçüdə 84 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Məhkəmənin sorğusuna cavab olaraq “Azərsilah” X5” QSC "xxxx" X1 İdarəetmə Şöbəsinin xx.xx.2024-cü il tarixli 105/181 nömrəli məktubu ilə təqdim edilmiş Bağçılıq- Yoldaşlıq kollektivi üzvləri haqqında məlumatda və üzvlərinin siyahısında iddiaçının adı mövcuddur. İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin qanuni istifadəsində olması halı müəyyən edilməmişdir. Beləliklə, cavabdehin idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X3 adının aşkar edilməməsi dəlili əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən sözügedən bağçılıq yoldaşlığına aid arxiv qovluğunda olan Nord bağçılıq yoldaşlığın üzvlərinin siyahısı təqdim edilmiş və həmin siyahıda X3 oğlunun adının olmaması mümkündür. Belə ki, Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarı əsasında “Nord” birliyinin 200 üzvünə torpaq sahəsi ayrılmış, 131 üzvə torpaq sahəsinin ayrılması barədə siyahı tərtib olunmuş, sonradan “Nord” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının 200 üzvünə torpaq sahəsinin verilməsi ilə bağlı siyahı yenilənmişdir. Bağ torpaq sahəsini ayıran qurum-“Azərsilah” X5” QSC "xxxx" X1 İdarəetmə Şöbəsi tərəfindən təqdim edilmiş yeni siyahıda mərhum X7 84 saylı bağ sahəsi ayrıldığı qeyd edilmişdir. İddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən üzvlük kitabçası olduğu təqdirdə, cavabdehin arxivində olan siyahıda üzvlərin siyahısında adının olmaması əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının cavabdeh orqanda olmaması (ona təqdim edilməməsi) iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Belə ki, nə siyahının tərtib edilməsi, nə də onun yenilənməsi iddiaçının məsuliyyət dairəsinə aid deyil. İddia olunan bağın yerləşdiyi ərazinin ortofoto görüntüsündən də görünür ki, iddiaçının 84 saylı bağ sahəsi kimi naturada təqdim etdiyi bağ sahəsinin qonşuluğunda 85 saylı bağ sahəsi yerləşir. Ortofoto görüntüdə iddia olunan naturadakı bağ sahəsinin qonşuluğunda olan bağların nömrələrinin qarışıq şəkildə yerləşdiyi görünür. Bu halda mübahisəli ərazidə bağların hansı ardıcıllığa uyğun yerləşdirildiyi, hansı sxematik xəritədə yerləşmə vəziyyətinə uyğun qeydiyyata alındığı bilavasitə müəyyən olunmur. Ən azından eyni sırada iddiaçının iddia etdiyi 85 nömrəli bağ sahəsinin ətrafındakı bağ nömrələrinin ardıcıllığına 84 saylı bağ sahəsinə uyğun yerləşdiyi qənaətinə gəlinməsi mümkündür. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Hövsan bağ massivində 500 kv.m ölçüdə 84 saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının mərhum atasının naturada (faktiki) istifadəsinə təhvil verildiyi müəyyən olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən sahəsi 500 kv.m olan 84 saylı bağ sahəsinə mülkiyyət hüquqlarının mərhum X7 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən sahəsi 500 kv.m olan 84 saylı bağ sahəsinə mülkiyyət hüquqlarının mərhum X7 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar