Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6041/2023 17.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, “Məhsul” bağçılıq-yoldaşlığından ayrılmış faktiki və qanuni istifadəsindəki 410 nömrəli 0,06 ha ölçülü bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqularının adına qeydiyyatının aparılması öhdəliyinin və həmin 0,06 ha ölçülü torpaq sahəsi ilə bağlı çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsində işləmişdir. 2007-ci ilin may ayında ərizə ilə o zamankı Kənd Təsərrüfatı nazirinə müraciət edərək həmin Nazirliyin “Məhsul” bağçılıq-yoldaşlığından ona torpaq sahəsi ayrılması xahiş etmişdir. Müraciətinə baxılmış və məsələ müsbət həllini tapmışdır. Belə ki, Nazirlikdə X3 Mənzil-məişət komissiyasının xx.xx.2007-ci il tarixli iclasının qəran ilə o, “Məhsul” bağçılıq-yoldaşlığın üzvlüyünə qəbul edilmiş və ona Türkan bağlarından bağ sahəsi aynlmışdır. Bununla əlaqədar rəsmi sənəd olaraq ona komissiyanın xx.xx.2007-ci il tarixli 04N-li iclas protokolundan çıxarış təqdim edilmişdir. Yoldaşlığa üzvlüyü ilə bağlı ona 410 nömrəli bilet də verilmişdir. Müvafiq sənədləşmə əsasında ona “Məhsul” bağçılıq-yoldaşlığına məxsus olub Türkan bağlarında yerləşən torpaq sahəsindən 0,06 ha ölçülü torpaq sahəsi verilmiş və ixtiyarına təqdim edilmişdir. Həmin bağ sahəsinin nömrəsi 410 nömrəli idi və bununla bağlı ona təsdiqli yerləşmə cizgisi də təqdim edilmişdi. O, 2017-ci ildə bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı DƏDRX-nin Bakı Ərazi İdarəsinə ilkin olaraq müraciət etmişdir. O zaman guya 410 nömrəli bağ sahəsinin əldə edilməsinin qanuniliyində şübhələr olması əsası ilə sənədləri hüquq mühafizə orqanlarına göndərilmişdi. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılma aparılmış və müəyyən edilmişdir ki, sənədləri qaydasındadır, heç bir qanun pozuntusu halı mövcud deyildir. İdarənin ona verdiyi arayışda göstərilmişdir ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində X3 Mənzil-məişət komissiyasının xx.xx.2007-ci il tarixli 04 nömrəli iclas protokoluna əsasən İddiaçı “Məhsul” bağçılıq yoldaşlığının Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 600kv.m. sahəsi olan 410 nömrəli bağ sahəsi ayrılmışdır. 2017-ci ilin mart ayında “Məhsul ” bağçılıq yoldaşlığının sədri tərəfindən Mənzil-məişət komissiyasının xx.xx.2007-ci il tarixli 04 nömrəli iclas protokolundan çıxarış verilərkən texniki səhv olaraq protokolun tarixi “04 mart 2007-ci il’' kimi göstərilmiş və çıxarışın verilmə tarixi qeyd edilmişdir. Araşdırma zamanı İddiaçı və qeyrilərinin əməllərində cinayət tərkibi müəyyən edilməmişdir”. Həmin arayışa qoşma olaraq müvafiq sənədlər də oan təqdim edilmişdir. Qoşma sənədlərdən görünür ki, “Məhsul” bağçılıq-yoldaşlıqla və nazirliklə əlaqəsini itirmiş, nizamnamə şərtlərinə əməl etməyən üzvlərin torpaqdan istifadə hüququna Kənd Təsərrüfatı Nazirliyində X3 Mənzil-məişət komissiyasının xx.xx.2006-cı il tarixli 01 nömrəli qəran ilə xitam verilmişdir. Həmin siyahıda qeyd edilən bağ sahələrinin bir hissəsi Nazirliyə müraciət etmiş əməkdaşlara verilmişdir ki,bunlardan biri də o olmuşdur. Beləliklə, surətlərini hazırki ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, bağ sahəsi əldə etməsi tam qanuni olmuşdur. Bildirimişdir ki, faktiki, hüquqi sahibliyin və qanuni istifadəçiliyi heç vaxt hər hansı fiziki şəxs və ya dövlət orqanı tərəfindən mübahisələndirilməmişdir. Torpaq sahəsi ilə bağlı kiminləsə hər hansı mübahisəsi yoxdur, bağa qarşı hər hansı şəxsin iddiası, tələbi yoxdur, bağ mübahisəsiz qaydada ona məxsusdur. Onun torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən sənədi vardır və torpaq sahəsi də faktiki sahibliyində və istifadəsindədir. Belə bir halda, sözügedən torpaq sahəsi ilə bağlı hüquqları tanınmalı və qeydiyyata alınmalıdır. Göstərdiklərini əsas tutaraq, bir müddət bundan əvvəl - 2022-ci ilin oktyabr ayında hüquqlarının qeydiyyatı üçün yazılı ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Artıq üstündən 1 (bir) aydan çox zaman keçməsinə baxmayaraq ərizəsi cavablandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2021-ci tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Məhsul” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********19 nömrəli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1944-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Məhsul” Bağçılıq Yoldaşlığın üzvlük kitabçasından görünür ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Komissiyasının 04 nömrəli xx.xx.2007-ci il tarixli qərarına əsasən yoldaşlığın üzvlüyünə qəbul edilib və Türkan ərazisində 410 nömrəli 600 kv.m ölçüdə torpaq sahəsi sahə ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində X3 mənzil-məişət komissiyasının xx.xx.2007-ci tarixli 04№li iclas protokolundan Çıxarışdan görünür ki, İddiaçı yoldaşlığın üzvülüyünə qəbul edilməsi və ona Türkan bağlarından bağ sahəsi ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı 410 nömrəli bağ sahəsinin öz əksini tapdığı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Türkan bağ massivi B sektorunun “Məhsul” Bağçılıq Yoldaşlığın möhrü ilə təsdiqlənmış planından görünür ki, 410 nömrəli bağ sahəsi 409 və 411 nömrəli bağ sahələrinin qonşuluğunda yerləşdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 4 nömrəli Kənd Təsərrüfatı Nazirliyinin X3 Mənzil-Məişət Komissiyasının iclas Protokolundan görünür ki, X3 Mənzil Məişət Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli iclasının qərarı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73 maddəsinə əsasən torpaqdan istifadə hüququna xitam verilmiş üzvlərin “Məhsul” X2 bağ massivində istifadəsiz qalmış sahələri qərara əlavə edilmiş siyahı üzrə Nazirliyin əməkdaşlarına verilsin və onlar “Məhsul” Bağçılıq Yoldaşlığın üzvlüyünə qəbul edilməsi qərara alınmışdır. X3 Mənzil-Məişət Komissiyasının xx.xx.2007-ci il tarixli 4 nömrəli iclas protokoluna əlavə edilmiş “Məhsul” bağçılıq yoldaşlığının üzvülüyünə qəbul edilmiş və Türkan bağ massivindən bağ sahəsi ayrılmış 8 nəfərlik siyahıda İddiaçı adı 3-cü sırada qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********39 nömrəli məktubunda bildirilmişdir ki, “Məhsul” bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, 0.06 hektar torpaq sahəsi olan 410 nömrəli bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq arxiv qovluğunda mövcud olan “Məhsul” bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısının təqdim olunmuşdur. Təqdim olunmuş Kənd Təsərrüfatı Nazirliyinin «MƏHSUL» Bağçılıq yoldaşlığının Türkan bağ massivində şəxsi mülkiyyətə çevrilməsi nəzərdə tutulan torpaq istifadəçilərinin siyahılarında, ən sonuncu 210 nəfərlik adlı siyahıda İddiaçı adı qeyd edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********54 nömrəli məktubu ilə göndərilmiş Xəzər rayonu, Türkan bağ massivində yerləşən 410 saylı bağ sahəsinin xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpağın ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə - 0,06 ha və faktiki – 0,0627 ha-dır (27 kv.m artıqdır). Bağ sahəsinin sərhədləri üç tərəfdən mişar daşı ilə hasarlanıb, bir tərəfdən isə bir hissəsi mişar daşından hasarla, digər hissəsi isə şərtidir (411 saylı bağ tərəfdən). Tikili yoxdur. Təkrar müraciət olduğundan, sorğu vərəqəsi ərizəyə əlavə edilmədi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-22/2-1585/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Məhsul” bağçılıq-yoldaşlıq təsərrüfatı cəmiyyəti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 410 nömrəli, 0.06 ha torpaq sahəsinin vətəndaş İddiaçı ayrılması və ondan əvvəl digər şəxsin istifadəsinə verilməsinə dair hüquqmüəyyənedici sənədlərin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı xx.xx.2007-ci il tarixli 04 nömrəli protokoluna əlavə olunmuş siyahının, eləcə də digər müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə sorğuya baxılmışdır. Bildiririk ki, sorğuda qeyd edilən sənədlər aşkar edilmədiyindən müvafiq məlumatların təqdim edilməsi Nazirliyin imkanı xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən, “Məhsul” bağçılıq-yoldaşlığı nəzdində 0,06 ha ölçüdə 410 nömrəli bağ torpaq sahəsinə dair hüququn qeydiyyatını mübahisələndirsə də adı həmin bağçılığın üzvlərinin sonuncu 210 nəfərlik siyahısına daxil edilməmişdir. İddiaçının istinad etdiyi Məhsul bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilmə və müvafiq bağ sahəsinin ayrılması barədə bağçılıq üzvünün kitabçası, eləcə də Daimi Mənzil Məişət Komissiyasının bağçılığın iclas protokolu 30 may 2007-ci il tarixlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamında qeyd olunmuşdur ki:
1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin. 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün;
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Sərəncam imzalandığı 22 may 2007-ci il tarixdən qüvvəyə minmiş, eyni zamanda sərəncamın özündə bu sərəncamadək, yəni xx.xx.2007-ci il tarixədək vətəndaşların qanuni istifadələrinə ayrılmış torpaq sahələrinin rəsmiləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi qərara alınmışdır. Başqa sözlə, xx.xx.2007-ci il tarixdən və həmin tarixdən sonra mərkəzi icra hakimiyyəti orqanlarının nəzdində bağçılıq yoldaşlıq təsərrüfatları ləğv edildiyindən belə bir təsərrüfatların bağ torpaq sahəsi ayırmaq və ya hər hansı əməkdaşı bağçılıq üzvülüyünə qəbul etmək səlahiyyəti olmamışdır. Dolayısı ilə ləğv edilmiş Məhsul Bağçılıq yoldaşlıq təsərrüfatının (Mənzil Məişət Komissiyasının) xx.xx.2007ci il tarixdə torpaq ayırmaq səlahiyyəti olmadığı halda hazırkı iddiaçının bağçılıq üzvlüyünə qəbulu barədə qəbul etdiyi qərar, verdiyi üzvlük kitabçası bağ sahəsinə dair qanunla tələb olunan hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin də birbaşa tələbi hüququn qeydiyyatı üçün məhz 2007-ci il mayın 22-dək bağ təsərrüfatı idarələri tərəfindən verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın təqdim edilməsi barədədir. Başqa sözlə, ləğv edilmiş Məhsul bağçılıq yoldaşlıq təsərrüfatının xx.xx.2007-ci il tarixdə bağ torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır. İddiaçının iddia etdiyi bağ sahəsinin ona adıçəkilən xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamın tələbinə müvafiq olaraq xx.xx.2007-ci il tarixdən əvvəl ayrılmasını təsdiq edən nə faktiki, nə də hüquqi əsas hazırkı iş üzrə müəyyən edilməmişdir. Məhkəmə sorğusu ilə əldə edilmiş, iddiaçı tərəfin də istinad etdiyi eyni tarixli protokolla ayrılmış bağ sahələrinə dair digər şəxslərin hüquqlarının qeydiyyata alındığı halda cavabdeh orqan tərəfindən iddiaçının eyni sənədə istinad edərək hüququn qeydiyyatdan imtinasının iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması kimi əsaslandırması ilə bağlı məhkəmə razılaşmır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********64 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki, “Məhsul” b/y nəzdində xx.xx.2007-ci il tarixli 04 nömrəli protokolla 8 nəfərin adına bağ sahəsinin ayrıldığı, onlardan yalnız ikisininhəmin vaxt Kənd Təsərrüfatı naziri və nazir müavini olmuş şəxslərə ayrılmış bağ sahələrinə dair sonuncuların adlarına qeydiyyatın aparılması eyni siyahıda olan iddiaçının hüququnun qeydiyyatına əsas vermir. Belə ki, əvvəla qeyd edilməlidir ki, inzibati orqanın inzibati praktikası məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyildir. Bundan əlavə nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 12 və 13-cü maddələrinə əsasən yalnız qanuna əsaslanan hüquq və inzibati praktikaya münasibətdə bərabərlik və etimad hüququ qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, hazırkı iş üzrə iddia edilən torpaq sahəsi ilə bağlı Qanunun 8.0.7-ci maddəsində sadalanan torpaqayırma sənədləri təqdim edilmədiyindən cavabdehin torpaq sahəsinə dair hüquun qeydiyyatından imtinası qanunazidd hesab edilməməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuş, iddiaçı tələbinin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova