Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6044/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qərarın ləğv edilməsi və iddiaçıların piket keçirilməsinə icazə verilməsinə dair inzibati akt qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılsa da, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 Bakı şəhər İcra Hakimiyyətinə aşağıdakı məzmunda 29.12.2021-ci il tarixli məktub ünvanlanmışlar: Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikası Konstitusiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulmuş və "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası qanununun 1-5-ci və digər müvafiq maddələri ilə verilmiş hüquqlardan istifadə etməklə, 11 yanvar 2022-ci il tarixdə saat 12:00-dan başlamaqla 13:00-dək "Uşaqların səhhəti dövlət nəzarətinə alınsın", "Hər bir uşağa 500 manat müavinət verilsin" şüarları ilə Bakı şəhəri "Nizami" metrostansiyası yaxınlığında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında Piket keçirməyi planlaşdırırıq. Piketdə 50 nəfərin iştirakı gözlənilir. Diqqətinizə çatdırırıq ki, piket keçirmək istədiyimiz yerdə nəqliyyatın və əhalinin intensiv hərəkəti yoxdur. Piket keçirildiyi müddətdə digər vətəndaşların sərbəst hərəkətinə və nəqliyyat vasitələrinin iş ahənginə heç bir ciddi problem yaradılmayacaq. "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə müvafiq olaraq, aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış, təşkilatçıların müraciəti ilə bağlı cavab verilməsini və piket iştirakçılarının təhlükəsizliyinin təmin edilməsini xahiş edirik. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 11 yanvar 2022-ci il tarixində keçirilməsi planlaşdırılan piketin təşkilatçıları İddiaçı2 və İddiaçı1 ünvanlanmış 07.01.2022-ci il tarixli məktubda qeyd edilir: Sizin piket keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığınız 06.01.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi tətbiq edilmiş və bu müddət 1 mart 2022-ci il tarixinədək uzadılmışdır. Eyni zamanda bildiririk ki, "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azerbaycan Respublikası Nazirlər Kabinetinin 336 nömrəli, 12 sentyabr 2020-ci il tarixli Qərarına əsasən respublika ərazisində xüsusi karantin rejimi müddətində bütün kütləvi tədbirlərin keçirilməsi dayandırılmışdır. Toplantı keçirilməsi haqqında müraciətinizə cavab olaraq bildiririk ki, müraciətiniz «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İ hissəsinin və 7-ci maddəsinin İ hissəsinin tələblərinə cavab vermir. Yuxarıda qeyd olunanları, eyni zamanda mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, Respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, 11 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında planlaşdırdığınız piketin keçirilməsini məqsədəuyğun hesab etmirik. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. 6-cı maddəsinin İ hissəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 22 dekabr 2021-ci il tarixli 400 nömrəli Qərarının 1-ci bəndinə əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022ci il 1 mart saat 06:00-dək uzadılmışdır. Həmin Qərarın 2-ci bəndinə əsasən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.1-ci bəndində “1 yanvar” sözləri “1 mart” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 1 mart 2022-ci il tarixədək qüvvədə olan 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2022-ci il 1 mart saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci bəndi nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: 1.1.5. bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinin dayandırılması (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla). Göründüyü kimi, cavabdeh inzibati orqan Bakı ŞİH tərəfindən hazırkı iddiaçıların “toplantı keçirilməsi barədə xəbərdarlıq”ına baxılmış, lakin mövcud epidemioloji vəziyyət, yəni ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyi nəzərə alınaraq, şəhərin müvafiq ərazisində planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun sayılmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə ki, aidiyyəti səlahiyyətli qurum (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-6044/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6044/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver