Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6042/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Qum adası” NQÇİ-nin “Qum adası” Bağçılıq təsərrüfatının idarə heyətinin 15 oktyabr 2002-ci il tarixli qərarına əsasən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonunun, Zığ Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyət üçün ayrılmış torpaq sahəsindən, 400 kv.m həyətyanı sahəsi olan, mərkəzi küçə, “46” saylı bağ torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları.
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Qum adası” NQÇİ-nin “Qum adası” Bağçılıq təsərrüfatının idarə heyətinin 15 oktyabr 2002-ci il tarixli qərarına əsasən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonunun, Zığ Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyət üçün ayrılmış torpaq sahəsindən, 400 kv.m həyətyanı sahəsi olan, mərkəzi küçə, “46” saylı bağ torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddianın əsaslandırılması.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 09 mart 2001-ci il tarixli, № 156 saylı Sərəncamı ilə ARDNŞ-in “Qum adası” adına Neft və Qazçıxarma İdarəsinin işçilərinə bağçılıq təsərrüfatı ücün 10 ha torpaq sahəsi ayrılmışdır. “Qum adası” NQÇİ-nin “Qum adası” Bağçılıq təsərrüfatının idarə heyətinin 15 oktyabr 2002-cı il tarixli, Qərarına əsasən İddiaçı da Suraxanı rayonu, Zığ Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən, 400 kv.m. həyətyani sahəsi olan, mərkəzi küçə, “46” saylı bağ torpaq sahəsi ona verilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” Bağçılıq təsərrüfatının idarə heyətinin 15 oktyabr 2002-cı il tarixli, Qərarına əsasən o, yəni İddiaçı ayrılmış “46” saylı bağ torpaq sahəsinin çizgi və ölçü sxemi çəkilmiş və direktorunun möhürü və imzası ilə təsdiq edilmişdir. Qeyd olunan "46” saylı bağ torpaq sahəsi həmin tarixdən bu günədək daimi istifadəsindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Suraxanı rayonu ərazisində Zığ Hövsan şossesi yağınlığında yerləşən “Qum adası” NQÇİ-nin, “Qum adası” Bağçılıq təsərrüfatının üzvü olaraq ona ayrılmış “46” saylı bağ sahəsinin üzərində mülküyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 30.11. 2023-cü il tarixli Ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin, 1 saylı Bakı Ərazi idarəsinə müraciət etdim. xx.xx.2024-cü il tarixində müraciətinə cavab olaraq bildirilmişdir ki, "Qum adası" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı arxiv qovluğunda aşkar olunmadığından təqdim edilmiş üzvülük kitabçası və protokoldan çıxarışın siyahaya uyğun olaraq verildiyi müəyyən etmək mümkün olmamışdır.
Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı):
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********69 nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı arxiv qovluğunda aşkar olunmadığından təqdim edilmiş üzvlük kitabçası və protokoldan çıxarışın siyahıya uyğun olaraq verildiyini müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi ümumi hasar daxilində yerləşməklə ümumi sahəsi 1023 kv.m təşkil edir və ümumi sahənin yol tərəfdən hasardan 29.2-26.4 metr aralı məsafədən 300 mm-lik qaz xətti keçir və ümumi sahənin bir hissəsinə 47 saylı sahə kimi X1 müraciəti olub. Elektron kadastr baza məlumatların əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıqyoldaşlığın ayrıc aktına düşmür və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçının cavabdehin etirazına münasibəti:
4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin etirazına münasibətdə göstərilmişdir ki, “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının arxiv qovluğunda aşkar olunmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır. İnzibati icraat çərçivəsində baxılan bir çox mübahisələrdə məhkəmələr inzibati orqanın bu formada verdikləri imtina əsaslarını formal əsaslar kimi qəbul edir. Yəni, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının arxiv qovluğunda aşkar olunmaması istənilən halda vətəndaşın günahi deyil. Eyni zamanda, iddiaçıda olan sənədlərin mötəbərliyini də şübhə altına almaq üçün obyektiv arqumetlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Faktiki olaraq iddiaçıda olan protokoldan çıxarış, üzvlük kitabçası ləğv olunmadığından və geri çağırılmadığından, hazırda da qüvvədə olduğundan, həmin sənədlər iddiaçıya bağ sahəsi üzərində hüquqlarının qeydiyyatına əsas verir. Torpaq sahəsinin yol tərəfdən hasardan 29.2-26.4 metr aralı məsafədən 300 mm-lik qaz xəttinin keçməsinə münasibətdə bildirilməlidir ki, hətta torpaq sahəsinin yol tərəfindən qaz xətti keçsə belə bu növ imtinalar üzrə artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-1364/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xəttinin keçməsinin torpağa mülkiyyət hüquqlarının qeydiyyata alınmasına heç bir maneçilik törətməməsi halına istinad edərək qeyd edir ki, cavabdehin qaz xətti ilə bağlı dəlili əsassızdır. Belə ki, qaz xəttinin mövcudluğunun mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olmasına dair qanunvericilikdə hər hansı imperativ norma mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-2016/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, torpaq sahəsinin 80 kv.m. hissəsinin qaz xəttinin mühafizə zolağına düşməsi barədə kassasiya şikayətinin dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla cavabdehə həmin halları təsdiq edən sübutlar təqdim etməmişdir. Digər tərəfdən, qeyd edilən halların mövcudluğu iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə təşkil edə bilməz. Torpaq sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktına düşməsinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsinə münasibətdə isə qeyd olunmalıdır ki, bu hal özü-özlüyündə hazırki iddia tələbinin təminini istisna etməməlidir. İlk növbədə ona görə ki, iddiaçıya ayrılmış torpaq (bağ) sahəsi məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindən ayrılmasıdır. Yəni, iddiaçının bağçılıq üzvlüyünə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasını həyata keçirən aidiyyəti İdarə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan İdarə olmuşdur. Başqa sözlə desək, hətta torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla bağçılıq-yoldaşlıq təsərrüfatında ayrılmış ərazilərin hüdudları xaricində yerləşsə də, bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına aid deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2034/2022 saylı iş üzrə qəbul etdiyi 13 dekabr 2022-ci il tarixli qərarından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 5 iyul 2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İlham Qurbanovun adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və avtomobil yolunun mühafizə zolağında yerləşir. Bundan əlavə, bölgü sxemi təqdim olunmadığı üçün bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamış, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə kollegiyası isə hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq təqdim edilmiş “Bahar” bağçılıq yoldaşlığına dair arxiv qovluğunda yalnız 15 dekabr 1985-ci ildə tərtib edilmiş ilkin adlı siyahı mövcuddur və həmin siyahıda iddiaçının adının olması qeyrimümkündür, belə ki, X4 25a saylı bağ sahəsi “Qum Adası” NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığının xx.xx.1992-ci il tarixli protokoluna əsasən ayrılmış və ona xx.xx.1992-ci il tarixdə həmin bağ sahəsinə dair 107 nömrəli üzvlük bileti verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə razılaşır və həmçinin nəzərə alır ki, iddia olunan bağın aid olduğu torpaq sahəsi “Qum adası” NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığı üzvlərinin, deməli həm də “Qum adası” NQÇİnin işçilərinin tələbatının ödənilməsi üçün həmin müəssisənin balansında olan torpaq sahəsindən ayrılmışdır. Başqa sözlə, bağların yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid olduğu halda belə, bu, vəziyyəti iddiaçının zərərinə dəyişmir. Yuxarı instansiya məhkəməsinin qərarından da göründüyü kimi analoji imtina əsaslarına dair məhkəmə kollegiyasının mövqeyi iddianın təmin edilməli olması istiqamətində olmuşdur. Ümumi sahənin bir hissəsinə 47 saylı sahə kimi X1 müraciətinin olunmasına münasibətə isə qeyd olunmalıdır ki, X3 hətta “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olsa da, onun müraciəti 47 saylı bağ sahəsinə dair olmuşdur. Yəni faktiki olaraq 46 və 47 nömrəli bağ sahələri sənədlər üzrə də fərqlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Qanunvericiliyin normalarına görə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Bu səbəbdən də hesab olunur ki, cavabdehin imtinası düzgün olmamışdır.
Tərəflərin iştirakı və izahatları:
5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar:
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum adası” adına neft və qazçıxarma idarəsinin xx.xx.2000-ci il tarixli, 01-7/513 nömrəli məktubu nəzərə alınmaqla, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum” adası adına neft və qazçıxarma idarəsinə kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün 10 ha torpaq sahəsi icarəyə verilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 15 oktyabr 2002-ci il tarixli 01 saylı protokolundan çıxarışa əsasən, Bakı şəhər İcra Hakimiyyəti tərəfinjdən xx.xx.2001-ci il tarixli 156 saylı sərəncamla Suraxanı rayonun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.m sahəsi olan m/k küçə 46 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə X5 ayrılmışdır. “Qum adası” NQÇİ-nin bağçılıq yoldaşlıq cəmiyyətinin bağlar sahəsinin eskizindən çıxarış bağçılıq-yoldaşlıq cəmiyyətinin idarə heyyətinin sədri tərəfindən təsdiq edilmişdir. Dövlət Neft Şirkəti “Azneft” İstehsalat birliyi “Qum adası” NQÇİ Həmkarlar İttifaqı Komitəsinin Bağçılıq-yoldaşlıq cəmiyyətinin arayışından görünür ki, İddiaçı 15 oktyabr 2002-ci il tarixdən “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 15 oktyabr 2002-ci il tarixdən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı arxiv qovluğunda aşkar olunmadığından təqdim edilmiş üzvlük kitabçası və protokoldan çıxarışın siyahıya uyğun olaraq verildiyi müəyyən etmək mümkün olmamışdır. İddiaçı əlavə olaraq məhkəməyə istifadəsinə ayrılmış torpaq sahəsini ayrıc aktını və “Qum adası” Neft Qaz çıxarma idarəsinin nizamnaməsini məhkəməyə təqdim etmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-29782/2024 **********82 nömrəli cavab məktubu ilə “Qum adası” bağçılıq yoldaşlığın arxiv qovluğunda mövcud olan müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, sahədə tikili yoxdur, ümumi sahənin yol tərəfdən hasardan 29.2-26.3 metr aralı məsafədən 300 mm-lik qaz xətti keçir, ümumi sahənin və ümumi sahədən şərti olaraq göstərilən 400.0 kv.m sahənin koordinatları əlavə edilmişdir.
Məhkəmənin mövqeyi.
9. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:
10. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.
11. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
- 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
-55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1 daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.
14. İşin faktiki hallarına əsasən iddiaçı “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıqyoldaşlıq cəmiyyətinə üzv qəbul edilmiş, ona 46 nömrəli bağ səhəsi istifadə etmək üçün verilmişdir, bu barədə bağçılıq cəmiyyətin üzvlərinin iclasının 15 oktyabr 2002-ci il tarixli, 01 nömrəli protokoldan çıxarış və bağçının üzvlük kitabçası mövcuddur.
15. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur.
16. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir.
17. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillərə (bağçılıq yoldaşlığının üzvlərinin siyahısında adının aşkar olunmaması) gəldikdə məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır.
18. Belə ki, işdə olan sənədlər “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv olmasına dair üzvlük kitabçası, 15 oktyabr 2002-ci il tarixli, 01 nömrəli protokoldan çıxarışı İddiaçı Bakı şəhəri, Suraxanı rayonunun, Zığ Hövsan şossesi yaxınlığında, 400 kv.m həyətyanı sahəsi olan, mərkəzi küçə, “46” saylı bağ torpaq sahəsinə dair hüquqlarını təsdiq edir.
19. Yuxarıda sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır.
20. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş həmin bağçılıq yoldaşlığı idarə heyətinin yığıncağının iddiaçıya verilmiş olduğu protokoldan çıxarış Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokoldan çıxarış hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin protokoldan çıxarış iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir.
21. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qüvvədədir. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbindən də göründüyü kimi İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə həmin maddənin tələblərini nəzərə almadan formal imtina əsası ilə çıxış etmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.
22. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
23. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.
24. Qeyd olunmalıdır ki, vahid məhkəmə təcrübəsinə görə “şəxsin adının bağçılıq təsərrüfatının üzvlərinin siyahısında olmaması” cavabdehin dəlilinə münasibətdə də hüquqi mövqeyi vətəndaşın xeyrinə olmuşdur.
25. Belə ki, Ali Məhkəmənin 2-1(102)-726/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli, qərarında bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməməsi barədə imtina əsası qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir.
26. Ali Məhkəmə 2-1(102)-2260/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2-1 (102)-2016/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, həmçinin 2-1(102)- 321/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020- ci il tarixli qərarlarında oxşar mövqedən çıxış etmişdir.
27. Məhkəmə kassasiya instansiya məhkəməsinin öz qərarlarında nümayiş etdirdiyi mövqeyini hazırki işin faktiki halları ilə birgə təhlil edərək hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi həmin halı formal xarakter daşıdığını və iddiaçının gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirir.
28. Cavabdehin imtina əsasının digər hissəsi - torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla bağçılıq-yoldaşlıq təsərrüfatında ayrılmış ərazilərin hüdudları xaricində yerləşməsidir.
29. Məhkəmə bununla bağlı münasibətdə hesab edir ki, həmin əsas hazırki iddia tələbinin təmin edilməsini istisna etmir. Belə ki, ilk növbədə ona görə ki, iddiaçıya ayrılmış torpaq (bağ) sahəsi məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindən ayrılmasıdır. Yəni, iddiaçının bağçılıq üzvlüyünə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasını həyata keçirən aidiyyəti İdarə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan İdarə olmuşdur. Başqa sözlə desək, hətta torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla bağçılıq-yoldaşlıq təsərrüfatında ayrılmış ərazilərin hüdudları xaricində yerləşsə də, bu hal iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına aid deyil.
30. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)- 1416/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022 tarixli qərarında mövqe aşagıdakı kimi bildirilmişdir: “Qum Adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 3 oktyabr 1994-cü il tarixli, 1 saylı qərarı ilə 1200 kv.m ölçüdə blok “A” 50 saylı bağ sahəsinin iddiaçının daimi istifadəsinə verildiyi, eyni zamanda “Bahar” bağçılıq- yoldaşlıq təsərrüfatının 30 oktyabr 1994-cü il tarixli üzvlük kitabçasının iddiaçıya təqdim edildiyi iş üzrə materiallarla təsdiq olunur. Həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmələr tərəfindən müəyyən olunmadığı, eləcə də cavabdeh və üçüncü şəxs tərəfindən də həmin şənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmadığı üçün, qeyd edilən sənədlər mötəbərlik prezumpsiyası prinsipi baxımından mötəbər sayılmalı və qeydiyyat üçün əsas qismində qiymətləndirilməlidir. Bundan başqa, iş üzrə materiallardan görünür ki, bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına və bunun üzərindən də həmin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan iddiaçıya səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. İddiaçıya bağ torpaq sahəsinin ayrılması barədə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş və məhkəmələr tərəfindən mötəbər sayılmış protokoldan müvafiq çıxarış, eyni zamanda “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının 30 oktyabr 1994- cü il tarixli üzvlük kitabçası iş materiallarına əlavə edilmişdir.”
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2034/2022 saylı iş üzrə qəbul etdiyi 13 dekabr 2022-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “iddia olunan bağın aid olduğu torpaq sahəsi “Qum adası” NQÇİ-nin “Bahar” bağçılıq yoldaşlığı üzvlərinin, deməli həm də "Qum adası” NQÇİ-nin işçilərinin tələbatının ödənilməsi üçün həmin müəssisənin balansında olan torpaq sahəsindən ayrılmışdır; başqa sözlə, bağların yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid olduğu halda belə, bu, vəziyyəti iddiaçının zərərinə dəyişmir.”
32. Nəzərə alınmalıdır ki torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
33. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə,, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
34. Hazırkı mübahisəyə münasibətdə işin hallarından görünür ki, iddiaçıya mübahisəli torpaq sahəsi müvafiq protokoldan çıxarışa və üzvlük kitabçasına əsasən, bağ təsərrüfatının idarə edilməsinə məsul olan qurum tərəfindən ayrılmışdır. Həmin sənədlər qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin protokoldan çıxarış və üzvlük kitabçası hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.
35. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir.
36. Bu mənada məhkəmə xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından davamlı imtina olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna fiziki (hüquqi) şəxslərin inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
37. Cavabdehin etirazının digər dəlili- ümumi sahənin yol tərəfdən hasardan 29.2- 26.4 metr aralı məsafədən 300 mm-lik qaz xətti keçməsidir. Bunula bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir (2-ci bənd). Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.(3-cü bənd )
38. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu ilin 21 iyun 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları ”nın 2.8. –ci bəndinə əsasən, boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir.
39. Göründüyü kimi, torpaq sahəsinin qaz boru kəmərinin mühafizə zonasında yerləşməsi, torpaq sahəsi üzrə istifadə, mülkiyyət, icarə hüquqlarının mövcud olmasını istisna etmir, bu torpaqlardan istifadəsi qanunvericiliyinin tələblərinə məcbur əməl edilməklə həyata keçirilir.
40. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
41. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.
42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “Qum adası” NQÇİ-nin “Qum adası” Bağçılıq təsərrüfatının idarə heyətinin 15 oktyabr 2002-ci il tarixli qərarına əsasən iddiaçıya Bakı şəhəri, Suraxanı rayonunun, Zığ Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyət üçün ayrılmış torpaq sahəsindən, 400 kv.m həyətyanı sahəsi olan, mərkəzi küçə, “46” saylı bağ torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həlavə edilməlidir.
45. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. “Qum adası” NQÇİ-nin “Qum adası” Bağçılıq təsərrüfatının idarə heyətinin 15 oktyabr 2002-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonunun, Zığ Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyət üçün ayrılmış torpaq sahəsindən, 400 kv.m həyətyanı sahəsi olan, mərkəzi küçə, “46” saylı bağ torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova