Məhkəmə qərarları › İş №2-1(112)-6041/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6041/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6041/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 5 saylı evin mülkiyyət hüququnun mərhum Gülxanım Həsən qızına məxsus olması haqqında arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 5 saylı evin mülkiyyət hüququnun mərhum Gülxanım Həsən qızına məxsus olması haqqında arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İddianın əsaslandırılması:

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum nənəsi Gülxanım Həsən qızı xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. Gülxanım Həsən qızının mülkiyyətində Bakı şəhəri, M.Mənsur küçəsi ev 77/75 saylı (köhnə:2-ci milis rayonu, Tver küçəsi ev 77) ev vardır. Həmin evin alınmasına dair Bakı 2 saylı Notariat ofisində 08 sentyabr 1929-cu il tarixdə 4390 reyester nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmışdır. O, həmin evdə pasport qeydiyyatdadır və orada yaşayır. Bunu təsdiq edəcək sübutu təqdim etmişdir. Hazırda həmin evdə yaşamaqla evin komunal xidmətlərə görə ödənişini də o ödəyir. X2 da 24 noyabr 1994-cü il tarixdə vəfat etmişdir. Mərhum nənəsindən qalmış miras əmlakı qəbul etmək üçün Bakı şəhəri, 24 saylı notariat ofisinə müraciət etmiş və vərəsələrin dairəsi araşdırılaraq vərəsə kimi müəyyən edildikdən sonra Bakı şəhəri, 24 saylı Notariat Ofisi 08 may 2024-cii il tarixdə 293 saylı məktubla Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 77/75 (köhnə: 2-ci milis rayonu, Tver küçəsi, ev 77) ünvanda yerləşən fərdi yaşayış evinə arayış verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəf həmin məktuba xx.xx.2023-cü il tarixli **********97 saylı məktubla cavab verərək guya xx.xx.1929-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Gülxanım Həsən qızının adına qeydiyyata alınaraq sonradan digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Buna görə də arayışın verilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Bundan başqa vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh idarəyə Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi ev 77/75 evin mülkiyyətçisi (hazırda kimin mülkiyyətində olması) barədə məlumatın verilməsi xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq isə xx.xx.2024-cii il tarixdə cavab verilərək, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi 77775 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi qarşı tərəf eyni məzmunlu sorğuya müxtəlif cavablar vermişdir. Göstərilənlərə əsasən, cavabdehin imtinası əsassızdır. Evin kommunal xidmətlər onun tərəfindən ödənilir və hər hansısa şəxs tərəfindən evlə bağlı mübahisə olmamış və onu heç kim narahat etməmişdir. Ümumiyyətlə cavabdehin imtinasında göstərilən şəxs və ya şəxslərin bura heç bir aidiyyəti yoxdur. Mənzilə dair bu günə kimi mübahisə olmamışdır. Mənzildən qanuni əsaslarla istifadə etmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etirazı):

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********97 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq, idarənin arxiv məlumatlarına əsasən müvafiq ünvanda yerləşən fərdi yaşayış evi təqdim edilmiş xx.xx.1929-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Gülxanım Həsən qızının adına qeydiyyata alınmış daha sonra isə Səbail Rayon Xalq Məhkəməsinin 2-766 nömrəli, 1998-ci il tarixli qətnaməsi əsasında digər fiziki şəxs X5 adına özgəninkiləşdirilmişdir. İdarənin mütəxəsissləri tərəfindən texniki baxış keçirilən zaman fərdi yaşayış evinin bir hissəsinin sökülüb yararsız vəziyyətdə olduğu məlum olmuşdur. Bu səbəbdən də, qeyd edilən fərdi yaşayış evin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir.

Tərəflərin iştirakı və izahatları:

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

İddiaçıya məxsus AЭ seriyalı ******* №-li “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə Səlyan rayonu, Xıllı kəndində doğulmuşdur. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1951-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, ünvan 1 ünvanında qeydiyyatdadır – İddiaçı (qeydiyyatda başqa şəxslər yoxdur). AZ-İİ seriyalı 364640 №-li “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Gülxanım Həsən qızı xx.xx.1975-ci ildə ölmüşdür. İİ-ЖГ seriyalı 493138 №-li “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.1994-cü ildə ölmüşdür. xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən, İddiaçı ilə “X11” MMC arasında bağlanılmış hazırkı müqavilənin predmeti: Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 77/75 ünvanında yerləşən, ümumi sahəsi 170.8 kv.m olan, 8 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. İş materiallarına mübahisəli fərdi yaşayış evin fotoşəkilləri əlavə edilmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-TA/2-T- 66-6-87/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Zaqafqaziya şiə ruhaniyyə idarəsi” fondunun sənədlərində Bakı şəhəri üzrə 1910-cu ilə dair doğum aktlarının qeydiyyat kitabında Həmid Muxtar oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur: doğum tarixi 10 iyul 1910-cu il; valideynləri: atası – Muxtar Abbas oğlu, anası – Gülxanım Həsən qızı. Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli, 3-16-5/6-13-A-48/24 №-li məktubundan görünür ki, xx.xx.1929-cu il tarixli, 4390 reyestr nömrəli müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Dublikatın üzərində müvafiq qeydlər aparılaraq İddiaçı təqdim edilmişdir: - Sözügedən müqavilədən görünür ki, bir tərəfindən satıcı adlandırılacaq X7, digər tərəfdən alıcı adlandırılacaq Gül-xanım Həsən qızı aşağıdakılar barədə alqı-satqı müqaviləsi bağladılar: Bakı Sovetliyinin Kommunal Təsərrüfatı TŞ nəzdində evlər idarəsinin qeydiyyatı tərəfindən xx.xx.1929-cu il tarixdə verilmiş arayış üzrə Bakı şəhəri, ikinci polis rayonu, Tver küçəsi, 77 №-li, 8 otaqdan, bir qaleriyyadan və 6 köməkçi otaqdan ibarət binanın alıcı yalnız altıda bir hissəsinı olan hüququ mövcudur. - Bakı Fəhlə, Kəndli, Qırmızı Ordu və X3 İcraiyyə Komitəsinin Daşınmaz Əmlakın Kommunal Təsərrüfatları şöbəsinin 23 iyul 1929-cu il tarixli Ağa X8 verilmiş arayışına əsasən,( arayış Kitab 152, səh.5122) Bakı şəhəri, ikinci polis rayonu, Tver küçəsi, 77-də 114 kv.metr torpaq sahəsinin üzərində yerləşən mülk tikililərdən ibarətdir: A tikili və B tikili. - 8 sentyabr 1929-cu il tarixli Bakşəhərnotariat kontoru tərəfindən təsdiq edilmiş müqaviləyə əsasən, 4390 reyestrinə uyğun olaraq sənəddə göstərilmiş mülkün 1/6 hissəsini X6 X1. Bakı şəhəri 24 saylı Notariat ofisi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 293 №-li məktubdan görünür ki, xx.xx.1975-ci il tarixində vəfat etmiş Gülxanım Həsən qızının Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə nəvəsi İddiaçı müraciəti daxil olmuşdur. Miras qoyanın vərəsələrinin dairəsi müyyən edilmiş və vərəsəlik işi açılmışdır. Xahiş edilmişdir ki, daşınmaz əmlakın təsvirinə bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair təlimatın 7-ci hissəsinə uyğun hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə arayışın verilməsini təmin edəsiniz. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********08 №-li məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, 77/75 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən, Bakı şəhəri 24 saylı notariat ofisinin 28 fevral 2025-ci il tarixli 99 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci il tarixində vəfat etmiş Gülxanım Həsən qızından miras qalmış Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 77/75 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün nəvəsi İddiaçı ərizə ilə müraciət etmişdir. Miras qoyanın Gülxanım Həsən qızının vərəsələrinin dairəsi müəyyən edilmiş və nəvəsi İddiaçı vərəsə kimi tanınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən, məhkəməyə təqdim edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əsk etdirən müayinə (baxış) aktından görünür ki, mübahisəli fərdi yaşayış evinin bir hissəsi uçulub dağıldığından(yararsız vəziyyətdə olduğundan) evdə inventarlaşdırma işləri aparılmamışdır. Bu səbəbdən də, torpaq sahəsi və ümumi sahəni qeyd etmək mümkün deyildir. Məhkəmənin müvafiq sorğusuna əsasən, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 77/75 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləri cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 77 ünvanında yerləşən fərdi yaşayış evinin sənədləri təqdim edilmişdir.

Məhkəmənin mövqeyi.

8. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

9. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

11. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.2.Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

14. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na əsasən:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr;

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;.”

16. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na əsasən: 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda;

17. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddia tələbi konkret və aydındır, yəni iddiaçının hüquqi marağı ünvan 5 saylı evin mülkiyyət hüququnun mərhum Gülxanım Həsən qızına məxsus olması barədə arayışın verilməsi tələbindən ibarətdir.

18. İşin faktiki hallarına əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi notariat qaydasında təsdiq edilmiş 08 sentyabr 1929-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Gülxanım Həsən qızı tərəfindən satın-alınmış, həmin tarixdən də sözügedən əmlakın mülkiyyətçisi olmuşdur.

19. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən müvafiq ünvanda yerləşən fərdi yaşayış evi təqdim edilmiş xx.xx.1929-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Gülxanım Həsən qızının adına qeydiyyata alınmış daha sonra isə Səbail rayon Xalq Məhkəməsinin 2-766 nömrəli, 1998-ci il tarixli qətnaməsi əsasında digər fiziki şəxs X5 adına özgəninkiləşdirilmişdir. İdarənin mütəxəsissləri tərəfindən texniki baxış keçirilən zaman fərdi yaşayış evinin bir hissəsinin sökülüb yararsız vəziyyətdə olduğu məlum olmuşdur. Bu səbəbdən də, qeyd edilən fərdi yaşayış evin yerləşməsini müəyyən etmək mümkün olmamışdır.

20. Məhkəmə cavabdeh inzibati orqanın etirazında göstərilənlərla bağlı qeyd edir ki, xx.xx.1929-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Gülxanım Həsən qızının adına qeydiyyata alınmış mülkün- daşınmaz əmlakın ünvanı ünvan 6sən qızının nəvəsi İddiaçı yaşayır, və həmin evin hər hansı bir fiziki və ya hüquqi şəxsın adına özgəninkiləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Cavabehin qeyd etdiyi Səbail rayon Xalq Məhkəməsinin 2-766 nömrəli, 1998-ci il tarixli qətnaməsi əsasında X5 adına özgəninkiləşdirilən fərdi yaşayış evinin ünvanı ünvan 7 iddiaçının hazırda mübahisələndirdiyi fərdi yaşayış evi ilə, cavabdehin bəhs etdiyi fərdi yaşayış evlərinin ünvanları ayrıdır. Belə ki, onlar qonşu fərdi yaşayış evləridir, biri digərindən ünvanlarına və hüquqi sahiblərinə görə fərqlidirlər.

21. Bundan əlavə məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq mövcuddur, iddiaçı həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır və ondan başqa həmin evdə qeydiyyatda olan şəxs yoxdur. Sözügedən fərdi yaşayış evinin kommunal xərcləri iddiaçı tərəfindən ödənilir.

22. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mərhum nənəsi Gülxanım Həsən qızına qanuni əsaslarla məxsus olmuş daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından və daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsindən imtinası iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi təmin edilməli, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum Gülxanım Həsən qızına mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həlavə edilməlidir.

26. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum Gülxanım Həsən qızına mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar