Məhkəmə qərarları › İş №2-1(112)-6042/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6042/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6042/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evi iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evi iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir Bakı ŞİH başçısının Aparatının 24 aprel 1992-ci il tarixli 611 saylı sərəncamına əsasən vətəndaşlara paylanan torpaq sahələrinin siyahısında X2 da adı qeyd edilmiş və sərəncamın icrası təmin olunaraq iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və evin texniki pasportu 18 avqust 1993-cü il tarixdə tərtib edilmişdir. 1992-ci ildən hal-hazırki vaxtadək iddiaçı Bakı ŞİH başçısının Aparatının 24 aprel 1992-ci il tarixli 611 saylı sərəncamında qeyd edilmiş torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində yaşayırlar. Lakin həmin fərdi yaşayış evinin texniki pasportu tərtib edilsə, də fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd olunan sərəncamın arxiv çıxarışını Dövlət Arxivinin Bakı Filialından alınmış və texniki pasportun təsdiq edilmiş surəti də iddiaçıya təqdim edilmişdir. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciətinə cavab olaraq 24 noyabr 2022-ci il tarixli məktubla bildirilmişdir ki, İdarənin arxivində saxlanılan İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə dair texniki pasportun hazırlnamasına əsas olmuş Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun siyahısı ilə bağlı məlumat aşkar edilməmişdir. Bundan sonra, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evinə dair texniki pasportun hazırlanmasına əsas olmuş Maştağa Tərəvəzçilik- Südçülük Sovxozunun siyahısının əldə edilməsi ilə bağlı Bakı ŞİH-ə, Dövlət Arxivinin Bakı Filialına iddiaçı müraciət etsə də, nəticəsi olmamışdır. Məktubda qeyd olunan müraciətin imtina hesab edilməməsi qeyd edildiyindən, iddiaçı təkrarən cavabdehə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin müraciətin təmin edilməsindən imtina olunmuşdur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 23.1-ci maddəsinə, İPM-in 2, 33, 35, 73-cü maddələrinə əsaslanaraq, Bakı şəhər, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda bildirilir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozunda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 28 yanvar 2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zaman müəyyən edilmişdir ki, torpaq sahəsinin faktiki sahəsi 0.1721 ha-dır. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya 15 fevral 2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.2, 10, 11, 23-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarında olan Bakı Şəhər XDS İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR Təsərrüfat Nazirliyinin müraciəti təmin olunmuş, Maştağa qəsəbəsi, tərəvəzçiliksüdçülük sovxozunda yerləşən torpaq sahələrində fərdi yaşayış evlərinin və uşaq bağçalarının layihələndirilməsinə icazə verilmişdir. İş materiallarında olan Bakı ŞİH başçısının 24 aprel 1992-ci il tarixli, 611 saylı sərəncamı ilə Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən torpaq sahələrində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi X4 ayrılmışdır. İş materiallarından görünür ki, İddiaçı ayrılmış torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair 1993-cü ildə texniki pasport tərtib edilmişdir. Texniki pasportun “Qeyd” bölməsində texniki pasportun Maştağa tərəvəzçili-südçülük sovxozunun siyahısına əsasən tərtib edildiyi göstərilmişdir. Eyni zamanda texniki pasportda torpaq sahəsinin faktiki ölçüsünün 0,1810 ha olduğu göstərilmişdir. «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1-ci bəndində (1.11) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2-ci bəndində isə (2.4) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”) daşınmaz əmlaklara, o cümlədən fərdi yaşayış evlərinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsasların dairəsini konkret müəyyən etmişdir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi” ilə bağlı olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı fərdi yaşayış evinə münasibətdə hüquqlarının yarandığını 1993-cu ilin avqust ayında tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un mövcudluğu ilə əsaslandırmışdır. Məhkəmə diqqətə çatdırır ki, Bakı şəhəri və respublikanın digər yaşayış məntəqələrində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə kommunal xidmətin yaxşılaşdırılması məqsədilə “Bakı şəhərində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 140 saylı 28 aprel 1984-cü il tarixli qərarına müvafiq olaraq Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları, o cümlədən Bakı şəhər texniki İnventarlaşdırma Bürosu eksperiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verilmişdir. 1987-ci ildən başlayaraq yerli kommunal təsərrüfatı orqanlarının tərkibində toplanmış arxiv materiallarının bazasında rayonlararası texniki inventarlaşdırma büroları yaradılmağa başlamışdır. Hazırki işdə iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, İddiaçı adına rəsmiləşdirilməsini tələb etdiyi fərdi yaşayış evi ona Bakı Şəhər XDS İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Göründüyü kimi, iddiaçıya “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u verən orqan Bakı Şəhər XDS İK-nın Texniki İnventarlaşdırma Bürosu həmin dövrdə səlahiyyətli orqan olmuşdur. Belə olan halda iddiaçı sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur. Xüsusi ilə qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 2- 1(103)-1001/2023 nömrəli 22 fevral 2023-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsi oxşar mövqeyidən çıxış edərək Bakı Şəhər XDS İK-nın Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u hüquqmüəyyənedici sənəd qismində qəbul etmiş və vətəndaşın fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı iddianı təmin etmişdir. Məhkəmə cavabdehin iddia tələbinə münasibətdə təqdim etdiyi yazılı etirazda qeyd etdiyi hal (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktik ölçüsünün 0.1721 ha təşkil etməsi) ilə bağlı bildirir ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən iddia olunan fərdi yaşayış evi 0,1810 ha torpaq sahəsində yerləşir. Nəzərə alınmalıdır ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri və hüquqmüəyyənedici sənəddə nəzərdə tutulan ölçü arasında ziddiyyətli məqamların olması hər bir halda vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki fərdi yaşayış evinin 0,1721 ha torpaq sahəsində yerləşməsi belə torpaq sahəsinin artırıldığı göstərmir, əksinə hüquqmüəyyənedici sənəddə nəzərdə tutulmuş ölçüdən az olduğuna dəlalət edir. Odur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik- Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 17-ci maddələrinin tələblərinə ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evinə İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evinə İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmaqla mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar