Məhkəmə qərarları › İş №2-1(112)-6042/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6042/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6042/2025 12.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 23 dekabr 2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən X4 ona məxsus Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi 42-də yerləşən, ümumi sahəsi 70,0 kv.m, yaşayış sahəsi -42,0 kv.m olan 4/dörd/ otaqdan ibarət yaşayış evini iddiaçı X1. 23 dekabr 2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən X4 ona məxsus Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi 42-də yerləşən, yaşayış sahəsi -34,0 kv.m olan 3/üç/ otaqdan ibarət yaşayış evini X1. 23 dekabr 2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən X4 ona məxsus Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi 46-da yerləşən, ümumi sahəsi 52,3 kv.m., yaşayış sahəsi -34,0 kv.m olan 3/üç/ otaqdan ibarət yaşayış evini X1. 28 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,3 kv/m, yaşayış sahəsi 34 kv/m, yardımçı sahəsi 18,3 kv/m olan 3 otaqlı mənzili iddiaçıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanda ümumi sahəsi 52,30 kv.metr olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. 20 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52 kv/m, yaşayış sahəsi 34 kv/m olan 3 otaqlı mənzili iddiaçıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanda ümumi sahəsi 70 kv.metr olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanda olan ümumi sahəsi 52 kv.metr olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı tərəfindən qeyd olunan fərdi yaşayış evləri sökülmüş və yeni evin layihəsi hazırlanaraq iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinə göndərilmişdir. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu ilə layihə icra hakimiyyəti tərəfindən razılaşdırılmışdır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi ünvanında inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…ərizədə qeyd edilən sökülmüş mənzillərin sökülməsinə dair tikintiyə icazə verən orqan (qurum) tərəfindən verilmiş icazə sənədi, həmçinin yeni inşa edilmiş fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan mənzillərin qeydiyyat nömrələri: **********, **********, ********** dair dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və həmin mənzillərin yerində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən və 3 ev olmuş və həmin evlərə dair DƏDRX tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli xx.xx.2021-ci il tarixli və ********** nömrəli xx.xx.2021-ci il tarixli çıxarışlar əsasında onun mülkiyyətində olmuşdur. Həmin evlər təqribən 70 il öncə inşa edildiyindən yararsiz hala düşərək dağılıb sökülmüşdir və yerində yeni ev inşa edilmişdir. Həmin ev Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq Xətai rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış və təsdiqlənmiş memarlıqplanlaşdırma layihəsi əsasında yenidən inşa edilmişdir. Beləliklə, yuxarida qeyd etdiyi sənədləri toplayaraq yaşayiş evinin vahid əmlak olaraq hüquqlarımi dövlət qeydiyyatina almaq məqsədi ilə DƏDRX-nin 1 sayli Bakı Ərazi İdarəsinə müraciət etdim və müraciətim qeydiyyata alınmışdır. Lakin 2 (iki) aydan artıq zaman keçdiyinə baxmayaraq inzibati orqan onun müraciətinə cavab verməyib ki, bu halda qanunla müiyyən edilmiş müddətin keçməsi anlamına gəldiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranır.Yaranmış vəziyyətdə hüquqlarını müdafiə etmək məqsədi ilə hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq,hesab edir ki, cavabdehin hərəkətləri və faktiki hərəkətsizliyi sadəcə məqsədli şəkildə qanunsuz imtina kimi qiymətləndirilməlidir. Ona məxsus ev fərdi yaşayış evidir və yerli İHidə bunu belə qəbul edərək müvafiq sərəncamla yaşayış evinin yenidən tikilməsi barədə sərəncam verib. Cavabdehin etirazları: Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə ünvan 5 ünvanda yerləşən 70,0 kv.m, 52,30 kv.metr və 52 kv.metr üç yaşayış sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı tərəfindən qeyd olunan fərdi yaşayış evləri sökülmüş və yeni evin layihəsi hazırlanaraq iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinə göndərilmiş və icra hakimyyəti tərəfindən layihə razılaşdırılmışdır. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı, **********, **********, ********** dair dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və həmin mənzillərin yerində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququnu qeydə almağa yönəlmişdir. Cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirir ki, sökülmüş mənzillərin sökülməsinə dair tikintiyə icazə verən orqan (qurum) tərəfindən verilmiş icazə sənədi, həmçinin yeni inşa edilmiş fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.-cı maddəsinə əsasən aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2.1. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, onun təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlər (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) üzərində hüquqları yaranır. Hazırkı işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçının istifadəsində olan yaşayış sahələri mənzil adlansa da, faktiki olaraq fərdi yaşayış sahələri olmuş, digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət, tikililər olmuşdur. Belə ki, işin yuxarıda göstərilən faktiki hallarından da göründüyü kimi faktiki olaraq mənzil hesab edilməyən fərdi yaşayış evlərinin mülkiyyətçisi kimi evlərin köhnə olması səbəbindən sökülməsi və yenidən inşa edilməsi barədə səlahiyyətli yerli icra hakimiyyəti orqanına müraciət etmiş, fərdi yaşayış evi xüsusiyyətlərinə malik daşınmaz əmlakın eskiz layihəsi təsdiq edilərək səlahiyyətli yerli icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış, fərdi yaşayış evinin yenidən qurulması barədə sərəncam qəbul edilmişdir. Məhkəmə hesab edir ki, mənzil kimi qeyd edilən faktıkı olaraq fərdi yaşayış evi xüsusiyyətinə malik əvvəlki tikililərin torpaq sahəsinə münasibətdə qanuni istifadə səlahiyyətinə malik iddiaçı həmin torpaq sahəsi daxilində yeni fərdi yaşayış evinin tikilməsi ilə əlaqədar səlahiyyətli orqan tərəfindən verilmiş sərəncam əsasında mülkiyyət hüquqlarının düzgün olaraq fərdi yaşayış evi kimi qeydiyyata alınmasını xahiş etmişdir ki, həmin iddia qanuni və əsaslıdır. Qeyd olunmalıdır ki, iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlak torpaq sahəsindən təcrid olunmuş, ayrıca giriş-çıxışlı vəziyyətdə olmuş, bununla da hazırki mərhələdə mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyətdə olmadığını, əksinə təcrid olunmuş tikili olduğundan, yalnız iddiaçının faktiki sahibliyində və istifadəsində olduğunun göstəricisidir. Oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxsin həmin mənzil və onun yerləşdiyi torpaq sahəsinin üzərində hüquqlarının yaranması müəyyən olunur. Əlbətdə, bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin 2-1(102)-3003/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mənzil hesab edilməsi üçün onun çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanı olmalıdır, xxxx 2018-ci il tarixli texniki pasporta görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X1 küçəsi, ev 38, mənzil 1-də yerləşən 1 mərtəbəli yaşayış sahəsi hər hansı bir çoxmənzilli binanın tərkibində olmamaqla yanaşı, ayrıca tikili olan fərdi yaşayış evi kimi inşa olunmuş, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətindən imtina etmiş, qeyd olunan mənzildə yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının istifadəsində olmuş, buna dair sərəncam, texniki pasport iş materiallarına əlavə edilmişdir. Ali Məhkəmənin 2-1(102)-1601/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı bəyan edir ki, onun mülkiyyətində olan mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Başqa sözlə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. Ali Məhkəmənin 2-1(102)-42/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsi müvafiq sənədlərdə mənzil kimi qeyd olunsa da, əslində həm işə əlavə olunmuş sənədlərdən, həm işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından, həm də mənzilin və onun yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətindən görünür ki, üzərində hüququn qeydiyyata alınmasının tələb olunduğu torpaq sahəsində əlahiddə olaraq yalnız həmin mənzil mövcuddur və həmin mənzil təcrid olunmuş ayrıca fərdi yaşayış evidir. Həmin ünvanda hər hansı başqa mənzilin, yaşayış sahəsinin mövcud olduğu iş üzrə materiallardan görünmür. Cavabdeh tərəfindən də belə bir halın mövcudluğuna istinad edilməmiş və bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Mənzilin çoxmənzilli evdə müstəqil yaşayış sahəsinə və ayrıca girişə malik olduğu, bir və ya bir neçə otaqdan və müxtəlif təyinatlı yardımçı sahələrdən ibarət olduğu da nəzərə alındıqda, istinad olunan sənədlərdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin mənzil kimi qeyd olunmasına rəğmən, həmin mənzil hazırkı mübahisəyə münasibətdə fərdi yaşayış evi kimi qiymətləndirilməli və qəbul edilməlidir. Ali Məhkəmənin 2-1(102)-2788/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli qərarında qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi işin materiallarına, o cümlədən, mütəxəssis rəyinə istinadla haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fəri yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən yaşayış sahəsi çoxmənzilli binada yerləşmir. Başqa sözlə, həmin yaşayış sahəsi Mənzil Məcəlləsinin 13.3cü maddəsinin deyil, yaşayış evinə aid edilən 13.2-ci maddəsinin tələblərinə uyğundur. Ali Məhkəmənin 2-1(102)-293/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-931/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cü il tarixli qərarında oxşar mövqedən çıxış etmişdir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək hesab edir ki, tikili mənzil yox, fərdi yaşayış sahəsi olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mənzil kimi qeyd edilməsinə baxmayaraq hal-hazırda əmlak naturada fərdi yaşayış evi olmuşdur. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak istər söküntüdən əvvəl və sərəncam əsasında söküntüdən sonra torpaq sahəsindən təcrid olunmuş, ayrıca giriş-çıxışlı vəziyyətdə olmuş, bununla da əmlakı xidməti təyinatının mənzil yox, məhz fərdi yaşayış evi olması müvafiq olaraq təsdiq olunmuşdur. Məhkəmə mövcud olan vahid məhkəmə təcrübəsini qüvvədə olan qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyindən mənzil kimi qeydiyyatın aparılması qanunvericiliyin tələblərinə uyğun olmamış, fərdi yaşayış evi kimi aparılmalı olan qeydiyyat düzgün olmayaraq mənzil formasında aparılmışdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin onu da nəzərə alır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçının mülkiyyətində olmuş mənzillərin arxiv qovluğundan müəyyən edilir ki, həmin mənzillərin ilkin alqı-satqı müqavilələrində daşınma əmlaklar mənzil kimi deyil, yaşayış evi kimi göstərilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 68-69 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı mülkiyyətində qeydiyyat nömrələri: **********, **********, ********** olan mənzillərə dair dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və həmin mənzillərin yerində ina edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar